Paşinyana nəyi məsləhət görərdik?..

Paşinyan özünə bir az əziyyət verib Dağlıq Qarabağın tarixilə bir maraqlansın və buranın ermənilərlə nə vaxt məskunlaşdırıldığını bir göz önünə gətirsin.

Rusiya–Ermənistan münasibətləri konteksində hələlik yalnız bunu demək mümkündür ki, baş nazir N.Paşinyan nəhayət ki, bir–iki həftə bundan öncə Qazaxıstanın paytaxtı Nur-Sultanda yaşadığı pərtliyin əvəzini çıxa bildi və Sankt – Peterburqdakı iqtisadi forumda Rusiya prezidenti V.Putinlə bir araya gəldi.

Xatırladaq ki, Nur-Sultanda Paşinyan ciddi pərtlik yaşamışdı. Avrasiya Birliyi ölkələrindən birinin başçısı olsa da N.Nazarbayev onu ordenlə təltif etməyi lazım bilməmiş, bu azmış kimi, Rusiya prezidenti də onunla hətta ayaqüstü söhbətdən qaçmışdı. Bütün bu səbəblərdən də N.Paşinyan görüşü yarımçıq tərk edərək ölkəsinə dönməli olmuşdu.

O ki qaldı, Sankt-Peterburq görüşünə, düşünmürük ki, buradan N.Paşinyana nəsə qoparmaq nəsib olub. Əgər belə olsaydı, erməni KİV-ləri bu haqda durmadan yazardı. Çox güman ki, görüş zamanı daha çox V.Putin danışıbdır və söhbətin də ümumi məğzi bu olub ki, qoy, Paşinyan ağlını başına yığsın və Rusiya- Ermənistan münasibətlərinə korrektələr etməyi heç ağlına da gətirməsin...

Bizi isə əlbəttə ki, hər şeydən əvvəl görüşdə Dağlıq Qarabağ məsələsinə toxunulub-toxunulmaması maraqlandırırdı.

Bir neçə mənbədən təsdiqlənmiş xəbər budur ki, Dağlıq Qarabağ mövzusu ilə bağlı hər hansı məsləhətləşmə aparlılmayıb. Başqa cür olsaydı, bu, çox təəccüblü olardı: axı nə vaxtdan Rusiya bu mövzuda Ermənistanla hər hansı bir ciddi müzakirə aparıbdır?

Moskvanı ehtiyatlandıran budur ki, birdən regiondakı siyasi iqlim dəyişər və Bakı ilə İrəvan öz aralarında, Kremlin iştirakı olmadan danışıqlara başlayarlar.

Hələlik Kremli belə təhlükə gözləmir: N.Paşinyan nəyi olmasa da Kremlin Dağlıq Qarabağ dərsini gözəl mənimsəyib, “quyruğunu belinə atıb” gündə bir sərsəm bəyanatla çıxış edir.

Bu dəfə isə özünü lap axmaq yerinə qoyan bu adam mətbuat konfransında jurnalistin işğal olunmuş torpaqların nə vaxt boşaldılacağı haqqındakı sualına “İnsanlar yüz illərlə yaşadıqları torpaqları necə işğal edə bilər?” kimi sərsəm sualla cavab verdi.

Belə çıxır ki, bu adam münaqişənin hətta real coğrafiyasını belə inkar etməyi düşünür. Hər halda, o, bilməmiş deyil ki, işğal olunmuş ərazilərin böyük hissəsi Dağlıq Qarabağın hüdudlarından kənardadır və ilk mərhələdə məhz bu ərazilərin boşaldılması nəzərdə tutulur – bu, həm Qazan, həm də ki, Madrid prinsipləırində ifadə olunubdur.

O ki qaldı erməni dığalarının “burada yüz illərlə yaşamasına”, yaxşı olardı ki, Paşinyan özünə bir az əziyyət verib Dağlıq Qarabağın tarixilə bir maraqlansın və buranın ermənilərlə nə vaxt məskunlaşdırıldığını bir göz önünə gətirsin.

Əlbəttə ki, o, bunu etməyəcəkdir. Əksinə növbəti mesaj verəcək ki, heç bir kompromiss və ya güzəşt haqqında düşünmür, müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağı planlaşdırır.

Kremlin də Dağlıq Qarabağla bağlı yaxın dövr üçün ciddi bir planı yoxdur və heç vaxt da olmayıb. Bir daha deyirik ki, bunları narahat edən Paşinyan həzrətlərinin ayağını onunçün Kremlin cızdığı dairədən kənara qoya bilməsidir. Paşinyan da bir ildir ki, and – aman edir və Mokvanı öz andlarına inandırmağa çalışır ki, o, Rusiya ilə ölkəsi arasındakı geosiyasi münasibətləri əsla dəyişməyi düşünmür. Amma Kreml ondan daha artıq sədaqət tələb edir.

Bəs onda nə etməli? Bu günlərdə Azərbaycan mediasında bir daha Ermənistanın eks-prezidenti L.Ter-Petrosyanın məşhur məqaləsinin əsas tezisləri gündəmə gəldi.

Öz tərəfimizdən əlavə edək ki, L.Ter-Petrosyan “Biz müharibəni yox, bir neçə döyüşü udmuşuq” deyəndə təkcə belə bir amili nəzərdə tutmurdu ki, zaman keçdikcə Azərbaycan güclənəcək və özünün üstün iqtisadi, siyasi, diplomatik, hərbi və demoqrafik göstəricilərini səfərbər edəcək və Dağlıq Qarabağ hərbi teatrında təşəbbüsü əlinə keçirəcəkdir.

Yox, o, həm də onu vurğulayırdı ki, münaqişənin ilk illərində ermənilərin “uğur” qazanmasının əsas səbəbləri Azərbaycanda uzun müddət davam edən siyasi böhranlar, çəkişmələr, hakimiyyət uğrundakı silahlı-silahsız savaşlar, regiondakı geosiyasi mürəkkəbliklər olmuşdu – bəli, bütün bunların nəticəsində Ermənistan üçün çox əlverişli vəziyyət yaranmışdı və bu axmaq, dılğır ölkə demək olar ki, ciddi bir müqavimət görmədən Azərbaycan rayonlarını biri-birinin ardınca işğal edirdi.

Amma əbədi olaraq belə davam edə bilməzdi. 94-cü ildən başlayaraq Bakı silahlı –silahsız hakimiyyət böhranlarına, çəkişmələrinə son qoydu, iqtisadiyyatını qurdu, ordusunu yaratdı və üç il bundan əvvəlki məşhur aprel döyüşləri bunun ilk göstəricisi oldu. Fəqət, Paşinyan aprel uğursuzluğunun səbəblərini tamam başqa müstəvidə axtarır, bunların obyektiv səbəblərdən baş verdiyini deyil, hansısa bir subyekt amillərdən yarandığını düşünür. Odur, ona eks-prezident L.Ter-Petrosyanın həmin məşhur məqaləsini bir daha oxumağı və yaxud da eks - prezidentlə canlı bir söhbət yapmağı tövsiyyə edərdik...

Hüseynbala Səlimov