Mehman Əliyevin “Kobra əməliyyatı”

Azərbaycanda islahatlar xarici sifariş deyil, sosial-siyasi zərurətdir, prezidentin və xalqın birgə iradəsi ilə gerçəkləşir

Bir zamanlar Böyük Britaniya “günəş batmayan imperatorluq” adlandırılırdı.

Dünyanın dörd bir yanına səpələnmiş ingilis əsgərlərinin başının üstündən günəş heç əskik olmazdı.

Ləl-cəvahirat diyarı Hindistan da işğal olunmuşdu, Britaniya həmin ölkəni xımır-xımır istismar edirdi.

Di gəl, bir problem meydana çıxmışdı, zəhərli ilanlarla dolu olan Hindistanda ingilis əsgərlərinin günü qara gəlmişdi. Kobralar imperiya əsgərlərini çalıb öldürür, ingilislər əvvəllər qarşılaşmadıqları zəhərli sürünənləri başlarından eləməyin yolunu bilmirdilər. Nəhayət belə qərara gəldilər ki, zəhərli ilanları elə hindlilərin özlərinə öldürtsünlər.

Hər tərəfə car çəkdilər, zəhərli ilanları öldürüb ingilis qarnizonlarına təhvil verənlərə mükafat vəd etdilər. İlanların başına qoyulan pulu almaq üçün hindlilər gecə-gündüz dayanmadı, rastlarına çıxan gürzələri, kobraları, şahmarları öldürüb ingilislərə satdılar. Sürünənlərin kökü kəsilmək həddinə çatdı, ingilislərdən pul qoparmağa öyrəşmiş hindlilər işin ayrı çəmini tapdılar. Başladılar ilan yetişdirməyə! Yetişdirdikləri ilanları öldürür, aparıb ingilislərə satırdılar.

“Kobra təsiri” deyilən sosial-psixoloji, o cümlədən siyasi sindrom da beləcə meydana çıxdı. Çətin bir problemi həll etmək adı altında onu daha çıxılmaz hala gətirmək “Kobra təsiri” adlanır.

“Soyuq savaş” bitdikdən, SSRİ çökdükdən və ABŞ dünyanın əsas hegemonu ünvanına sahib olduqdan sonra Vaşinqtonun demokratiya ixrac etdiyi ölkələrə baxın, hər birində “Kobra təsiri” görəcəksiniz.

11 sentyabr 2001-ci ildə “Əkiz qüllə”lərin partladılmasından sonra ABŞ Əl-Qaidəyə savaş açdı, savaşa-savaşa Əfqanıstana demokratiya vəd etdi. Ölkədə daş üstdə daş qalmadı, arada təbii qaz ehtiyyatlarına əl qoyuldu, amma “demokratiyanı” hələ də “gördüm” deyən yoxdur. Əfqanıstan çətələrin əlində girinc qalıb.

15 il öncə ABŞ İraqa “demokratiya gətirmək üçün” qollarını çırmaladı. Rəsmən elan edildi ki, Səddam Hüseynin əlində kütləvi qırğın silahları var, o hakimiyyətdən uzaqlaşdırılmasa və həmin silahlar ələ keçirilməsə, planetimizin halı xarab olar. Savaşa qərar verildi. Səddam Hüseyni tutub əvvəlcə saqqalını bitlədilər, ardınca edam etdilər. Bit tapdılar, tapmadılar bilmirəm, dəqiq məlumatdır ki, İraqdan kütləvi qırğın silahları çıxmadı. ABŞ mızıldana-mızıldana üzrxahlıq edib məsələni ötüşdürdü, amma İraqda hələ də demokratiya yoxdur, nəinki demokratiya yoxdur, ümumiyyətlə, İraq adında bir dövlətin varlığı sual altındadır.

