Prezident İlham Əliyev komandasının şantaja məruz qoyulan üzvlərinə tam dəstək ifadə etdi Prezident İlham Əliyev komandasının şantaja məruz qoyulan üzvlərinə tam dəstək ifadə etdi
  • Yazarlar
  • 17 Oktyabr 2019 11:47
  •  10 527

İslahatçı nazirlərin “qənim”ləri, Əli Həsənovun “asi”ləri

Prezident İlham Əliyev komandasının şantaja məruz qoyulan üzvlərinə tam dəstək ifadə etdi

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi.

Müşavirədə dövlət başçımız ötən 9 ayın sosial-iqtisadi göstəriciləri barədə olduqca sevindirici rəqəmlər açıqladı, görülən işləri təhlil etdi, dəyərləndirdi, qarşıda duran vəzifələri sadaladı, prioritetləri açıqladı.

Prezidentin nitqindən çıxan başlıqlar həddən artıq çoxdur və hər birinin həftələrlə, aylarla müzakirəsinə ehtiyac var.

Ümumi dəyərləndirsək, Prezident Əliyev bu müşavirədə korrupsiyanın tam aradan qaldırılması yönündə israrlı olduğunu nümayiş etdirdi, şəffaflıq və dürüstlüyün dövlət idarəçiliyində əsas meyar olmasını vurğuladı, sosial ədalətin keşiyində dayandığını bəyan etdi, “şişmiş” məmurların sıradan çıxarılacağının, bilikli, təmiz və vətənə bağlı kadrların irəli çəkiləcəyinin anonsunu verdi. Prezident öz çıxışında islahatların alternativinin olmamasının altını xüsusi çizməklə hakimiyyətin daxilində mütərəqqi planlara qarşı çıxanlara da rast gəlindiyini açıqladı, əlaltdan bu istiqamətdə görülən işlərə kölgə salmaq istəyənlərin kimliyini dəqiq bildiyinə işarə vurdu, həmin iqtidar təmsilçilərinin mətbuatda Prezidentin islahatlara xidmət edən tapşırıqlarını yerinə yetirən komanda üzvlərinə qarşı qaralama kampaniyası təşkil etmələrinə hiddətləndi.

Əslində, hakimiyyət daxilində belə fiqurların olması heç kimə sirr deyildi. Bu barədə KİV nüməyəndələri, siyasi icmalçılar və baş redaktorlar arasında hər zaman açıq danışanlardan biri də mən olmuşam. İstər öz müəllif yazılarımda, istər müsahibə və açıqlamalarımda, istərsə də şəxsi sosial şəbəkə profilimdə dəfələrlə, dönə-dönə bəyan etmişəm ki, Azərbaycan Prezidenti İlham Əliyev apardığı islahatlar, gerçəkləşdirdiyi sosial-iqtisadi proqramlarla yağlı və böyük tikələri hakimiyyətdəki akulaların ağzından götürüb xalqın, camaatın süfrəsinə qoyur. Əllərində mühüm maliyyə resursları cəmləmiş həmin şəxslər həm dünyagörüşlərinə, həm də korrupsioner maraqlarına görə, aparılan islahatlara qarşı çıxır, sabotaj və şantaj yolunu tutmaqla müxalifət partiyalarına maliyyə ötürür, reket mətbuatı “yemləyirlər”. Bütün bunlardan sonra öz inamımı da hər zaman açıq ifadə edirdim ki, Azərbaycan Prezidentinin xarakteri və islahatların aparılması üçün xalqdan aldığı dəstək bu cür şantaj və sabotajları dəf etməyə yetərlidir, həmin məmurlar “tünd olub”, sadəcə, “öz qablarını sındıracaqlar”.

