Amerikalılar nəhayət, başa düşdü ki, indiki vəziyyətdə, İranla gərgin münasibətlər yaşandığı bir məqamda Türkiyə ilə də münasibətləri ağırlaşdırmağın qəti mənası yoxdur Amerikalılar nəhayət, başa düşdü ki, indiki vəziyyətdə, İranla gərgin münasibətlər yaşandığı bir məqamda Türkiyə ilə də münasibətləri ağırlaşdırmağın qəti mənası yoxdur

Tramp geri çəkilirmi?..

Amerikalılar nəhayət, başa düşdü ki, indiki vəziyyətdə, İranla gərgin münasibətlər yaşandığı bir məqamda Türkiyə ilə də münasibətləri ağırlaşdırmağın qəti mənası yoxdur

Lap əvvəldən bəzi KİV-lər yazırdı ki, prinsipcə, ABŞ prezidenti D.Tramp türkiyəli həmkarının S-400 raket komlekslərilə bağlı təklifini qəbul etməyə hazırdır, sadəcə, Konqres buna razılıq vermir.

Ona görə də tərəflər arasındakı diplomatik söz atışması axırda açıq təhdidlərə keçdi: amerikalılar Türkiyə rəhbərliyinə açıq təzyiq taktikasına start verdilər və hətta iki həftə bundan əvvəl bildirildi ki, S-400 komplekslərindən imtina edilməyəcəyi təqdirdə Birləşmiş Ştatlar nəinki Türkiyəyə göndərilməsi nəzərdə tutulan yüz ədəd F-35 təyyarələri ilə bağlı müqaviləni donduracaq, hətta özünün hərbi-siyasi müttəfiqinə konkret iqtisadi sanksiyalar da tətbiq edəcək.

Amma sanki ən son anda amerikalılar nəhayət, başa düşdü ki, indiki vəziyyətdə, İranla gərgin münasibətlər yaşandığı bir məqamda Türkiyə ilə də münasibətləri ağırlaşdırmağın qəti mənası yoxdur.

Odur, heç təsadüfi deyildir ki, ötən həftənin sonlarında yeni xəbərlər gəldi ki, guya Tramp prezident Ərdoğanın təklifini qəbul edib və burada ixtiyarsız olaraq məşhur məsəl yada düşdü: əgər dağ Məhəmmədə sarı getmirsə, onda Məhəmməd özü dağa sarı gedər. Əlbəttə, yekun nəticələr çıxarmağın vaxtı deyil, bu xəbərlər hələ öz rəsmi təsdiqini tapmalıdır, di gəl, digər mülahizələr də var.

Düşünürük ki, ABŞ-la mümkün gərginliklər nəinki Ankaranın, hətta onu özünün ən yaxın dostu və müttəfiqi hesab edən Bakının belə maraqlarına cavab vermir.

Məsələ bundadır ki, Qarabağ probleminin nizamlanmasının indiyədək iki əsas kanalı olub: biri Moskva ilə, digəri isə Vaşinqtonla bağlı. Bizim şimal qonşumuzun–Rusiyanın bu müstəvidəki siyasəti problemin tezliklə həll olunmasına deyil, onun uzun müddətə dondurulmasına və danışıqların uzadılmasına yönəlibdir.

Burada məqsəd də bu problemin köməyilə İrəvan və Bakını Rusyanın regiondakı maraqları ilə çərçivələnən hüdudlarda saxlamaqdır.

Amma buna baxmayaraq biz əlbəttə ki, Moskva ilə işləmək məcburiyyətindəyik, çünki bu kontaktlar Rusiyanın özünü də müəyyən çərçivələrdə saxlayır və onu Qarabağ problemilə bağlı kəskin qərarlardan çəkindirir, əks təqdirdə Kreml Abxaziya və Cənubi Osetiya ilə, eləcə də Ukraynın bəzi ərazilərilə bağlı etdiklərini Dağlıq Qarabağla da bağlı edərdi.

Üstəlik, hazırda Rusiya-Ermənistan müstəvisində çox mürəkkəb proseslər gedir. Belə ki, Avrasiya Birliyinin sonuncu yubiley sammitində erməni baş naziri bu təşkilatın yeganə liderlərindən biri oldu ki, MBD, KTMT və AİB kimi təşklatların sütun dövlətlərindən birinin – Qazaxıstanın liderinin əlindən orden almaq şərəfinə layiq görülmədi və bu da azmış kimi, Rusiya prezidenti də erməni həmkarı ilə hətta ayaqüstü söhbət etməyi lazım bilmədi...

