Xarici ölkələrə sığınaraq müxtəlif Youtube kanalları vasitəsilə Azərbaycan cəmiyyətinə xitab edənlərin populyarlıq dərəcəsi barədə müxtəlif fikirlər səslənsə də, araşdırmalar göstərir ki, vəziyyət heç də onların xeyrinə deyil… Xarici ölkələrə sığınaraq müxtəlif Youtube kanalları vasitəsilə Azərbaycan cəmiyyətinə xitab edənlərin populyarlıq dərəcəsi barədə müxtəlif fikirlər səslənsə də, araşdırmalar göstərir ki, vəziyyət heç də onların xeyrinə deyil…

1 faizlik “populyarlıq”, Fatının tumanı və ya sadəcə “Yutubxana” rüsvayçılığı

Xarici ölkələrə sığınaraq müxtəlif Youtube kanalları vasitəsilə Azərbaycan cəmiyyətinə xitab edənlərin populyarlıq dərəcəsi barədə müxtəlif fikirlər səslənsə də, araşdırmalar göstərir ki, vəziyyət heç də onların xeyrinə deyil…

Əsasən şivən ritorikasına üstünlük verən “yutubxana yayınçıları” az qala hər verilişlərində izləyicilərə səslənir, eybəcər yalvarış tonunda, “paylaşın”, “like edin” kimi çağırışlar edirlər. Sözsüz, buna əməl edənlər olur və yayınlanan videolar eyni vaxta müxtəlif profillər, qruplar və səhifələrdə yer alırlar. Amma…

Nəticə biabrıçıdır!

“Bizim sayımız 10 minlərlə ölçülür”(Bəzən iddialar “100 minlər”ə də qalxır) kimi iddialara əsaslansaq, o halda canlı yayınları da aşağı-yuxarı on minlər izləməlidir. Obyektivliyə nə dərəcədə əməl olunub-olunmaması məsələsini qoyuruq bir kənara. Fakt odur ki, xarici ölkələrdən yayınlanan videolarda hakimiyyətin ünvanına sərt tənqidi fikirlər səsləndirilir. Bu kanallarda ağır təhqir elementlərilə müşayət olunan çıxışlara da az rast gəlinmir. Aparıcılar və veriliş müəlliflərinin təbirincə desək, AzTV-də deyilməyənlərə və göstərilməyənlərə yer verilir. Canlı efir zamanı izləyicilərə zəng etmək imkanı da yaradılır ki, bu da əslində haqqında tez-tez bəhs olunan “narazı elektoratın” marağını yaradan əsas vasitələrdən biri hesab olunur. Bəs maraq yaranırmı? Diqqət göstərilirmi? Hər halda dünənki canlı yayınlar zamanı apardığımız müşahidələrə söykənərək deyə bilərik ki, nə “Osmanqızı” nə “Azərbaycan saatı” nə də “Azad söz” kanalına kütləvi maraq var.

Gəlin detallara keçək.

Adıçəkilən üç kanalın yayınladığı videoların populyarlıq dərəcəsini müəyyən etmək üçün dünən kiçik bir araşdırma apardıq. Hər biri müxtəlif saatlarda fərqli mövzularla canlı yayına çıxdılar. Sevinc Osmanqızı qonaqları ilə sosial məsələdən danışır, Qənimət Zahid həmsöhbətilə məmurlardan birinin “həyatına” diqqət yönəltməyə çalışır, Tural Sadıqlı isə efirin qonağı ilə Avropa Şurasındakı olayları “incələyirdi”. Bu üç kanalın üs-üstə abunəçi sayı 387 mindir – “Osmanqızı” – 111 min, “Azərbaycan saatı” – 136 min, “Azad söz” – 140 min. Dünənki canlı yayınlara isə 387 min abunəçinin 1 faizi belə qoşulmadı. Canli yayın ərzində “Osmanqızı” və “Azərbaycan saatın”da izləyici sayı yalnız bir neçə dəqiqə 1000-1200 arası göstəriciyə yüksəldi. Gedişatda nəticələr sürətlə aşağı düşməyə başladı. Hər iki kanalda yayının böyük hissəsi 700-800 nəfər izləyicini əhatə etdi ki, bu da əslində oluqca bərbad nəticədir. 111 min abunəçisi olan “Osmanqızı” kanalında canlını izləyənlərin sayı hətta 300 nəfərə də endi…

Bir vacib məqama da diqqət edək. Canlı efirə ekspert qismində cəlb olunanlardan biri Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, digəri isə ADR hərəkatının rəhbəri Qubad İbadoğlu idi. “Hamı bizə baxır” deyənlər cəm şəklində belə canlı efirinə çıxdıqları kanalın abunəçi sayının heç 1 faizinin diqqətini doğru-düzgün çəkə bilmədilər. Onların dediklərinə bir şadlıq sarayına sığacaq qədər adamdan az sayda izləyici maraq göstərdi.

