Daha böyük hədəflərə doğru addımlamağa çalışan adamların əməyindən bütövlükdə cəmiyyət qazanacaq Daha böyük hədəflərə doğru addımlamağa çalışan adamların əməyindən bütövlükdə cəmiyyət qazanacaq
  • Yazarlar
  • 15 Oktyabr 2019 11:35
  •  5 219

AzTV-də nələri gördük?

Daha böyük hədəflərə doğru addımlamağa çalışan adamların əməyindən bütövlükdə cəmiyyət qazanacaq

Azərbaycan Dövlət Televiziyasının (AzTV) tarixində sədrin KİV orqanları təmsilçilərini geniş tərkibdə qonaq dəvət edərək onlarla səmimi şəraitdə görüş keçirməsi kimi təcrübəyə rast gəlinmir. Biz əvvəlki illərdə AzTV-yə rəhbərlik etmiş şəxslərin ictimaiyyətlə münasibətlər kontekstində İSTİQANLI davranışını müşahidə etməmişik. Məsələn, köhnə rəhbərlik elə hesab edirdi ki, “QAPALI SƏHMDAR CƏMİYYƏTİ” adı, sədrin də hamıdan uzaq durması anlamına gəlir. Ona görə də qapılarını həmişə arxadan möhkəm bağlayırdılar...

AzTV-nin yeni sədri isə tamamilə fərqli fəaliyyət nümunələri yaratmaqda davam edir. Rövşən Məmmədovun çap və elektron media təmsilçilərini oktyabrın 12-də AzTV-də qonaq qəbul etməsi də onun cəmiyyətə təqdim etdiyi yeniliklər sırasına əlavə oluna bilər.

Sədr qonaqları elə həyətdəcə qarşıladı. Onun hər kəslə bir-bir salamlaşaraq, “Xoş gəlmisiniz” deməsi, AzTV sədrinin ictimaiyyətlə isti münasibətlər qurmaqda, dostluq əlaqələri yaratmaqda maraqlı olduğuna açıq işarə idi. Rövşən Məmmədov çıxışında da ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin zərurətindən danışaraq, AzTV-nin ölkədə fəaliyyət göstərən media orqanları ilə əməkdaşlıq şəraitində işləmək istiqaməti götürdüyünü və bütün mütərəqqi təşəbbüslərə açıq olduğunu vurğuladı. Bu isə ondan xəbər verirdi ki, yeni sədrin hədəfi təkcə efiri yeniləmək, müasir standartlara cavab verən studiyalar yaradaraq baxımlı verilişlər hazırlamaqdan ibarət deyil. Sözügedən görüş məndə o əminliyi yaratdı ki, bu gün AzTV-də aparılan islahatlar çoxşaxəlidir və kompleks tədbirlər planı üzərində qurulmuş dərin konsepsiyaya söykənir.

Rövşən Məmmədovun fikirlərini maraqla dinlədim və qənaətim belə oldu ki, AzTV tədricən daha ciddi uğurlara imza atacaq. Bunun üçün tələb olunan amillər bu gün dövlət televiziyasının gözlə görünən reallıqlarını təşkil edir: Yaradıcı mühit, dinamik fəaliyyət, çağdaş televiziya standartlarına uyğunlaşmaq həvəsi, texniki təminat, inzibatçılıqdan uzaq, enerji ilə dolu intellektual rəhbər...

Bütün bunların hamısı dünənə qədər AzTV üçün nağıl kimi görünsə də, bu günün gerçəkliyidir və şübhə etmirəm ki, hazırkı imkanlar dövlət televiziyasını uzun illər uzaq düşdüyü POPULYARLIQ CƏDVƏLİNDƏ yüksələn xəttini də təmin edəcək.

Görüşdə diqqətimi çəkən həm də o oldu ki, AzTV-nin bügünkü görünüşü barədə fikirlərini açıqlayanların hamısı konkret misallar göstərir, yeni verilişlərin demək olar ki, hamısının adını çəkir, həmin verilişləri izlədiklərindən xəbər verən detallara toxunurdular.

Bu AzTV üçün ciddi nəticədir. Hər halda yeni rəhbərliyin qısa müddətdə intellektual kəsimin diqqətini cəlb edən layihələr ortaya qoyması balaca məsələ deyil.

AzTV-də yeni yaradılmış studiyalarda da olduq. Deyim ki, 90-cı illərin standartlarından o tərəfə keçə bilməyən qaramat dekorasiyalardan əsər-əlamət qalmayıb. Studiyalar tamamilə müasir dövrün tələblərinə uyğun şəkildə qurulub. Rəqəmsal texnologiyalara üstünlük verilməklə, işıqlandırıma sistemləri, çəkiliş avadanlıqları yenilənib. Bir sözlə, nəticə heyrətamizdir.

Az müddətdə çox böyük işlər görülüb ki, bunun da nəticəsini bu gün hamımız AzTV efirindən maraqla seyr edirik.

Qərəz, getdik, gördük və bir daha əmin olduq ki, atalar təsadüfən deməyib: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”

Odur ki...

Bizə ancaq dəstək vermək qalır. İş görmək istəyən, inkişafa xidmət edən nümunələr yaradaraq daha böyük hədəflərə doğru addımlamağa çalışan adamların əməyindən bütövlükdə cəmiyyət qazanacaq. İstədiyimiz də elə bu deyilmi?

Nicat Dağlar