Hələki Paşinyan özünə bununla təskinlik verir ki, bu ilin oktyabrında prezident V.Putin onun ölkəsinə səfər edəcək, hətta bunun üçün dəqiq tarix də deyir: Bu ilin oktyabr ayının 1-i. Amma bizə elə gəlir ki, bu gün mövcud olan münasibətlər davam edərsə, çətin, bu səfər reallaşmış olsun, istisna deyil ki, oktyabr ayında Ermənistanda baş tutacaq tədbirə Putin yenə də D.Medvedevi yollayacaqdır.

Əlbəttə, iddia etmirik ki, belə vəziyyət dərhal Dağlıq Qarabağ problemində öz ifadəsini tapacaq, yox, təəssüf ki, Qarabağ düyününün açılması Kremlin yaxın planlarına daxil deyil, amma bununla belə İrəvanla münasibətlərin gərginləşməsi, S-400 kompleksləri konteksində Ankara ilə yaxınlaşma bütün hallarda Moskva ilə Bakı arasında daha dərin anlaşmaya təkan verəcəkdir.

Qarabağ problemilə bağlı digər kanala gəldikdə, Vaşinqton-Ankara müstəvisi bizim istifadə etmədiyimiz resursdur. Təəssüf ki, türkiyəli diplomatlar bu istiqamətdə yetərincə fəallıq göstərmir və səbəb də budur ki, bu kanal Türkiyənin öz problemlərilə yüklənib: burada “kürd məsələsi”ni də yada salmaq, Rusiya zenit-raket komplekslərilə indi yaşanan gərginliyi də xatırlamaq olar, eləcə də F.Gülən məsələsinə də toxunmaq...

Amma düşünürük ki, türkiyəli diplomatlar əvvəlcə Birləşmiş Ştatlarla münasibətləri yoluna qoymalıdırlar, çünki diplomatiyadan uzaq adama da aydındır ki, dünyanın böyük güclərilə dostluq etmək lazımdır.

Qardaş Türkiyənin Çin kimi ABŞ-la rəqabət aparmağa imkan verən iqtisadi gücləri yoxdur. Üstəlik, hətta Çin də daim ABŞ-la açıq konfrontasiyadan qaçır ki, münasibətlərdə gərginlik yaranmasın. ABŞ üçün də Rusiya və Çindən fərqli olaraq Türkiyə heç bir parametrinə görə problem deyil və bu ölkə Avropadakı müttəfiqlərindən fərqli Ankaraya qarşı tamam dost notlarına olmasa da, hər halda, daha mülayim münasibətə köklənib – axı Türkiyə öz ərazisində ABŞ hərbi bazası olan, üstəlik də NATO-nun üzvü olan bir ölkədir və belə görünür ki, Ankara rusiyalı siyasətçilərin və ya politoloqların iddialarına rəğmən Şimali Atlantika Blokunu tərk etmək niyyətində deyildir.

Ermənistan ABŞ-la münasibətlərini əsasən öz lobbisi vasitəsilə tənzimləyir. Bizim belə imkanımız yoxdur. Amma Ankaranın resurslarından istifadə edə bilərik: ola bilsin, ABŞ-dakı türk lobbisi yəhudi və erməni lobbiləri kimi güclü deyil, amma o, mövcuddur və real “rıçaq”lara malikdir. Üstəlik, bir daha qeyd edək ki, Türkiyə NATO-nun üzvü və ABŞ-ın hərbi müttəfiqidir. Etiraf edirik ki, Moksva ilə münasibətlərin Türkiyəyə hətta uzaq perspektivdə güclü dividendlər verəcəyinə elə də inanmırıq, bu yaxınlaşmadan yalnız daxildəki hansısa konkret bir siyasi qüvvə uda bilər və bu gün bu baş verir. Rusiyadan tam fərqli olaraq Vaşinqtonla əlaqələr həmişə vacibdir, çünki bu ölkə daimi və dinamik inkişafdadır və ondan çox şey əxz etmək olar...

Hüseynbala Səlimov