Bunlar nə düşüncəsiz, nə darqursaq adamlardır Bunlar nə düşüncəsiz, nə darqursaq adamlardır
  • Yazarlar
  • 14 Oktyabr 2019 17:13
  •  6 508

Əhmədova haradadır?

Bunlar nə düşüncəsiz, nə darqursaq adamlardır

Yenə haray-həşir salıblar: "Pərvanə xanımı oğurlayıblar!", "Hakimiyyət Pərvanə xanımı satın alıb!".

Bunlar nə düşüncəsiz, nə darqursaq adamlardır, İlahi! Yox bir, Pərvanə xanım qoşulub qaçıb…

Əvvəlcə zavallı qadından qəhrəman düzəltməyə çalışdılar. Nə var, nə var, piketdə üç mənasız cümlə deyib, sonra da özünün etiraf etdiyinə görə, “dönər almağa gedirəm, gələcəyəm” deyərək polisin əlindən qaçıb gedib. Amma mən sizə deyim ki, polisin qəsdi olsaydı, onu elə oradaca saxlaya bilərdi. Ancaq bildiyimiz kimi, saxlamayıblar. Bu da onu göstərir ki, hüquq-mühafizə orqanları sözə görə adam həbs etmir, cərimələmir. Qadının da sözdən başqa əməli olmadığından, onunla işləri olmayıb və çıxıb gedib evinə.

Fəqət onu qabağa verib arxasında gizlənmək istəyənlər qadından əl çəkmək istəmirlər. Qırsaqqız olub yapışıblar yaxasından ki, sən mübariz qadınsan, qəhrəmansan, nə bilim, hökümət tərəfdarlarının cavabını elə verdin, belə verdin… Bir sözlə, səndən yoxdur!

Vallah, avam qadının qoparağını elə götürdülər, yazıq bəlkə də, xoflandı. Evə çatan kimi güzgüdə özünə baxdı və düşündü: “Yahu, bu mənəm, mən deyiləm…”.

Sonra bilmədi neyləsin. Qərar verməyə çalışdı: o qəhrəmandır, yoxsa cinayətkar? Piketdə dediyi o üç cümləyə görə mükafatmı almalıdır, cəzamı? Yanında savadlı, dünyagörüşlü, həm də vicdanlı bir adam olsaydı, ona başa salardı ki, ay bacı, ay ana, sən nə qəhrəmansan, nə də cinayətkar. Cəmi-cümlətanı üçcə kəlmə boş və mənasız söz söyləmisən ki, onlara görə heç kəsə qəhrəmanlıq və cinayət işi düşmür. Çünki o sözləri cəbhə trolları sosial şəbəkələrdə səhərdən-axşamacan, axşamdan da səhərəcən “Orbit” saqqızı kimi çeynəyirlər və heç biri də nəinki qəhrəmandır, heç qəhvə üyüdən də deyil… Cinayətə gəldikdə isə ölkədə sözə görə heç kəs həbs olunmur, səndən də sərt, abırsız, tərbiyəsiz, ədəbsiz ritorika sahibləri sosial şəbəkələrdə “at oynadırlar”, heç əhəmiyyət verən də yoxdur. Odur ki, narahat olma. İndi bir səhvdir eləmisən, bir daha etmə. Bir də elə yerlərə gedib, özünü küyə qoyma. Başını sal aşağı öz problemlərinlə məşğul ol, işlə, yardım üçün müraciət et. O piket-mitinqdən sənə xeyir gələsi deyil…

Amma kim bilir, bəlkə də, elə bir xeyirxah adam tapılıb və xanımın bəsirət gözünü açıb. Ona düzgün yol göstərib, istiqamət verib, hətta müəyyən mənəvi-maddi yardım da göstərib, yaxud vəd edib. O da övladlarını yanına alaraq, başının çarəsinə baxmağa, özünə gün ağlamağa, xoşbəxtliyini aramağa gedib.

Məgər kiməsə hesabat verməliydi? Deməliydi ki, hara gedir, nədən ötrü gedir? Kefi belə istəyib və gedib. Məgər dünənə kimi belə etmirdi? İnsan birdən-birə niyə dəyişməlidir ki? Bəlkə, mətbuat konfransı keçirib, sonra harasa getməliydi?

Bəlkə, qohum-qardaşına, ata-anasına, əmisinə, dayısına, xalasına, bibisinə baş çəkməyə gedib? Bəlkə, Pərvanə xanımın yaxşı varlı-hallı, imkanlı qohum-qardaşı varmış, onunla maraqlanmırlarmış? Küsülü imişlər, gəlib barışıblar onunla? Məgər ölkədə, lap elə dünyada belə hallar azdır? Bəlkə, onu piketdə, sosial şəbəkələrdə, saytlarda gördükdən sonra vicdanları sızlayıb, dərhal ardınca gəliblər və özləriylə aparıblar, sahib çıxıblar ona?

Qara CİP ilə gedibsə, niyə hökmən oğurlanmalıdır, özü də hakimiyyət oğurlamalıdır? Məgər Pərvanə Əhmədovanın qardaşının, lap elə onu atıb getmiş ərinin, əmisinin, bibisi oğlunun, dayısı qızının qara CIP-I ola bilməz? Elə olar lap bal kimi. Az öncə Pərvanə Əhmədova haqqında baxdığım süjetdə qara CİP-in biri elə onun evindən iyirmi metr aralıda dayanmışdı. Bəyəm, ölkədə hazırda hər beş nəfərdən birində qara CİP yoxdurmu?

Bu adamların sanki ağızları deyəni qulaqları eşitmir. Dünən qəhrəman dedikləri adamı bu gün çox asanlıqla satqın, xəyanətkar adlandıra bilirlər. Dünən Pərvanə Əhmədova bunların gözündə “qəhrəman” idi, amma bircə günün içində hökümətə “satıldı”.

Həzarat, Pərvanə Əhmədova nə qəhrəmandır, nə də satqın. Bunlar yalnız və yalnız sizlərin ona yapışdırdığı yarlıqlardır. Bu, sizin fantaziyanızdır, xəstə təxəyyülünüzdür. O, sadə bir insandır, avam qadındır. Sizin küyünüzə getdiyi kimi, başqasının mərhəmətinə, xeyirxahlığına sığına da bilər. Ona mane olmaq, həyatına qarışmaq, burun soxmaq, ondan sui-istifadə etmək yox, ona kömək etmək lazımdır. Bunu bacarırsınızsa edin, bacarmırsınızsa, qadını rahat buraxın, qoyun başının çarəsinə baxsın.

Nadir Qocabəyli