Liviya adlı bir dövlət, onun Qəddafi adlı sapıq bir lideri vardı, yadınızdadırmı? Qəddafi sapıq olmasına rəğmən pis-yaxşı bədəviləri idarə edirdi, neft zəngini ölkədə elektrik istifadəsinə görə vətəndaşlardan heç pul da alınmırdı. ABŞ “ərəb baharı” kimi təmtəraqlı ad qoyduğu iğtişaşlarla Liviyanı qarışdırdı, vətəndaşlar bayaqdan müftə istifadə etdiyi elektrikə həsrət qaldılar, infrastruktur dağıldı, ölkə tar-mar oldu.

Siyahını uzatmağa, Yəmənin aqibətindən, Suriyanın halından danışmağa, zənnimcə, ehtiyac yoxdur, ABŞ-ın siyasi sistemindən “demokratiya adına” narazılıq etdiyi həmin ölkələrdə, yumşaq desək, at izi it izinə qarışıb.

Bəli, yarandığı gündən bəri ABŞ dünyanın heç bir ölkəsinə demokratiya ixrac eləməyib, ya xalqların başına bomba ələyərək, ya da çevrilişlər, xüsusi əməliyyatlar düzənləyərək təbii sərvətlərinə hakim olub, öz maraqlarını güdüb, nüfuz dairəsini genişləndirib.

İstəyirsinizsə, tarixə birlikdə boylanaq.

1948-ci ildə ABŞ İtaliyadakı parlement seçkilərinə müdaxilə etdi, məqsədi demokratiya yox, kommunistlərin üstünlük qazanmasına əngəl olmaq idi. Kommunistlərə qarşı olan bütün partiyalara pul ötürdü, ianəni qəbul etmək istəməyənləri şantaja məruz qoydu. Həmin seçkilərlə birlikdə kommunistlər İtaliyada ard-arda 7 seçim uduzdu.

1953-cü ildə isə Filippində ona əlaltılq edəcək bir rejim qurmaq üçün Ramon Maqsaysayın seçki kampaniyasını maliyyələşdirdi, seçilən prezident Vaşinqtondan gələn bütün tapşırıqlara “gözüm üstə” deyə cavab verdi.

Elə həmin il ABŞ və İngiltərə kəşfiyyatları İranda Məhəmməd Musəddiqi devirib Pəhləviləri yenidən iqtidar sahibi etdilər. İşin ən maraqlı tərəfi də budur ki, Müsəddiq demokratik seçkilərlə Baş nazir olmuşdu. Amma neft təsisatlarını milliləşdirməsi Vaşinqton və Londonun ürəyinə yatmayınca, tanklar “azad seçkilər”in üstündən keçdi, “Ayaks” əməliyyatı ilə iqtidardan salınan Müsəddiq məhbəsə atıldı.

“Demokratiya aşiqi” Vaşinqton 1964-cü ildə Braziliyada diktatura qurmuş, ertəsi il ABŞ prezidenti Lindon Conson şəxsən özü Dominikan diktatoruna “xalqa atəş açmaqdan çəkinmə” göstərişi vermişdi. Üçcə il sonra ABŞ kəşfiyyatı Yunanıstanda öz agenti olan Georgi Papadopulosun rəhbərliyi ilə hərbi xuntanı iqtidara daşımış, rejimin ilk ayında 8 min adam edam edilmişdi.

ABŞ 1973-cü ildə Çilidə Salvodor Allendeni hakimiyyətdən ölümə göndərdi, bu əməliyyatda daha çox iqtisadi və media rıçaqlarından istifadə etdi. 1989-cu ildə isə Panamada məşhur kanalı tam şəkildə öz nəzarətinə keçirmək üçün hərbi çevrilişi dəstəklədi.

Deyilə bilər ki, bunlar keçmişdə qalıb, “soyuq müharibə” dönəminin hadisələridir. Məgər Gürcüstanda və Ukraynadakı ABŞ-da ərsəyə gətirilmiş məxməri inqilab ssenariləri həmin ölkələri ağ günəmi çıxardı? Osetiya Gürcüstandan, Krım Ukraynadan qoparılmadımı?

