Blogger Əli Kərimli və dəstəsi icazə verilən piketi icazəsiz aksiyaya çevirmək üçün günlərlə təbliğat apardı Blogger Əli Kərimli və dəstəsi icazə verilən piketi icazəsiz aksiyaya çevirmək üçün günlərlə təbliğat apardı

Əli Kərimli olmaq mərəzi və ya zəif görən gözlər

Blogger Əli Kərimli və dəstəsi icazə verilən piketi icazəsiz aksiyaya çevirmək üçün günlərlə təbliğat apardı

Oktyabrın 8-də özünü Milli Şura adlandıran qurumun bir qrup tərəfdarı Bakı şəhərində icazəli piket keçirdi. İşimiz yox, keçirsinlər. Çünki Azərbaycan azad bir ölkədir, burada fərqli siyasi baxışları olanlar etiraz haqqına da sahibdir. Lakin gördük ki, bunlar yenə də siyasətlə deyil, siyasi dəllallıqla məşğul oldular. Nə baş verdi? Aydınlıq gətirək.

Siyasi blogger Əli Kərimli yazır ki, bəs, sən demə minlərlə insan etiraz aksiyasına çıxıbmış. A tövbə! Hardaydı o minlərlə insan ki, nə biz, nə də hətta piketin olduğu ərazidə yaşayanlar bunu fərq edə bilmədi? Anlaşılan budur ki, Əli Kərimlinin düçar olduğu mərəz onun gözlərini əməllicə zəiflədib. Ona görə də 10-larla adamı minlərlə adam kimi görür…

Sonra iddia edir ki, hakimiyyət ərazidə interneti kəsibmiş ki, piketdən canlı yayım olmasın. Bu isə lap yekə ayıb oldu. Çünki şəxsən mən özüm o aksiyaya canlı olaraq Facebook-da baxırdım. Hələ onu da deyim ki, oradakı təxribat cəhdlərini də müşahidə edirdim. Canlı-canlı yəni.

Ardından da iddia edir ki, hakimiyyətin təribatları baş tutmadı. Guya hakimiyyət bunlara qarşı təxribat hazırlayıbmış. Yenə də yalan! Çünki canlı olaraq baxdığım görüntülərdə polislərin necə səliqəli davrandığı, nəzakətli danışdığı, hətta aktyorluq edənlərə belə qayğıyla yanaşdığı heç cür diqqətdən qaça bilməzdi. Yəni şəxsən mən görürdüm ki, polislər hətta lazım olandan da təmkinli davranaraq piketin dinc məcrada baş tutmasına şərait yaradırdılar.

Yenə də şəxsən özüm canlı yayımda təxribat törətmək istəyən piketçiləri də görürdüm. Əli Kərimlinin tərəfdarları olan şəxslər açıq şəkildə emosional ortam yaratmağa çalışırdılar. Polislərsə olduqca təmkinli davranırdı o adamlara münasibətdə.

Kənardan da olsa etdiyim müşahidələr onu deməyə əsas verir ki, hakimiyyət piketin keçirilməsi üçün olduqca əlverişli şərait yaratmaqla bərabər iştirakçıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmişdi. Bunlarsa nə edirdilər? Hə, bu sualın cavabı bu adamlara sonrakı münasibət üçün əsas olmalıdır. Məncə.

Birincisi, blogger Əli Kərimli və dəstəsi icazə verilən piketi icazəsiz aksiyaya çevirmək üçün günlərlə təbliğat apardı. Lakin aparılan təbliğat nəticə verməyincə – heç minlərlə deyil, yüzlərlə insan ora toplaşmayınca bunlar küçələrdə qarışıqlıq yaratmağa girişdilər, nəqliyyatın və piyadaların hərəkətini əngəllədilər. Qanun pozuntusuna yol verdilər yəni.

İkincisi, yaradılan şərait ideal olsa da bunlar sosial media üzərindən qızışdırıcı təbliğat qurub insanları aldatmağa çalışdılar. Bunların tərəfdarları piketə gəlməyənləri söyüb təhqir etdi, üstəlik də hədələdi ki, biz hakimiyyətə gələndə sizə nəyin nə olduğunu göstərəcəyik. Bu isə bu dəstənin əsl mahiyyətinin nə olduğunu göstərir.

Üçüncü və şəxsən mənim diqqətimi ən çox çəkən məqam Əli Kərimlinin özünün piketə qatılmaqdan növbəti dəfə yayınması oldu. Adam aylardır, illərdir insanları küçələrə, meydanlara səsləyir, lakin o an yetişəndə evindəki isti bucağından bayıra çıxmır. Həm də iddia edir ki, hakimiyyətə gələcəkmiş. Açıq-açığına insanları aldadır bu. Günah kimdədir? Ondamı, ona inananlardamı? Təbii ki, sonuncularda. Bir lider sizi meydanlara səsləyib özü evindən bayıra çıxmırsa və siz hələ də onun sözünə güvənib meydana çıxırsınızsa, günahı özünüzdə axtarın məncə…

Bir də bu Əli Kərimli deyir ki, artıq mitinq elan edirik. Məncə, bu adamın kiçik bir piketdəki bu başıpozuqluğa rəvac verməsini, eləcə də göz görə-görə yalan-palanla ictimai rəyi çaşdırmağa çalışmasını nəzərə alaraq ona nəinki mitinq, heç bundan sonra adi bir piket də keçirməyə şərait yaradılmamalıdır. Çünki onun əsl məqsədi siyasi mübarizə deyil, ölkədə xaos yaratmaq, sabit və sakit Azərbaycanın normal həyat ritmini pozmaqdır. Buna isə hakimiyyət izn verməməlidir. Hələ biz vətəndaşlar da bu cür təzahürlərə dözmək fikrində deyilik! Bu ölkədəki sabitlik və dayanıqlı inkişaf vətənsevər insanların öz dövlətimizin ətrafında sıx birləşməsi hesabına əldə edilib. İndi küçədəki hansısa bir dəstənin özünə layiq dəstəbaşısının bizim bu uğurlarımızın üstündən xətt çəkməsinə əsla və əsla izn verə bilmərik!

Azər Həsrət