Rusiyada avrasiyaçılıq ideyası, türk və slavyan xalqlarının birliyi çağırışları hər il daha aktual olur Rusiyada avrasiyaçılıq ideyası, türk və slavyan xalqlarının birliyi çağırışları hər il daha aktual olur
  • Yazarlar
  • 17 Oktyabr 2019 08:29
  •  6 709

"Valday" forumu, Aşqabad toplantısı və nəhayət, TÜRK sammiti...

Rusiyada avrasiyaçılıq ideyası, türk və slavyan xalqlarının birliyi çağırışları hər il daha aktual olur

Güman, burada əvvəlcə çox mühüm bir məqam üzərində dayanmaq düzgün olardı. Bəlli olduğu kimi, dünyada ingilisdilli ölkələr var, hansılarda ki, ingilis dili rəsmi dövlət dili funksiyasını yerinə yetirir.

Onların əksəriyyətində əhali və yaxud da əhalinin əksər hissəsi etnik ingilislər deyillər, bu ölkələr sadəcə, müxtəlif tarixi, siyasi və ya mədəni amillər üzündən ingilis dilini rəsmi dövlət dili kimi seçməli olublar.

Xatırladaq ki, başqa dillərin zəminində də birləşən xeyli ölkələr var. Hətta SSRİ-nin parçalanmasından sonra da yeni dövlətlər və yeni termin yarandı: türkdilli dövlətlər...

Amma burada çox mühüm bir detal, fərqli məqam var ki, onu nəzərə almamaq mümkün deyildir. Bu ölkələrin əhalisini və yaxud da əhalisinin böyük əksəriyyətini türk xalqları, yəni etnik türklər təşkil edirlər.

Ona görə də hər dəfə “türkdilli dövlətlər” ifadəsi işlənəndə istər-istəməz bir sual yaranırdı: onları türk dövlətləri adlandırmaq daha düzgün olmazdımı?..

Diqqətəlayiq haldır ki, belə bir sual bu dəfə bilavasitə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı sammitində meydana çıxdı. Qazaxıstanın keçmiş prezidenti N.Nazarbayev öz çıxışında qeyd elədi ki, bu ölkələri artıq türkdilli yox, türk dövlətləri adlandırmağın vaxtı çatıbdır.

Düşünürük ki, iştirakçı, üzv ölkələrin dövlət və hökumət başçıları, ən azı növbəti sammitə qədər mütləq bu məqamı nəzərə alacaq və Qazaxıstanın keçmiş prezidentinin, türk dünyasının siyasi patriarxı adlanan N.Nazarbayevin çox aktual olan təklifi diqqətdən kənarda qalmayacaq...

Türk sammitinin digər mühüm məqamlarına gəldikdə isə onu Bakının qısa yay siyasi tətilindən sonra başlatdığı diplomatik marafonun yekunlaşdırıcı bir həlqəsi adlandırmaq olardı, amma dərhal da yada düşür ki, yekundan danışmaq hələ çox tezdir: oktyabrda Bakıda Bloklara qoşulmayan dövlətlərin də sammiti keçiriləcək və bu tədbirdə yüzdən çox hökumət və dövlət başçısı iştirak edəcək, üstəlik də, bu il təşkilata rəhbərlik bu ildən Azərbaycana keçəcəkdir.

Yəqin ermənilərin heç təsəvvürünə də gəlmirdi ki, onların avqustda Xankəndidə keçirdiyi gülünc “ümumerməni mitinqi”ndən sonra çox mühüm beynəlxalq tədbirlər seriyası gələcək, hansıların ki, gedişində Bakı özünün Dağlıq Qarabağ problemi ilə də bağlı öz mövqeyini ifadə edəcəkdir. Valday Forumu, MDB-nin Aşqabad sammiti və nəhayət ki, Türk xalqlarının sammiti! Bütün bu mühüm tədbirlərdə Azərbaycanın prezidenti Qarabağ məsələsilə bağlı ölkəsinin mövqeyini çox məharətlə və dəqiq ifadə etdi ki, bunun da detalları oxucularımıza yaxşı məlumdur.

