Əli Kərimli hakimiyyətə gəlmək və onu əlində saxlamaq imkanlarının olmadığını hamıdan yaxşı bilir Əli Kərimli hakimiyyətə gəlmək və onu əlində saxlamaq imkanlarının olmadığını hamıdan yaxşı bilir
  • Yazarlar
  • 16 Oktyabr 2019 15:21
  •  4 042

İkibaşlı siyasət

Əli Kərimli hakimiyyətə gəlmək və onu əlində saxlamaq imkanlarının olmadığını hamıdan yaxşı bilir

Dağıdıcı müxalifət yenə mitinqə hazırlaşır. Daha doğrusu, aranı qarışdırmağa. Çünki normal, qayda-qanuna uyğun mitinq keçirmək istəsəydilər, ədəb-ərkanla Bakı Şəhər İcra hakimiyyətinin göstərdiyi yerə gedər və ürəklərini növbəti dəfə boşaldardılar.

Ancaq bunların məqsədi şəhərin gediş-gəliş çox olduğu, sıx, təxribatlar üçün əlverişli olan bir ərazisində toplaşmaq, təsadüfi adamları, kriminal ünsürləri öz avantüralarına cəlb etmək, öyrədilmiş adamlar vasitəsilə aranı qatmaq, dava düşməsinə, toqquşma yaranmasına, hətta qan tökülməsinə nail olmaqdır.

Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, bunlar qan tökülməsindən istifadə edərək, hakimiyyətə qarşı narazılıq yaratmaq, onun üzərindən keçərək hakimiyyətə gəlmək xəyalı ilə yaşayırlar. Ancaq bu qan onların öz qanı yox, əvvəlki dövlərdə olduğu kimi, başqalarının, günahsız insanların, yoldan keçənlərin, maraq üçün baxmağa gələnlərin qanı olmalıdır.

Bunlar əvvəllər olduğu kimi yenə sonradan peyda olacaq, təraş etmədikləri sifətlərinə saxta ifadə verərək, səslərini bir qədər boğuqlaşdıraraq, saçlarını pırpızlaşdıraraq, boğazlarına köhnə bir “maxrovı” şarf dolayaraq (guya qızmış kütləni ağıl-kamala dəvət etmək üçün o qədər qışqırıblar ki, boğazları tutulub), camaatın qarşısına çıxıb, daxili sevinclərini heç cür gizlədə bilmədən hakimiyyəti, “rejimi”, ayrı-ayrı adamları qaniçənlikdə, cəlladlıqda, qəddarlıqda qınayacaqlar.

Ancaq əminəm ki, bunlar təkrarlanmayacaq. Çünki xalq da həmin xalq deyil, hökümət də. İnsanlar ayılıblar, əvvəlki illərin acı faciələrindən ibrət dərsi götürüblər, bütün bunların onlara ancaq pis şeylər gətirəcəyini dərk edirlər, hökümət artıq bu təxribatlara qarşı necə mübarizə aparmağın yollarını yaxşı bilir. Araqarışdıranların, suyu bulandıranların balıq tutmaq sevdası bu dəfə baş tutmayacaq. Heç gələcəkdə də...

Ancaq buna cəhdlər var. Elə ki Əli Kərimli “mitinqə bizim istədiyimiz yerlərdə icazə verilməsə, şəhərin mərkəzində icazəsiz aksiya keçirəcəyik və özüm də orada olacağam” bəyanatını verdi, bütün araqarışdıranlar, divar dalından söyüş söyənlər, xarici ölkələrə sığınıb ölkəyə nifrin yağdıranlar, şər-böhtan, təhqir püskürənlər onun səsinə səs verdilər, “tərəfdarlarını” küçələrə səslədilər. Dünənəcən onu da hakimiyyətin gözünə qatıb söyən Qurban Məmmədov, Vidadi İsgəndərli, Elvin İsayev kimi ekstremistlər, söyüş, şər-böhtan ustaları dərhal peyda olub, Əli Kərimliyə dəstək verdilər, onun aksiyada iştirakını alqışladılar və s. Bundan vəcdə gələn Kərimli də “xalqı üçün hər şeyindən keçməyə, hətta canını fəda etməyə” hazır olduğunu bəyan etdi. Pafoslu və yalançı şüarlar səsləndirdi. “Əli kərimlilər qurban olsun bu xalqa” deyərək, riyakar bibi-xalaların istifadə etdiyi oxşama ritorikasına keçdi.

Ancaq deyəsən tez də ayıldı və düşündü: “Mən neynirəm, yahu, hara gedirəm? Birdən ara qarışdı, məzhəb itdi, onda mən neyləyəcəyəm? Özü də söz vermişəm ki, mitinqçilərin arasında olacağam. Birdən təxribat elədilər, döydülər, yaraladılar, lap elə vurub öldürdülər...”

