"Nikbin hər fəlakətdə bir fürsət, bədbin hər fürsətdə bir fəlakət görür" "Nikbin hər fəlakətdə bir fürsət, bədbin hər fürsətdə bir fəlakət görür"

Əli Kərimli Novxanıda niyə pərt oldu?

"Nikbin hər fəlakətdə bir fürsət, bədbin hər fürsətdə bir fəlakət görür"

Yəqin ki, bu atalar sözündə "fəlakət" və "fürsət" sözlərinin kommunikativliyini, yəni yerdəyişməsini gördünüz. Mükəmməl formada bir-birini tamamlayan bu improvizədə sözün əsl mənasında bir hikmət yatır. O hikmət ki, fürsətcillərin sonunu, gedəcəkləri yeri, tutduqları əməlin aqibətini bəlirləyir: FƏLAKƏT!

Eynən bizim millətsiz "Milli Şura" və cəbhəsiz AXCP təmsilçilərində olduğu kimi...

Məlumunuz, bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd edildi. Və "bizim" dediyim həmin o elektoratsız bədbinlər normal bir mitinq keçirə bilmədikləri halda bunu fürsət bilib Novxanıya, Məhəmməd Əmin Rəsulzadənin abidəsinin yer aldığı məkana üz tutdular. Özü də hərzamankı kimi pərakəndə, başlı-başına və urvatsız tərzdə.

Belə bir əlamətdar gündə aksiya keçirməyin, yerli-yersiz şüarlar səsləndirməyin, hakimiyyəti aşağılamağın bir fürsət olduğunu baş axecepeist Əli Kərimli öz dili ilə təsdiqlədi. Onun "28 may bu millətin cümhuriyyət ideyalarına, azadlığa, ədalətə, hüququn üstünlüyünə hələ də sadiq olduğunu nümayiş etdirmək fürsətidir" çağırışı hər şeyə FÜRSƏT GÖZÜ ilə baxdığını bir daha kanıtladı. Həm də bu millətin cümhuriyyət ideyalarına sadiqliyini, ədalət hissinin olduğunu, hüququn üstünlüyünə önəm verdiyini bilə-bilə...

Bu da azmış kimi "zinciri yenicə qırmış" Fuad Qəhrəmanlını Novxanı küçələrinə öndən buraxıb asayişi pozmağa çalışdılar. Polisin "yolu boşaldın, insanların, avtomobillərin hərəkətinə mane olmayın" qanuni çağırışlarına məhəl qoymayan nəfərlər isə məqsədyönlü şəkildə hay-şüvən qopardılar. Asayiş keçşikçilərinə olmazın hədyanlar, təhqirlər yağdırdılar.

Yaxasını göbəyinə qədər açıb özünə əl qatan Qəhrəmanlı görəvini bitirər-bitirməz millətsiz şura sədri Cəmil Həsənli və cəbhəsiz partiya sədri Əli Kərimli meydanda peyda oldular. Bu an əvvəlcədən ssenariləşdirilmiş "İstefa" şüarları səsləndirildi. Deyəsən, bayram törəni ilə Məhsul stadionunu səhv salmışdılar. Yersiz şüarlar Əli Kərimliyə artıq Rəsulzadəni də unutdurmuşdu. Əlinə mikrofon alar-almaz asayiş keşikçilərini aşağılamağa, hakimiyyəti təhdid etməyə və populist şüarlar səsləndirməyə başladı. Hətta “üçüncü cümhuriyyət” yaratmaq eşqinə də düşdü. Bu ifadəni ortaya atmaqla adam cümhuriyyətin nə olduğunu bilmədiyini və Rəsulzədə ideyalarını, Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərini saymadığını bir daha isbatladı. Heç düşünmədi ki, “üçüncü cümhuriyyət” demək elə birincini tanımamaq, ona xəyanətkar mövqe tutmaq deməkdir. Hələ bir usanmadan da hazırki hakimiyyəti belə bir xəyanətdə suçladı. Ki, bəs bu iqtidarın Rəsulzadə ilə davası bitməyib…

Yaxşı, ay Kərimli, deyək ki, başın qrantlara, mühacir oyunlarına qarışıb, Ulu öndər Heydər Əliyevin Məmməd Əmin Rəsulzadə şəxsiyyətinə dəfələrlə nümayiş etdirdiyi hörməti, ehtiramı və sadiqliyi görməmisən, hətta onun 1993-cü il dekabrın 29-da “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamaqla Cümhuriyyət irsinə necə böyük önəm verdiyini də bilmirsən, bəs İlham Əliyevi necə danırsan?

O, “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamı ilə bu varislik xəttinin davam etdirildiyini təsdiqləmirmi? Sizlərdən fərqli olaraq Azərbaycan Prezidenti yeni bir cümhuriyyət yaratmağı nəinki düşünmüş, əksinə bu Sərəncamı ilə bir daha sübut etmişdir ki, M.Rəsulzadənin adı bir firqənin deyil, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir.

Bunu da keçək, cənab Kərimli! Prezident İlham Əliyevin iradəsi ilə ötən ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasının da mahiyyətini bilmirsən? Bəlkə buna da izah gətirək?!

Amma təqsir səndə deyil. “Təqsir” sənə bu azadlığı aşırı dərəcədə verən müstəqil və suveren dövlətdədir. Umarım, Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandinin adınısa da eşitmisən. O deyirdi ki, azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir…

Bax, sizlər cümhuriyyəti, azadlığı məhz bu cür dərk edirsiniz. Ona görə də bu 25 ildə 25 tərəfdaş belə toplaya bilməmisiniz. Əksinə, xəyanətkar mövqeyinizdən dolayı yan-yörənizdə olan 3-5 nəfər də sizdən uzaqlaşdı.

Bu illər ərzində keçirdiyiniz mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı heç bir dəstək vermədi. Mitinqlərə ictimaiyyət arasında maraq hər il daha kəskin şəkildə azaldı. Təbii ki, bunların çox çiddi səbəbləri var. Müdrik Azərbaycan xalqı Əli Kərimlinin kimliyini çox yaxşı bilir və bu baxımdan da onun mitinq keçirmək təşəbbüslərini qeyri-ciddi qəbul edir.

Xalq haqlıdır!

Ona görə haqlıdır ki, bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayışı verməsi ilə bağlı çoxlu sayda faktları bilir. Onun bu yolla ən yaxın qohumlarını, yerlilərini Fransada, Hollandiyada yerləşdirdiyini bilir. Onu da yaxşı bilir ki, Əli Kərimli illərdir yaxın ətrafında olan insanlara xəyanət edir. O, bunu öz sədri Əbülfəz Elçibəydən tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara qarşı etməkdən çəkinmir.

İndi isə Əli Kərimli vətənə, dövlətə, millətə, dəyərə və cümhuriyyətə xəyanət yolunu seçib. Hər fürsətdə baş vurduğu bu yol isə onu FƏLAKƏTə aparır.

Elgün MƏNSİMOV