Bir neçə gün əvvəl isə “Osmanqızı” kanalının canlı yayınına Əli Kərimli çıxmışdı. Onu canlıda izləyənlərin sayı 2 mini keçmədi. Çıxışı boyu 1700-1800 arası izləyici sayı qeydə alındı. Təsəvvür edirsinz bu ne deməkdir? “Biz meydanlara sığmırıq” kimi yekaxana iddialara müəlliflik edən şəxsin çıxışını dinləməyə “Osmanqızı” kanalının abunəçilərinin heç 2 faizi həvəs göstərmədi. Sual olunur: Bəs hanı “tərəfdarlar ordusu”? Hanı “sayı yüz minlərlə ölçülən narazı elektorat”? Bu da mitinq deyil ki, “hakimiyyət maneələr yarada”? Hər kəsin istənilən youtube kanalını sərbəst şəkildə izləmək imkanı var və buna görə kimisə işdən çıxarmırlar. Məntiqlə mitinqlərə gəlməkdən çəkinənlər “lider” saydıqları adamın canlı yayınları zamanı səfərbər olmalı, rəy yazmalı, like düyməsinin “üstündə oturmalıdırlar”. Yəni realda ifadə edə bilmədikləri məhəbbəti, virtualda izhar etməlidirlər. Amma…

Etmirlər!

Baxmırlar!

Maraq göstərmirlər!

“Azərbaycan saatı” kanalı da canlı yayın zamanı abunəçilərinin ən yaxşı halda 1 faizi qədər izləyici toplaya bildi. Bu kanalda da canlı yayının əksər hissəsi 600-800 arası göstərici ilə yola verildi. Sona yaxın isə canlıda heç 400 nəfər də qalmadı…

“Azad söz” kanalında vəziyyət daha acınacaqlı idi. 140 min abunəçisi olan kanalın canlı yayınına 300-400 arası izləyici qoşuldu. Rəylərin sayından isə danışmağa dəyməz – Cəmi 61.

O da faktdır ki, canlı yayını izləyənlərin və rəy yazanların hamısı Osmanqızı aşiqi, Qənimət sevdalısı deyil. Videolara təbii olaraq əks qütbün təmsilçiləri də baxır, razı vətəndaşlar da, kino axtarışı ilə Youtube-yə daxil olub təsadüfən Turalla qarşılaşanlar da. Deməli, yuxarıda göstərdiyimiz biabırçı rəqəmlər belə adıçəkilən kanallardakı canlı yayınlara maraq göstərənlərin real sayı deyil – göstərici daha acınacaqlıdır.

Digər Youtube kanallarını təhlil etməyə həvəsimiz qalmadı. Zatən ən yekəsinin vəziyyətinə əsaslanıb o birilərinin də halını təxmin etmək mümkündür. Odur ki, təhlilimizin nəticəsi olaraq deyə bilərik:

Xarici ölkələrdən yayınlanan videolara Azərbaycanda kütləvi maraq yoxdur.

Kanallarda əsasən feyk profillər cəmləşdirilib.

Canlı efirə zəng edənlər əvvəlcədən hazırlanan xüsusi adamlardır. Ağlı başında olan adi vətəndaş efirə zəng edib Əli Kərimlini Həzrət Əli ilə eyniləşdirməz! Görün hara qədər dığarlanıblar…

Haqqında bəhs etdiyimiz kanalların canlı yayınlarda əldə etdikləri göstəricilər onları maliyyələşdirən donorları da qane edə bilməz. 700-800, lap uzağı 1000-1200 nəfərlə fatıya tuman olmur axı…

Biz rəqəmləri 10 dəfə şişirdə də bilərik. Deyək ki, məsələn, Əli Kərimlinin canlı yayınlarına 2000 deyil, 20000 nəfər baxır. Bu, ölkədəki seçici sayının heç 1 faizi də eləmir. Gərək Əli Kərimlinin çıxışlarını 50 min adam dinləsin ki, bu, Azərbaycandakı ümumi seçici sayının 1 faizinə yaxınlaşsın…

Nicat DAĞLAR