Başqa yolumuz yoxdur – öz torpaqlarımızı qaytarmalıyıq... Başqa yolumuz yoxdur – öz torpaqlarımızı qaytarmalıyıq...
  • Yazarlar
  • 21 Oktyabr 2019 08:40
  •  4 011

Bu həftə erməniləri daha bir zərbə gözləyir...

Başqa yolumuz yoxdur – öz torpaqlarımızı qaytarmalıyıq...

Hələ ötən yazılarda qeyd etmişdik ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının sammitini Bakının başlatdığı diplomatik həmlə marafonunun mövsüm üçün yekun həlqəsi hesab etmək tezdir, çünki bu həftə erməniləri daha bir zərbə gözləyir – belə ki, oktyabrın 25-26-da Bakıda Bloklara qoşulmayan dövlətlərin möhtəşəm sammiti baş tutacaq və həm də 2019-22-ci illərdə təşkilata rəhbərlik Bakıya keçəcəkdir.

Bəlkə də kiməsə bu Blok üçüncü ölkələrin bir “özfəaliyyəti” kimi görünür, amma qətiyyən belə deyil: Təşkilat BMT-dən sonra ən böyük hərbi-siyasi qurum sayılır. 120 üzv-dövlət və 10 müşahidəçi beynəlxalq qurum və ölkə!..

Düşünürük ki, bu ədədlər yetərincə təəssürat yaratmaq gücündədirlər. Amma daha dolğun təsəvvür üçün qeyd edək ki, dünyanın əhalisinin düz 55 faizi, dünya neft ehtiyatlarının 75 faizi və qaz ehtiyatlarınınsa 50 faizi bu təşkilatın üzvlərinin payına düşür.

Belə hesab edirik ki, təşkilatın təqdimatı üçün bunlar prinsipcə, yetərlidir. Amma ən əsası budur ki, tədbirdə 120-dən çox dövlət və hökumət başçısı iştirak edəcək və onlar Dağlıq Qarabağ problemi haqqında əsl həqiqətləri bir daha eşidəcəklər və fikirləşirik ki, məsələ təkcə şifahi müzakirələrlə bitməyəcək, güman ki, rəsmi Bakı prosesin gedişində bir bəyannamə qəbul etdirməyə də nail olacaq və irəlicədən deyirik ki, bunun da böyük bir əks-sədası olacaq.

Bunları niyə görə deyirik? Bəziləri hələ də iddia edirlər ki, guya biz təbliğatda ermənilərə uduzuruq.

Doğrusu, biz bu cür açıqlamaları qətiyyən sevmirik; əlbəttə, təbliğatımızın bəzi detalları ilə bağlı müzakirə, hətta mübahisə açmaq olar. Məsələn, biz tarixi səpkidə sənədli filmləri, kitabları daha çox öz dilimizdə hazırlayırıq. Sözsüz ki, bu, öz əhalimizin də əsl tarixi bilməsi baxımından çox böyük önəm kəsb edir. Amma ermənilər təbliğatlarını daha çox başqa dillərdə qururlar və biz də bu səmtdəki fəaliyyətimizi gücləndirməliyik. Məsələn, elə bu tədbirin iştirakçıları üçün beynəlxalq dillərdə müəyyən sənədlər hazırlamaq və onlara da paylamaq olardı ki, düşünürük bu da ediləcəkdir.

Belədə isə baxın, görün, bizim nə qədər təbliğat imkanlarımız və auditoriyamız var: son həftələrdəki tədbirləri – Valday Forumunu, MDB dövlətlərinin Aşqabad sammitini və nəhayət, Türk Şurasının sammitini götürün! Bunların hamısı böyük imkanlar və çox böyük fürsətlər idi...

Ümumiyyətlə, biz Dağlıq Qarabağ probleminin indiki durumunu heç vaxt bilavasitə təbliğatla, onun azlığı və ya çoxluğu ilə bağlamamışıq. Yox, məsələ bunda deyil. Əlbəttə, müəyyən informasiya yanlışlıqları və ən əsasən də stereotiplər var. Amma bunlar həlledici deyil...

Burada son günlərin bir detalı üzərində dayanmaq istərdik. İnsanlarımız Suriya sərhədində Türkiyənin apardığı hərbi əməliyyatları böyük maraqla izləyirlər. Şübhəsiz ki, bunun bir səbəbi və əlbəttə ki, ən əsas səbəbi bizim türkiyəli qardaşlarımızla həmrəylimizdir – çoxdandır ki, Azərbaycan türklərilə Türkiyə türkləri arasında “bizim” və “sizin” problemlər anlayışı yoxdur. Bu, bir və bir daha qeyd edirik ki, ən əsas səbəbdir.

Amma insanlarımız həm də sual verirlər: niyə biz öz ərazilərimizdəki erməni hərbi birləşmələrinə qarşı bu cür əməliyyatlar aparmırıq?..

Həqiqətən haqlı sualdır və hətta iraddıdr. Amma gəlin bir məsələyə ciddi diqqət yetirək: bu cür əməliyyatları həyata keçirmək qardaş Türkiyəyə asan başa gəlirmi? İnanın, söhbət heç də hərbi-texniki problemlərdən və hətta insan itkisindən belə getmir. Baxın, daha kimlər, daha hansı ölkələr bu prosesə müdaxilə etməyə çalışmır? Kəskin bəyanatlar verirlər, qardaş Türkiyənin apardığı əməliyyatları pisləyir və onu dayandırmağa çağırırlar! Bu neçə ildə şəxsən biz şahidi olmamışıq ki, bir ölkəyə eyni vaxtda ABŞ - ın vitse-prezdenti, dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçisi səfər etmiş olsun! Amma ki, bunların hər üçü eyni vaxtda yüyürüb Türkiyəyə gəldilər. Səbəb? Səbəbi budur ki, bunların öz marağı var və bu maraqlar tələb edir ki, Türkiyə zəif ölkə olsun, daim bir pressinq altında olsun ki, ona öz istədiklərini diqtə edə bilsinlər...

Eyni mənzərə, eyni münasibət Dağlıq Qarabağ probleminə sərgilənir - əlbəttə, biz öz üstün hərbi - texniki, iqtisadi və hətta demoqrafik imkanlarımızla ermənilərin dərsini asanca verə bilərdik, amma burada da məsələ böyük güclərin maraqlarına dirənir. Onlar bizə hələki bu imkanı vermirlər. Amma gec - tez biz bu imkanı onlardan alacağıq, çünki başqa yolumuz yoxdur – öz torpaqlarımızı qaytarmalıyıq...

Hüseynbala Səlimov