Əli Kərimli bunlara qətiyyən razı olmaz, o nəinki qurban olmağa, fəda olmağa, heç burnunun qanamasına, pencəyinin sökülməsinə, ayaqqabısının bir tayının ayağından çıxmasına da razı olmaz. O, prosesləri kənardan izləməyi, hər şey bitdikdən sonra sonradan peyda olmağı xoşlayanlar sinfindəndir. Çox ehtiyatlıdır. Boş qazan kimi danqa-dunq salmağı da buna xidmət edir. Ən yaxşı halda elə edəcək ki, aksiyaya qatılmadan həbs olunsun, təhlükəli saatları polis şöbəsində otursun, sonra da evinə gedib, olanları və olmayanları ürəyi ağzından çıxa-çıxa nazlı-qozlu mətbuat katibəsi Sevinc xanıma məruzə etsin. O da okeanın o tayından qaş-göz süzdürərək, xüsusi səs effektləri və mimikalarla Əli bəyi, həmçinin onun bədbəxt tərəfdarlarını ilhamlandırsın, cuşa gətirsin.

Ancaq imam üçün ağlayanda, gərək yezid üçün ağlayasan. Əli Kərimlini nə qədər tənqid etsək, bəyənməsək də, onun ağlına, praqmatik, tədbirli adam olduğuna şübhə edə bilmərik. O, riyalar olsa da, realist bir şəxsdir və hadisələrə ayıq baxa bilir. Odur ki, bütün bu bəyanatlardan, tərəfdarlarını, ağılsız kütləni müəyyən qədər qaza gətirdikdən, təxribatçıların ona verdiyi dəstəkdən sonra “B” planını işə saldı. Nazlı-duzlu Sevinc xanımını arayaraq, ehtiyatla hakimiyyətə açıq və üstüörtülü mesajlar ötürməyə başladı. Yəni görürsünüz də, aranı qata, ən azı şəhərin mərkəzi küçələrində etirazçılarla polis arasında “dartma yaxam cırıldı” səhnələri təşkil edə bilərəm. Amma bu nə sizə lazımdır, nə də mənə. Odur ki, mənə Lökbatandan daha yaxın bir yerdə mitinq keçirməyə icazə verin ki, həm xalq, həm xarici himayədarlar bir addım irəli getdiyimi görsünlər. Bunu etməsəniz, tamamilə nüfuzdan düşərəm. Qrantlar da kəsilər. Mənim döyülməyim, öldürülməyim, tutulmağım sizə lazım deyil. Mənə də hakimiyyət lazım deyil, bilirsiniz. Sadəcə indikindən bir az güclü olmaq istəyirəm ki, tam məhv olmayım və xaricdən vəsait gəlsin. Çünki o pulverən əclaflar dəstək üçün aksiyaların kütləviliyini şərt qoyurlar. Onsuz da təcrübə göstərir ki, mitinqlər nə qədər izdihamlı olsalar da, getdikcə zəifləyir və öləziyirlər, ta ki dünyada hər hansı “demokratik” proseslər başladığına dair müəyyən illüziyalar formalaşdırılana qədər.

Əli Kərimli doğrudan da dünənki çıxışında hakimiyyətə bir növ yalvararaq, bu mesajları verdi. Görək BŞİH hansı qərarı verəcək. Əminəm ki, onlar onu daha yaxşı anladılar, proseslərin pərdə arxasını da bəndənizdən daha dəqiq bilirlər və ən doğru qərarı verəcəklər.

Keçirəm Əli Kərimlinin hakimiyyət istəyinin olub-olmaması məsələsinə. Əli Kərimli hakimiyyətə gəlmək və onu əlində saxlamaq imkanlarının olmadığını hamıdan yaxşı bilir. O, hakimiyyətin son dərəcə ağır yük, böyük məsuliyyət olduğunu, ciddi daxili və xarici dəstək tələb etdiyini, təkcə sadə xalqın yox, ziyalı təbəqənin, elitanın güclü dəstəyinə ehtiyac duyduğunu çox gözəl bilir. Əli Kərimli bunu da gözəl anlayır ki, onu prezident kürsüsünə oturtsalar belə, bu gün ona kənardan dəstək ifadə edənlərlə bacara, onların öhdəsindən gələ bilməz. O, İsgəndər Həmidov, Qurban Məmmədov, Vidadi İsgəndərli və digər onlara bənzərləri yerində oturda, gözlərinin odunu ala bilməz. Bunun üçün onun yetərli qüvvəsi, arxası, kadr potensialı yoxdur və yaxın illərdə də olmayacaq da. İndiki hakimiyyətin gücünü, potensialını öz tərəfinə çəkə biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Səbəblər haqda geniş yazmaq istəmirəm və məncə, bunu ölkəmizdə marağı olan xarici qüvvələr də bilməmiş deyil. Elə Əli Kərimlinin özünün də dərrakəsi bu həqiqəti anlayacaq tutumda olmalıdır, məncə. Sadəcə, polisə, güc strukturlarına yönəlik isti mesajlar səsləndirməklə blef edərək, öz tərəfdarlarını aldadır. Guya polis də narazıdır və bunların tərəfinə keçə bilər. Keçməz polis sizin “tərəfinizə”, çünki siz “tərəf” deyilsiniz axı. Amma nə yazıq ki, Əli Kərimlidən fərqli olaraq, ona ümid edən bir ovuc marginal bunu anlamır.

Əli Kərimlinin çıxışlarını diqqətlə dinləyən onun ikibaşlı – həm avam kütləyə, həm də elitaya, hakimiyyətə hesablanan mesajlar ötürdüyünü görə bilər. Bunun üçün sadəcə bir az həyat təcrübəsi, bir az da ağıl və bilik lazımdır.

Nadir Qocabəyli