- Yazarlar
- 27 May 2019 09:14
- 5 829
Bir futbolçunun “nəlbəkidə fırtına” cəhdi...
Bəlkə də bu dünyada bizim kimi ikinci millət yoxdur ki, belə məkrli və xain qonşusu olsun...
Biz qəbul etsək də, etməsək də, siyasət müasir dünyanın demək olar ki, bütün sferalarına sirayət edibdir, çünki siyasət adamlarına göstəricilər və bir də sabah cəmiyyətləri – seçiciləri qarşısında öyünmək üçün nəticələr, arqumentlər lazımdır.
Amma bunu yalnız fərdlərin – siyasətçilərin adına yazmaq da düzgün deyil, ona görə ki, dünyada təkcə siyasət adamlarının deyil, elə cəmiyyətlərin -millətlərin də yarışı gedir; kimisi sadəcə, öndə olmağa və daim barmaqla göstərilməyə, qibtə ünvanı olmağa çalışır bu yarışda, kimi də digərinə badalaq gəlmək, işini əngəlləmək, uğurlarının qarşısını almaq istəyir.
Azərbaycanın quruda bilavasitə dörd əsas qonşusu var. Təbii, mən burada qardaş Türkiyəni saymıram, amma daha dəqiq götürəndə bizim qardaş Türkiyə ilə də sərhədimiz var, çünki Naxçıvanımızın bu qardaş ölkə ilə quru sərhədi mövcuddur.
Bəlkə də mən Türkiyəni bura aid etməməkdə başqa cəhətdən də haqlıyam: biri var qardaş, biri də var qonşu. Odur ki, keçək qonşulara.
Bunlardan ikisi, özü də böyükləri bizim uğurlarımızı istəmir, arzu edirlər ki, biz daim tərəddüdlü, daim problemli, bir az da asılı vəziyyətdə qalaq, daim onlara aşağıdan yuxarı baxaq, heç vaxt özümüzü onlarla müqayisə etməyi heç ağlımıza belə gətirməyək, bir addım atmamış onlarla məsləhətləşək, öz milli maraqlarımızı yox, onların maraqlarını nəzərə alaq – bəli, belə və yaxud da buna yaxın bir ovqatda köklənən iki böyük qonşumuz var və yəqin, siz də söhbətin kimlərdən getdiyini tuta bildiniz.
Bir qonşumuz da var ki, əlbəttə, düşmən deyil bizə, amma tamam- kamal səmimi dost da deyil, içində bir qısqanclıq, bizə axıra qədər etibar etməmək hissi, həm də gizlin təkəbbürlülük var bu qonşumuzda. Üzə vurmasalar da, ürəklərində bizi geridə qalmış, “köçəri asiyalılar” sayırlar və çox istərdilər bizdən tamam-kamal asılıqları olmasın, çünki özlərini bizimlə yox, daha irəlidə gedən millətlərlə bir cərgədə görmək istəyirlər. Güman ki, burada da kimdən söhbət getdiyini tutdunuz.
Nəhayət, bir qonşumuz da var ki, sözün lap birbaşa mənasında düşməndir, hər şeyimizə ortaqlıq iddiasındadır – torpaqlarımızda “dövlət” və “millət” oldular, mədəniyyətimiz, mətbəximiz, hətta adətlərimiz sayəsində “mədəni, qədim millət”ə çevrildilər, amma “yetər!” demədilər. Bəlkə də bu dünyada bizim kimi ikinci millət yoxdur ki, belə məkrli və xain qonşusu olsun...
Mən hərdən düşünürəm ki, bu “qonşuluq” hansısa günahlarımızın əvəzidir. Amma tapa bilmirəm o günahı, çünki biz yalnız biri-birimizə qarşı pis ola bilirik, başqalarına gələndə kiçicik bir istiliyin, səmimiyyətin müqabilində az qalırıq ürəyimizi də çıxarıb verək onlara!
Elə bu “qonşu”ya münasibətdə də belə olduq, zaman– zaman nəyimiz var bölüşdük və elə bir vəziyyət gəlib çatdı ki, daha bölüşəsi bir şeyimiz qalmadı, çünki bu torpaq, bu ölkə on milyonluq millətə ancaq çatar – axı biz artıq on, bəli, on milyonluq bir millətik (əlbəttə ki, mən Arazın bu tayındakıları nəzərdə tuturam)...
Düşməni gərək, hamı tanısın: uşaq da, böyük də. Və təsadüfi deyil ki, daha bir mühüm tədbir ərəfəsində məhz onlar yenə də bizə əngəl olmaq istədilər – məhz erməni mənşəli futbolçu aləmə səs saldı ki, guya Bakıda onun həyatı üçün hansısa bir təhlükə var...
Qərəz, nəlbəkidə fırtına yaratmaq və bir az aranı qarışdırmaq, həm də özünün dığa mahiyyətini reklam etmək istədi! Bəli, bir xalis erməni bu vəziyyətdə nə etməli idisə, nə edə bilərdisə, o, da bunu etməyə çalışdı...
Əlbəttə ki, heç nə alınmadı və alınmamalı idi də... Bu erməni o qədər kiçik və mənasız iş yapmağa çalışdı ki, bunun üzərində dayanmağa belə dəyməz. Ağrılı məqam başqa detal idi. Biz illər ərzində dost və əməkdaş saydıqlarımızdan bu prosesin gedişində istədiyimiz reaksiyanı və istədiyimiz operativliyi görə bilmədik.
İllərlə Azərbaycanın çox böyük layihələri olub və onların icrasında dünyanın hər yerindən insanlar iştirak edibdir. İnanın, bu adamların demək olar ki, hamısı səmimi söhbətlərdə etiraf edirdilər ki, əski sovet məkanı ölkələri arasında əcnəbilərin özlərini ən rahat hiss etdikləri ölkə Azərbaycandır. Deyirdilər ki, buradakı münasibəti biz bu ölkələrin heç birində görməmişik. Bəs indi nə oldu? Bunların hamısı unuduldumu?..
Hüseynbala Səlimov