Düşünürük, sonuncu Türk sammiti politoloqlar və siyasi təhlilçilər tərəfindən xüsusilə analiz ediləcəkdir. Ona görə yox ki, ilbəil türk xalqlarının inteqrasiyası daha qabarıq və ardıcıl forma alır, həm də ona görə ki, artıq yeni bir geosiyasi yaranışa, Türk ittifaqına diqqət etməmək mümkün deyildir.

Yaxşı yadımıza gəlir ki, 90-cı illərin əvvəlində geosiyasi analizlərdə dünyanın siyasi xəritəsindəki yeni bir fenomen – “türk zolağı” çox geniş diskussiya olunurdu. Amma sonradan bu mövzudakı müzakirələr qismən səngidi və geopolitiklər belə bir tələsik nəticəyə gəldilər ki, bu ölkələrdəki yeni hakimiyyətlər, onların çeşidli siyasi ambisiyaları və maraqları hələ uzun müddət bu prosesi arxa plana keçirəcək. Amma ki, onlar bir mühüm məqamı nəzərə almamışdılar. Bəli, qismən haqlı idlər – bu ölkələrin müstəqilliyinin ilk illərində bölgənin geoiqtisadi arxitekturası hələ yetişməmişdi. Fəqət, bunu indi demək olmur, çünki dünyanın daha bir geoiqtisadi qütbünü Avropa ilə birləşdirən yeni tranzit xətti ildən-ilə daha aktual olur. Geopolitiklər və hətta siyasi futuroloqlar artıq yeni İpək yolu haqqında uzaq gələcəyin layihəsi kimi danışmır – yox, o, ilbəil daha real olur, üstəlik, türk dünyasını birləşdirən ciddi bir geoiqtisadi amil kimi çıxış edir.

Artıq türk dövlətlərinin geosiyasi önəmi, potensialı ilə bağlı da mübahisələr yoxdur. Bir anlığa təsəvvür edin, əgər bu ölkələr olmasaydı, Rusiyanın müxtəlif geosiyasi və geoiqtisadi layihələri hansı yazıq vəziyyətə düşərdi!

Təsadüfi deyil ki, Rusiyada avrasiyaçılıq ideyası, türk və slavyan xalqlarının birliyi çağırışları hər il daha aktual olur. Hətta bir neçə il bundan əvvəl öz xalqlarını yeni Turanın yaranması ilə qorxudan politoloqlar da hesab edirlər ki, Rusiya üçün ən optimal yol bu müstəviyə inteqrasiya olunmaqdır – xüsusən də Ukraynadakı ən son hadisələrdən sonra...

Mərhum politoloq Z.Bjezinski hələ doxsanıncı illərdə yazırdı ki, Ukraynasız Rusiyanın geosiyasi ambisiyaları məzmunsuz – puç xülyadı, mənasız söhbətdir.

Təsadüfi deyil ki, Ukrayna Rusiyanın geosiyasi müstəvisindən çəkiləndən sonra politoloqların nəzərləri Türk dünyası səmtinə yönəldi – bəli, Mərkəzi Asiya və Azərbaycana, hətta Türkiyəyə tərəf...

Amma çox təəssüf ki, hələ tam ayılma baş verməyib. Bəziləri hələ də, məsələn, Mərkəzi Asiyaya ikinci dərəcəli ölkələr, hətta indinin özündə də “qarınaltı yük” (bir vaxt A.Soljenitsın deyən kimi!) baxırlar.

Kimlərsə hələ də Rusiyanın “dost”larını başqa müstəvilərdə axtarırlar (məsələn, K.Zatulin kimi!) və nəzərə almırlar ki, türk dövlətləri olmasaydı, mərkəzi Rusiya olan daha bir geosiyasi qütb haqqındakı söhbətlər və hətta molti - polyar, çox qütblü dünya haqqındakı mülahizələr tamamilə mənasız olardı...

Hüseynbala Səlimov