Siyasətin və siyasətçilərin əbədi dostları yox, əbədi maraqları olur Siyasətin və siyasətçilərin əbədi dostları yox, əbədi maraqları olur
  • Yazarlar
  • 11 Oktyabr 2019 10:21
  •  7 031

Georgiy Qaxariya Bakıya niyə gəlmişdi?..

Siyasətin və siyasətçilərin əbədi dostları yox, əbədi maraqları olur

Gürcüstanın baş naziri ilk rəsmi səfərini Bakıya etdi – biz bunu belə də qəbul etdik və əlbəttə ki, dəyərləndirdik.

Əslində daim dost ölkə saydığımız qonşu Gürcüstanın liderinin belə qərarı təəccüb də doğurmamalı idi, çünki çox əsrlik şərqli-qərbli diplomatiya elmi bir tərəfə, biz azərbaycanlıların hətta belə məsəli də var ki, uzaq qohumdan yaxın qonşu irəlidir və biz bu həqiqəti illərdir ki, az qala, öz xarici siyasətimizin əsas prinsiplərindən birinə çevirmişik və Qafqaz xalqı olan, əsrlərlə qonşu yaşadığığımız gürcülərin də belə bir dəyəri bölüşməsi kimsədə şübhə doğura bilməz...

Amma Rusiya mənbələri gürcü baş nazirinin səfərilə bağlı bir qədər fərqli şeylər də yazdılar. Belə məlum oldu ki, G.Qaxariya Azərbaycana əliboş gəlməyibdir, özü ilə gürcü patriarxı - katalikosu 2-ci İliyanın məktubunu gətirib.

Məktubun məğzi hətta Rusiya mənbələrinə də tamam-kamal məlum olmasa da, onun Keşikçidağla bağlı olduğu bildirilirdi. Doğrusu, Qaxariyanın Azərbaycan prezidentilə görüşdə tez-tez “Azərbaycanla Gürcüstan arasında həlli mümkünsüz olan problem yoxdur” deməsi bizim də diqqətimizi cəlb etmişdi, fəqət, biz bunu daha çox iki ölkənin yaxınlığının ifadəsi kimi başa düşmüşdük...

Bəli, bir neçə ildir ki, Keşikçidağ abidə kompleksi (biz buna monastr demirik ki, çünki bu halda onun dolayı yolla xristian – gürcü abidəsi olduğunu etiraf etmiş oluruq, hərçənd, xristian abidələri Azərbaycan ərazisində də ola bilir və necə ki var – yüz illərdir biz öz ərazimizdə qədim alban abidələrini qoruyub saxlayırıq!) iki ölkə arasında mübahisə predmetinə çevrilibdir, xüsusən də son bir neçə ayda problem (əgər buna problem demək mümkünsə!) daha qabarıq forma alıbdır.

Hətta arada iki ölkənin sərhədində kiçik insident də yaşandı və bizim üçün hələ də təəccüblüdür ki, bu insident Mərkəzi Asiyanın iki ölkəsinin sərhədində yaşanan insidentlə təxminən eyni vaxta təsadüf etdi və biz çox təəssüf ki, hələ də bilmirik ki, bu, bir təsadüf idi, yoxsa burada da nə iləsə sinxronluq vardı?..

Bütün hallarada, Gürcüstanla Azərbaycan arasındakı sərhəd-demarkasiya məsələləri canlandı, Azərbaycan prezidenti diplomatlarımız arasında sərhəd məsələlərilə ən çox məşğul olan X.Xələfovu yenidən öz postuna qaytardı və son məlumatımız budur ki, kompleks ərazisində Azərbaycanın sərhəd-xidmət məntəqəsi yaradılıbdı və düz də edilibdir...

Çox təəssüf ki, bilgilərimiz bununla məhdudlaşır və bir bildiyimiz də budur ki, biz heç bir halda bu kompleksi Gürcüstana güzəşt edə bilmərik və ən azı unutmamalıyıq ki, tarix, abidənin mədəni əhəmiyyəti bir tərəfə, bizim daha güzəşt ediləsi torpağımız yoxdur – hətta bir santimetr belə...

O ki qaldı başqa məsələlərə, bəli, biz də bilirik və tamam-kamal razıyıq ki, Gürcüstan bizim üçün çox önəmli ölkədir, amma onu da yaxşı anlayırıq ki, Azərbaycan Gürcüstan üçün bundan da qat - qat önəmlidir və hətta belə deyərdik ki, Gürcüstan Azərbaycanın sayəsində müstəqil ola bilibdir - yəqin gürcülər mərhum prezident E.Şevarnadzenin vaxtilə MDB-nin iclaslarından birində dediyi sözləri xatırlayırlar: “Bizə böyük qardaş lazım deyil, bizim böyük qardaşımız var – o, Heydər Əliyevdir!”.

Əslində 2-ci İliya Azərbaycan prezidentinə başqa məktub göndərməli idi – minnətdarlıq məktubu, çünki hər şey bir yana, Gürcüstandakı bütün kilsələr, o cümlədən də erməni kilsələri illərdir, pulsuz Azərbaycan qazı ilə qızdırılır,- biz hələ başqa məsələləri demirik...

Odur ki, qonşu Gürcüstana çox böyük hörmət-izzətimizi və sevgimizi ifadə etməklə yanaşı bir məsələni də qeyd etməyi vacib bilirik: siyasətin və siyasətçilərin əbədi dostları yox, əbədi maraqları olur. Bu konteksdən yanaşanda, bəli, indi Tiflisin bizə ehtiyacı var, bu ehtiyac aradan qalxandan, bunlar öz istədikləri, can atdıqları kimi Avropaya tamamilə inteqrasiya edəndən sonra yenə də bizim dostlarımız kimi qalacaqlarmı?

Belə olmasını çox istərdik, amma böyük şübhələrimiz var– Gürcüstan siyasətçilərinin heç də hamısı bütün məsələlərə eyni dərəcədə müdriklik nümayiş etdirmirlər və bu azmış kimi çoxu hələ də bəzi stereotiplərdən də qurtulmayıblar, hələ də belə stereotiplərlə yaşayırlar. Odur ki, burada çox məşhur bir rus zərb - məsəli yada düşür: “Etibar et, amma yoxla!”...

Hüseynbala Səlimov