Nə qədər qəribə olsa da qonşularımız heç yadlarına belə salmadılar ki, məhz bu kəmərlərin sayəsində Gürcüstan təkcə özünün sosial deyil, həm də enerji problemlərini həll edib Nə qədər qəribə olsa da qonşularımız heç yadlarına belə salmadılar ki, məhz bu kəmərlərin sayəsində Gürcüstan təkcə özünün sosial deyil, həm də enerji problemlərini həll edib

Bakı və Tiflis bu fürsəti heç kimə verməyəcək...

Nə qədər qəribə olsa da qonşularımız heç yadlarına belə salmadılar ki, məhz bu kəmərlərin sayəsində Gürcüstan təkcə özünün sosial deyil, həm də enerji problemlərini həll edib

Keşikçidağ ətrafındakı ehtiraslar nəinki səngimir, hətta günbəgün yeni çalarlar alır – ictimai gərginlik artır, elə şüarlar və çağırışlar səslənir ki, onlar Azərbaycan- Gürcüstan münasibətləri üçün elə də xarakterik deyil.

Ən qəribə, hətta ilk baxışda izaholunmaz detal isə budur ki, bütün mütərəqqi dünyada hesab olunur ki, din xadimləri və yaxud mədəniyyət təmsilçiləri insanlara barış və mehribançılıq aşılamalı, bəzən rəsmi diplomatiyanın və siyasətin qarşısında aciz qaldığı gərginləşmə meyllərini dayandırmalı və cəmiyyətlər arasında sülh yaratmağa çalışmalıdırlar – məhz bu amilə görə belə fərz olunur ki, xalq və yaxud da Qərbdə deyildiyi kimi, çoxplanlı diplomatiya bir çox hallarda ənənəvi diplomatiyadan daha effektli olur.

Amma təəssüf ki, Keşikçidağın ətrafında biz bunun əksini görürük – qonşu Gürcüstanda müxtəlif ictimai institutların təmsilçiləri şəraiti bir az da gərginləşdirməyə çalışır və yerli siyasətçilərdən də belə emosionallıq və “qaynar reaksiya” tələb edirlər.

Bu günlər ərzində qonşu Gürcüstanda hansı şüarlar səslənmədi? Hətta bizim “yadımıza saldılar” ki, Azərbaycanın neft və qaz kəmərləri onların ərazisindən keçir!..

Nə qədər qəribə olsa da qonşularımız heç yadlarına belə salmadılar ki, məhz bu kəmərlərin sayəsində Gürcüstan təkcə özünün sosial deyil, həm də enerji problemlərini həll edibdir, üstəlik də onların hesabına bölgənin mühüm tranizit qovşağına çevrilibdir.

Keşikçidağ əlbəttə, ilk növbədə dini-tarixi kompleksdir. Amma Gürcüstanın din xadimləri də heç xatırlamadılar ki, ölkənin bütün kilsə və məbədləri (özü də təkcə gürcü yox, həm də erməni kilsələri) məhz pulsuz –ödənişsiz Azərbaycan qazı hesabına qızdırılır.

Burada təkrarən bu illər ərzində Azərbaycanın Gürcüstan üçün nə etdiyini xatırlatmaq istəmirik – bunlar hamıya məlum faktlardır və bəlkə də dünyanın ən unutqan adamı olmalısan ki, bunun üstündən xətt çəkib tamam inkar edəsən.

Amma çox təəssüf, qardaş Gürcüstanda belələri də az deyil, hansılar ki, bu və ya digər şovinist motivlərdən iki ölkənin münasibətlərindəki bütün yaxşı və unudulmaz nə varsa, hamısının üstündən xətt çəkməyə hazırdır.

Əlbəttə, bütün bu gərgin və çətin illər ərzində - Azərbaycan özünün enerji və tranzit layihələrini reallaşdırmağa çalışarkən qonşu Gürcüstan da tamam əllərini yanına salıb oturmamışdı, onlar da qismən olsa da, mümkün riskləri bölüşmüş və layihələrin gerçəkləşməsinə öz töhfələrini vermişlər.

