Oxumayan gəncin axırı

Bir vaxtlar Zığ qəsəbəsində həyət evində mənzil kirayələmişdim.

Bizdən aralıda bir qaçqın qadın binanın küncündə özünə meyvə-tərəvəz dükanı düzəltmişdi. Həyətə hərdən meyvə-tərəvəz gətirib, ucuz satmaq istəyən rayon maşınlarını daşa basır, sürücünü söyüb biabır eləyirdi. O arvadın qorxusundan heç kim oralara satlıq mal gətirmirdi.

Yağmurlu günlərdə başının üstünə klyonkadan-zaddan tutub alverində olardı. İki azyaşlı oğlu da ona kömək eləyərdi. Onun uşaqları həmişə səliqəsiz və pinti görünərdilər. Bildiyim o idi ki, bu uşaqlar ibtidai sinifdən sonra məktəbə getmir, elə arvadın böyür-başında fırlanırdılar. Qarabağın üstündən qar yağıb illər keçdikcə yeniyetmələr gözümüzün qabağındaca böyüyürdü. Hərdən böyük qardaş anasını əvəz eləyir, tərəzidə mal çəkib, pul almağı öyrənirdi. Onlar tay-tuşlarından bir az gövdəli olmaqla fərqlənirdilər. Soyuq günlərdə mal satanda qardaşların ikisi də sulanan burunlarını qollarına silərdilər.

Qəzetlərdə yazdığımı bilirdilər, şəklimi görmüşdülər, ona görə mənə “məllim” deyirdilər. Mənimlə böyük qardaş çox maraqlanır, hərdən soruşurdu: “Məllim, yenə yazırsan?” Mən də cavab verirdim ki, qağa, neyniyək, yazırıq dəə. Təzədən soruşurdu: “Məllim, mən ölüm, nədən yazırsan?”
Bir kələm alana qədər zəhləmi aparırdı. Bilirdim ki, qəzetdə şəklimi görsə də, yazdıqlarımı oxuya bilmir, hecalayıb oxusa da, nədən və nə üçün yazdığımı başa düşməz. Çünki bu adam sadə bir cümlə quraşdırıb deməyə çətinlik çəkirdi. Gözüm görə-görə tərəzidə az çəkər, dartdığı tərəzinin cızıqlarını gözümə soxardı: “Baaax, məllim, iki kilo yarımdı”. Mən də deyirdim, əşi, bəri ver, düz olar.
Yazılarımı oxumasa da, yanından aralananda arxamca qışqırardı: “Sənnən fəxr eləyirik ee, qonşu!”

Dükanın yanından keçməyə peşman idim, guya mənim çaşka-loşka yoldaşımdı, uzaqdan qışqırardı: “Məllim, yaxşı pomidor-xiyarımız var”. Mən də əlimi yelləyib aralanardım. O da əllərini bir-birinə sürtüb ayaqlarını yerə döyəcləyər, hırıldayardı. Bilirdi ki, mən evdən çıxıb üzü şəhərə gedirəm, bir şey alası deyiləm, yenə dili dinc durmurdu.

Bir gün həmin böyük qardaşı metroda gördüm. Basabas idi, düz qapının ağzında dayanmışdı, nə çıxana yol verirdi, nə minənə. Ondan bir az aralıdaydım, özümü göstərmək istəmirdim. Hər dayanacaqda girib-çıxanlarla mübarizəsini aparırdı. Çölə çıxıb camaata yol vermək heç ağlının ucundan da keçmirdi. İnsafla deməliyəm ki, üzünü qırxmışdı, xeyli səliqəli görünürdü. Artıq böyüyüb cavan oğlan olmuşdu. Qara, gur saçlarına jele sürtmüşdü, bəli, kimin kor qızından əskikdi ki? Əynində qara kostyum vardı, köynəyi də pis deyildi. Bıy, əə, bu, qalstuk da vurub boğazına, zarafatsız!
Allah eləyə, məni görməyə, görsə, batmışam! Görsə gəlib o qədər danışacaq ki! Özü də yaman gopbazdı. Cavanlıqda biz də gop eləmişik, ta bununku qədər yox!

Dükanda boşluq olanda balaca uşaqları başına yığıb, goplayardı. Həmişə də davalı goplar eləyirdi. Demək, hansısa toyda qız üstündə dalaşırlar, yerli uşaqlar bunun üstünə düşür. Onlar gah dörd nəfər olurdular, gah altı nəfər. Həmişə də bu gənc dostum onları döyürdü: “Birinə bircə dənə kəllə qoydum, mament, uzandı”. Axırda mütləq biri bıçaq çıxarır, bu da atılıb cəld bıçağı onun əlindən alır və uzağa vızıldadır. “Dedim, əə, kişisinizsə, yumruqnan gəlin üstümə!” Həmişə hamısını “döyürdü”.
Hə, stansiyaların birində düşüb aralanırdım ki, arxamca çatdı: “Məllim, məllim!”

Nə isə, görüşdük. Barmağında iri qızıl üzük vardı. Birdən mənə nə desə yaxşıdı? “Məllim, isdiyirəm mən də jurnaliz olam”. Dedim, niyə olmursan ki, jurnalistlər səndən artıq oğlandı?! Ancaq jurnalist olmaq üçün gərək məqalə-zad yazasan. Dedi, əşi, yazmağa nə var, bala-bala öyrənəjəm dana...
Nə isə, ondan canımı birtəhər qurtardım.

Aradan, hardasa bir il keçmiş olardı, gördüm, dostum həyətdə bir ağ xarici maşın yuyur. Məni görən kimi gülümsəyərək: “Məllim, niyə mübarək demirsən?” – söylədi. Mən də tezcə “Baaa, mübarəkdi, mübarəkdi!” - dedim.

Bir gün yenə gördüm əlindəki bahalı telefonla kiminləsə bərkdən danışır: “Öyrən gör, onun tonu Türkiyədə neçəyə çıxır!”
Günlərin bir günü qonşuluqda dedilər, böyük qardaşa nişan aparacaqlar. Onların həyəti tərəfdə xeyli maşın dayanmışdı. Sonralar eşitdim ki, qəhrəmanımız hansısa universitet bitirmiş bir gənc müəllimə ilə evlənib. (azvision.az)