Bütün bunları yada salmaqda məqsədim, hüquq müdafiəçisi Sahib Məmmədovun təbirincə desəm, “o...turan” agentliyinin direktoru Mehman Əliyevin “Amerikanın səsi”nə verdiyi müsahibədə ABŞ-ı Azərbaycana demokratiya ixrac etməyə çağırması ilə bağlıdır.

İllərdir bu adamı izləyirəm, doğrusu, bu günəcən nə dərin bir təhlilini görmüşəm, nə də düz çıxan proqnozunu. Hər nə qədər özünü “məlumatlı adam” kimi göstərməyə çalışsa da, sular axıb, çuxurunu tapanda bəlli olur ki, bizim hakimiyyət də qarışıq bütün daxili və xarici siyasi mərkəzlər ondan zaman-zaman dezinformasiya yayımçısı kimi istifadə ediblər. İndi Azərbaycanın ən məşhur dezinformatoru guya ABŞ-Azərbaycan münasibətlərini incələyir, incə-incə rəsmi Vaşinqtonu Azərbaycanla “qəti danışmağa” səsləyir.

Sularda mahir xilasedici kimi nam qazanan, amma intellektual səviyyəsi ortabab məktəb şagirdindən yuxarı qalxmayan Mehman Əliyevin anlamadığı və heç vədə də anlamayacağı bir gerçəklik var. Bir ölkədə demokratiyanın inkişafı yerli cəmiyyətin istehsal gücündən, iqtisadi göstəricilərindən, sosial-mədəni potensialından, siyasi ənənələrindən daha çox asılıdır, nəinki xarici təsir və təzyiqlərdən. Elə bu səbəbdən də bütün rasional və milli təfəkkürlü insanlar Mehman Əliyevdən fərqli olaraq, Azərbaycanın demokratik inkişaf tempinin cəmiyyətimizin ortaq ağıl və iradəsinə əsaslanması faktını qəbul edirlər. Azərbaycan prezidenti İlham Əliyev isə elan etdiyi islahatlar kursunu hər hansı xarici paytaxtın arzusu və ya etirazı çərçivəsində yox, ölkədəki sosial-iqtisadi və siyasi problemlərin çözümünə nail olmaq üçün aparır. Başqa sözlə, Azərbaycanda aparılmaqda olan islahatların müəllifi İlham Əliyev, təminatçısı prezident və cəmiyyətin birgə iradəsi, qiymətləndiricisi isə xalqdır.

ABŞ və Azərbaycan arasında münasibətlərə gəlincə, bunu obrazlı şəkildə belə xarakterizə etmək olar. Azərbaycanı kosmik bir gəmiyə bənzətsək, müstəqil dövlət kimi daxil olduğu yeni günəş sistemində, yeni dünya düzənində bu raketin məqsədi cazibə qüvvəsi güclü olan iki planetinin - ABŞ və Rusiyanın birbaşa təsir dairəsinə düşmədən öz yolu ilə irəliləməkdir. Bunun üçün gəminin bütün imkanları var, o cümlədən təkcə ikisinin yox, sistemdəki bütün planetlərin və onların peyklərinin cazibə qüvvvəsini, maraq və təsir rıçaqlarını nəzərə alır.

Mehman Əliyevin isə bu prosesdə ancaq bir rolu var. O, İkram Rəhimov kimi ilan-çəyənlər yetişdirir, amma həmin sürünənləri “öldürmür”, “siyasi məhbus” adı ilə amerikana, ingilisə satır...

P.S. Bu yazını Mehman Əliyev “ABŞ və demokratiya” mövzusunda ən qısa mühazirə kimi oxuya bilər.

Taleh Şahsuvarlı,

AzNews.az xəbər portalının Baş redaktoru