Amma elə o zamanlar da Gürcüstanın ictimai təşkilatları – QHT-ləri əsasən bu layihələrdən maksimum dərəcədə faydalanmağa çalışır, hay-küy salırdılar ki, guya neft və qaz kəmərləri ölkənin ekologiyasına çox böyük ziyan vururlar, hətta belə bir detalı da unudurdular ki, ən əvvəlcə insanlar – uşaqlar, qadınlar və qocalar haqqında, onlar üçün əvvəlcə bir parça çörək və isti ocaq təmin etmək haqqında fikirləşmək lazımdı, daha sonra isə ekologiya barədə!..

İndi prosesin necə bitəcəyini demək çətindir, amma bir şey aydındır: Bakının bu məbədi güzəşt etmək fikri yoxdur və ola da bilməz. Amma o da aydındır ki, qarşıda çətin danışıqlar gözlənir və məhz elə bu səbəbdən ölkə prezidenti özünün xüsusi sərəncamı ilə X.Xələfovu əvvəlki postuna qaytardı, çünki onun sərhəd məsələlərində böyük təcrübəsi var və Bakını təkcə Xəzərin statusu ilə bağlı danışıqlarda deyil, həm də ki, Gürcüstanla sərhədlərin demarkasiyası ilə bağlı müzakirələrdə də təmsil edibdir.

Onun mediaya verdiyi ilk açıqlamalara görə artıq bu həftə ilk müzakirələr başlamalıdır. Yeri gəlmişkən, gürcü tərəfi də bəyan edib ki, onlar da müvafiq komissiyanı yaradıblar.

O ki qaldı bizim mövqeyimizə, özümüzə qətiyyən belə fikir aşılamamalıyıq ki, sərt olsaq, Gürcüstanı itirərik: Tiflis bizim üçün nə qədər vacibdirsə, Bakı da onlara o qədər gərəkdir və əgər gürcü siyasətçiləri hələ məntiqlərini tamam itirməyiblərsə təkrar olaraq hər şeyi təzədən ölçüb - biçməlidirlər və özlərinə hesabat verməlidirlər ki, hansısa mücərrəd şəkildə götürülmüş bir ölkə ilə yox, öz ölkələrinin bəlkə də ən mühüm strateji və iqtisadi tərəfdaşı ilə münasibətdədirlər.

Burada iki gürcü siyasətçisinin vaxtilə dediklərini yada salmaq düzgün olardı. Biri mərhum E.Şevardnadzenin sözləridir. O, MDB-nin toplantılarından birində demişdi ki, bizə böyük qardaş lazım deyil, ona görə ki, böyük qardaşımız var – o, Heydər Əliyevdir...

İkincisini isə bir vaxt M.Saakaşvili demişdi: “Mən dəstəyi və köməyi okeanın o biri tərəfində axtarırdım, amma onu Bakıda tapdım”...

Bunları niyə xatırlayırıq? Azərbaycanın Gürcüstan üçün nə demək olduğunu gürcü siyasətçilərinin özündən yaxşı yəqin ki, heç kimsə deyə bilməz – odur ki, bir az yaddaşımızı qurdalamalı olduq...

İstisna deyil ki, prosesdə “kənar izlər” də var, ən azı ona görə ki, regionun özündə bir xeyli qüvvə var ki, bu iki Qafqaz ölkəsinin biri- birilə münasibətlərini korlamağa çalışır, çünki Azərbaycan-Gürcüstan birliyi regiondakı çox proseslərin təminatıdır – bu ölkələr birlikdə olanda onların müqavimətini dəf etmək olmur və bu səbəbdən də onların da arasında mübahisə predmeti yaratmağa cəhd edilir ki, iki gənc ölkənin siyasətini öz maraqları səmtinə yönəldə bilsinlər. Amma əminik ki, Bakı və Tiflis bu fürsəti heç kimə verməyəcək, mütləq ortaq məxrəcə gələcək.

Hüseynbala Səlimov