Dövlət başçısı dünən bu barədə açıq danışdı və verdiyi mesajla, heç şübhəsiz, müxalifətin mitinqinə “canlı qüvvə” göndərən (19 yanvar aksiyasını yada salın), Prezidentin siyasi kursunu dərindən mənimsəmiş və uğurla icra olunması üçün böyük əmək sərf edən ayrı-ayrı məmurları, deputatları, ictimai rəy önündə müdafiə edən jurnalistləri, ekspertləri və ziyalıları reket saytlarda, qəzetlərdə və bloqlarda hədəfə aldıran, aşağıladan, cəmiyyət nəzərində etibarsızlaşdıran fiqurlara qarşı son xəbərdarlığını etdi. Azərbaycan Prezidentinin bu xəbərdarlığı dünyagörüşünə, sədaqətinə və bacarığına şübhə etmədiyi komanda üzvlərini qorumağa yönəlmişdi. İlham Əliyev qətiyyətli siyasi lider olaraq açıq bəyan etdi ki, onun tapşırıqlarını yerinə yetirdiyi üçün qaralama kampaniyasına məruz qoyulan məmurların arxasındadır. Bu cür məmurlardan biri də məhz Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Cənab Əli Həsənov hakim komandanın son illər ən çox qaralanan, haqqında hər cür iftira yayımlanan fiqurlarındandır. Ona qarşı bu “xüsusi məhəbbət”in arxasında Prezidentə sədaqəti, kurasiya etdiyi sahədə dövlət başçısının şəxsiyyətinin və islahatçı kursunun birmənalı şəkildə müdafiə olunması, Azərbaycana, sabitliyə, hakimiyyətin mobilliyinə qarşı müxtəlif mərkəzlərdə düşünülərək KİV vasitəsi ilə reallaşdırılmasına start verilən istənilən informasiya təxribatlarının qarşısının anında alınması, cənab İlham Əliyevin müşavirədə səsləndirdiyi fikrə uyğun desək, biliyi, təmizliyi, vətənə bağlılığı dayanır. Odur ki, Azərbaycan Prezidentinin mətbuatda şantaja məruz qalan komanda üzvlərinin arxasında dayandığını xüsusi olaraq vurğulaması digər hakimiyyət təmsilçiləri kimi, Əli Həsənovu hədəfə alanlara da ciddi mesajdır.

Ancaq, görünür, bu mesajdan nəticə çıxarmaq istəməyənlər, yaxud onun sərtliyindən vəlvələyə düşənlər Prezidentin kifayət qədər açıq və konkret dediyi bir fikri başqa yerlərə, lap dəqiqi, Əli Həsənovun üzərinə çəkmək istədilər. Sən demə, hakim komandanın islahatçı üzvləri “Əli Həsənovun mediasında” qaralanırmış.

Əvvəla, “Əli Həsənovun mediası” deyə bir şey yoxdur, Azərbaycan Prezidentinin siyasi kursunu müdafiə edən kütləvi informasiya vasitələri var. Əli Həsənov məhz Prezidentin iradəsi və ona həvalə edilən vəzifənin funksionallığı çərçivəsində həmin resurslarla dövlətin və hakimiyyətin əlaqələrinin qurulmasında məsuldur.

Digər tərəfdən, dünən dövlət başçısı müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən bütün cəmiyyətin gözü önündə razılıq etdi, onun timsalında komandasının gənc üzvünün gördüyü işlərə yüksək qiymət verdi, məhz onun barəsində təqdir dolu ifadələrdən sonra aşağıdakı cümlələri dedi:

“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”.

İndi gəlin, "Google" vasitəsi ilə qısaca bir araşdırma aparaq və baxaq: dövlət başçısı İlham Əliyevin son müşavirədə fəaliyyətindən məmnunluq ifadə etdiyi nazir Sahil Babayevi kimlər, hansı media qurumları ləkələməyə çalışıb?

Gənc və islahatçı nazirin əleyhinə “qara PR” materialları şövqlə tirajlayan saytlar arasında Afn.az, aztoday.az, gundeminfo.az, demokratik.az və bu qəbildən olanlardır. Təcrübə və müşahidələr göstərir ki, bu cür saytların əksəriyyəti son nəticədə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin qoltuğuna sığınırlar.

Dünənki müşavirədən sonra Əli Həsənova “nifrət püskürmək” üçün daha bir fürsət yaxaladığını zənn edən Aslan İsmayılov kod adlı hüquqşünas da Sahil Babayevi və onun başçılıq etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini dəfələrlə şantaj etməyə cəhd göstərib. Hətta onun şantaj xarakterli ittihamları ilə bağlı nazirliyin mətbuat xidməti bizim AzNews.az saytında təkziblə də çıxış edib.

Başqa sözlə, Sahil Babayevə “qənim kəsilənlər” məhz Əli Həsənovun asiləridirlər və Azərbaycan prezidentinin köməkçisinin əleyhinə heç də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirindən az “qara PR” aparmırlar.

Bütün bu faktlar qarşısında doğru nəticə çıxarmaq heç də çətin deyil.

O nəticələrdən biri də budur ki, islahatları və islahatlara meyilli kadrları qaralayan, bu məqsədlə ayrı-ayrı korrupsioner məmurlarla iş birliyinə girən məlumat resursları barədə hüquq-mühafizə orqanları araşdırma aparmalı, kirli əlaqələr ifşa olunmalı, həmin saytlar qapadılmalı, jurnalist və bloqer adı altında şantajla məşğul olanlar məhkəmədə öz cəzalarını almalıdırlar!

Taleh Şahsuvarlı

AzNews.az