Bəlkə kinodramaturq İbrahimbəyovu “ağ gün”ə çıxarmış media eksperti Mehman Əliyev indi də, həkim İnsanovu “maarif”ləndirəcək? Bəlkə kinodramaturq İbrahimbəyovu “ağ gün”ə çıxarmış media eksperti Mehman Əliyev indi də, həkim İnsanovu “maarif”ləndirəcək?

Əli İnsanov AXCP-Müsavat intriqalarının hakimi təyin edilib?

Bəlkə kinodramaturq İbrahimbəyovu “ağ gün”ə çıxarmış media eksperti Mehman Əliyev indi də, həkim İnsanovu “maarif”ləndirəcək?

Bəzi müxalifət partiyaları və müxalifyönlü ekspertlərin dünən (5 noyabr) Müsavat Parti­ya­sının qərargahında “Dəyirmi masa”sı keçirildi.

Dünəndən bəri “Dəyirmi masa” ilə bağlı xeyli rəylər, yorumlar və başqa türlü münasibətlər yayılmaqdadır – çoxu da məhz ironik, məhz istehsa və məhz lağ-lağı üslubunda. “Niyə”mi? “Niyə”si bir masa çevrəsində oturanların keçmişdə bir-biri ilə münasibətləri – daha doğrusu, bir çoxunun arasındakı MÜ-NA-Sİ-BƏT-SİZ-LİK və gələcəyə baxışlarının qeyri-səmimiliyi ilə bağlıdır. Elə həmən də vurğulayım, gələcəklə bağlı öncəgörüm-zad eləmirəm, bu o masadakıların münasibət və münasibətsizliklərinin bəsbəlli xa­rakterinə əsaslanır.

Necə bilirsiz, durub-dururkən bu fərqli dünyaların adamları, fərqli ideoloji, fərqli dünyabaxışı, fərqli də fərqli başqa nəsnələri qəlibləşmiş yoldaşlar, bəylər bu yaşdan, bu özkeçmişdən sonra köklü dəyişə biləcəklər, eləmi? Ay-hay, dəyişdilər ha… Mən deyim, müm-kün-süz-dür, siz yadınızda saxlayın. Sağlıq olsun, çox keçmədən hər şey gün kimi aydın olacaq. Zatən Əli Kərimli masasonrası feysbuk statusunda onunçün Milli Şuranın prioritet olduğunu yazıb (Milli Şura da bir milli şura olsa, dərd yarıydı).

Bir də, adama deyərlər, nə uğrunda “dəyirmi masa”laşırsız? Dövlətə, dövlətçiliyə, isla­hat­lara dəstək üçünmü? “Qarabağ uğrunda mübarizədə Ali Baş Komandanın, dövlətin yanın­da­yıq!” ismarıncı üçünmü?

Partiya başqanının adının Arif olması, hər yanında bir Əli oturdurması, yaxud bir ixtiyar Əlinin zaman-zaman söydüyü iki müsavatçı (keçmiş və indiki) başqan arasında əyləşməsi, nə bi­lim, əlifba sırasıymış-nəymiş. Bu, şəkillənmələrlə olmur, dostlar, olmur…

Bəlkə, Əli İnsanov AXCP-Müsavat intriqalarının hakimi təyin edilib də, xəbərimiz yoxdur? Bəlkə kinodramaturq İbrahimbəyovu “ağ gün”ə çıxarmış media eksperti Mehman Əliyev indi də, həkim İnsanovu “maarif”ləndirəcək? Necə bilirsiz, Əli İnsanov-Əli Kərimli siyasi izdivacından nə törəyə bilər, nə? Ya deyirsiz ki, iki Əlidən biri o birinə - Kərimli İnsanova biət edəcək, eləmi? Yoxsa, yanaşı oturan İsa Qəmbərlə Əli İnsanov bir-biriylə o qədər, o qədər səmimi, dəruni… bağdaşlaşma için­dədir ki, akademikin “faşist” və s. ittihamları keçmiş başqan tərəfindən unudulub, gedib işinə-gü­cünə..?

***

Yazının başlığında bir dini qavram keçir: “Biət”. İslam sözlüyündə “Biət” dedikdə, “imama (və ya əmrə) bağlılıq, sədaqət məqsədi ilə verilən söz” başa düşülür. Fikir verin, sözlükdə “Biət”dən həmən sonra “Bidət” gəlir: “Dində olmayıb, dinə istinad edilən, özəlliklə sünnəyə əks olan şeylər”. Və nə qərib, əlifba sırasına uyğun olaraq, “Bidət”dən sonra “Cahil”in yorumu verilib. Yəni, “Elm­siz, savadsız (Tanrını doğru-düzgün tanımayan)”...

Bəli, o masada eyni ­par­tiyanı bölüşməyənlər, səmimiyyət dolu biət, heç biət də deməyək, biri o birisinin liderliyini qəbul etmək qayət mümkün görünmür. Siyasi bidətə gəldikdə isə, olub da olmamaqları, olmayıb da, olmaqları, hələ istinadları “əksliklərin vəhdəti” deyil, vəhdətin əksi sayılmaq etibarı ilə çox çəkməz. Ona görə də, lütf edib də, tərəfdarlarını, onlara az-çox inananları cahil yerinə qoymasalardı, keşkə.

A sağolmuşlar, rəhmətlik Əbülfəz Elçibəyə prezidentliyə namizəd olmağı güzəşt etməyənlər (Bu barədə yazılar, təhlillər zamanında yeri-göyü götürmüşdü), indi qoca akademikəmi güzəşt edəcəklər, deyirsiz?

Qoca demişkən, artıq dünəndən bəri başqa yazarların da vurğuladığı kimi, “Dəyirmi masa” çev­rəsində siz bir yeni sima gördüzmü? Özlərinə rəqib bildikləri iqtidar komandası gənc kadrları geniş­ planda çox məsul vəzifələrə irəli çəkdiyi bir vaxtda bu köhnəliklə, bu qoca müxaliflərlə haraya varılır, haraya?

Digər yandan, bəs başqa müxalifət partiyaları, müxalifyönlü ekspertlər niyə masada yoxdu?

Bə hanı demokratdız, bə hanı yenilkçiydiz? Budur, sizin üfüqügenişliyiniz? Budurmu sizin dərinliyiniz?

Qüsura baxmasaz, sözümü dahi Üzeyir bəy Hacıbəylinin ölməz “O olmasın, bu olsun” əsərindən (Həsən bəyin çıxışını ehtiva edən) bir parçaya xitabən (və o üslubda) tamama yetirmək istərdim:

“Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim qoca akademiki askarbit eyləmək deyildir; ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, qoca akademikin nəyi, hansı yönü Arif bəylərə xoş gəlibdir ki, onu “Dəyirmi masa”ya çağırıb, ürək tərəfində (keçmiş başqanla öz arasında) əyləşdirib, adını da siyahıda başda yazıb, ilk sözü də ona verir?

Demokratlığı? Xeyr! Əli İnsanov, ərz eylədim ki, demokrat deyil.​ Cavanlığı (yeni sima olması)?

Xeyr, İnsanov qocadır. Bəs nəyi? Neujeli akademikin pulu, malı, dövləti?..” (İstəyən, “Xeyr, xeyr” deyib, davam edə bilər. Məndən bu səfər bu qədər…).

Əkbər QOŞALI