Şəkillərdə Mehman Əliyevi də gördüm...

Adam həbsə düşəndən sonra doğrudan da söyüb təhqir etdiyi, vecinə almadığı jurnalistlərə möhtac oldu

Çoxdanın söhbətidir. Lap çoxdanın. Bu Əli İnsanov adlı adam Heydər Əliyev hakimiyyətinin ən ünlü və özündən deyən nazirlərinin önündə gedirdi. Bunun bir sözünü iki edəcək kimsə yox idi. Dünyanı vecinə də almırdı. Sonrakı dövrdə – 2005-ci ilin ortalarına qədər də nazir vəzifəsində qaldı. Prezident İlham Əliyev mirasa sədaqət örnəyi bu adamı da vəzifədə saxlamışdı. Lakin bu Əli yerində dinc durmurdu. Yəni yerini bilmirdi. Ona görə də yerini göstərmək zərurəti yarandı və Prezident İlham Əliyev onunla yollarını ayırmalı oldu. Adam 2005-ci ilin parlament seçkisi öncəsi həbs edildi. Araşdırmalar başlandı, dəlillər toplandı və bunun altından daha nələr çıxmadı? Tam bir kralmış adam! Az qala Azərbaycanın dövlət büdcəsi qədər sərvəti varmış. Milyardlar! Şokda idik! Korrupsioner olduğunu bilirdik. Amma bu qədərini təsəvvür etməyə belə bizim dünyagörüşümüz yetərli deyildi…

Nə isə. O illərdə əhvalatlarımız çox olub. O əhvalatlardan bir xeylisi də bu Əli İnsanov adlı neomüxalif zatla bağlıdır. Bu adamın parlamentdə ANS-in müxbiri Afət Telmanqızını “konkret rədd eləməsi” hələ də yaddaşlardadır. Adam mediaya, jurnalistlərə sadəcə dözümsüz deyildi, həm də nifrət edirdi. Bunun azad sözə, azad mediaya dözümü sıfırın altında idi. Yəni Heydər Əliyev, ardından da İlham Əliyev olmasaydı bu adam nazir işlədiyi dönəmlərdə biz jurnalistləri soyqırıma uğradardı…

İndi də görürəm ki, bu zat Azərbaycan Prezidenti İlham Əliyevin lütfü sayəsində həbsdən azad edilməsinə baxmayaraq öz ağlınca aləmə meydan oxumağa cəhd edir. Hətta o dərəcədə ki, İsa Qəmbər, Əli Kərimli kimi vaxtı keçmiş siyasətçilərlə bir masa arxasında əyləşib hakimiyyətə dov gəlmək istəyir. Dünən onların o dəyirmi masasından şəkillərini gördüm. Bir zamanlar məhv edilməsini tələb etdiyi adamlarla birlikdə idi bu Əli İnsanov. Yaxşı yadımızdadır ki, bu adam onlara irad tuturdu, deyirdi ki, bu müxalifətçilər gələcəkdə öz övladlarının üzünə baxmağa utanacaq. İndi o gələcək gəlib, amma ki, İnsanov Əli də gedib özü o utandırdığı adamlarla bir masa arxasında əyləşib…

Bu dərnək misalı toplantı mənə bəzi başqa məqamları da xatırlatdı. Onları da qeyd edim, oxucular üçün maraqlı olsun.

Günlərin bir günü idi. Əli İnsanovun qılıncının dalı da kəsirdi, qabağı da. Biz jurnalistlər də bundan boğaza yığılmışdıq. “Azadlıq” qəzetində işləyirdim. Bir gün baş redaktor Qənimət Zahid qərar verdi ki, gedirik Əli İnsanova etiraz etməyə. Düzəldik yola. Gəldik Səhiyyə Nazirliyinin qarşısına, başladıq şüarlar çığırmağa. Heç kim bizi vecinə də almadı. Bu gün “azadlıq fədaisi” olduğunu iddia edən Əli İnsanovun nəinki özü, heç adi bir işçisi də dışarı çıxıb bizdən soruşmadı ki, nə istəyirsiniz? Lakin ən yaddaqalan bu deyil. Bu günə kimi xatırlayıram: Qənimət Zahid Əli İnsanovun ünvanına üzünü tutub deyirdi ki, “bax, gün gələcək, bu gün saymadığın, söyüb təhqir etdiyin bu mediaya sənin də ehtiyacın olacaq”. Onda Əli İnsanov belə şeyləri vecinə almazdı…

Adam həbsə düşəndən sonra doğrudan da söyüb təhqir etdiyi, vecinə almadığı jurnalistlərə möhtac oldu. Özü də əməlli-başlı. Deyirlər, xəbər də göndəribmiş ki, məni bağışlayın…

İndi baxıram ki, “Azadlıq” qəzetinin gerçək sahibi, siyasi bloqqer Əli Kərimli də bu Əli İnsanovla bir masa arxasında şəkil çəkdirmək üçün özünü oda-közə vurur…

İnsanovla bağlı bir xatirəmi də danışıb söhbəti qapadıram. Deməli, 2005-ci ilin parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən müstəqil namizəd idim. Müxalif “Azadlıq” bloku mənə rəsmən dəstək vermək üçün adımı siyahıya da salmışdı. Yəni mən rəsmən müxalifətin namizədi idim, yaxşı da kampaniya aparırdım. Bu Əli İnsanovun bölgədə yaşayan bir həmyerlisi və tərəfdarı vardı. Adam bizə mümkün bildiyi hər cür pisliyi etmək üçün özünü həlak edirdi. Birdən Əli İnsanovun həbs xəbəri gəldi. Aləm qarışdı, gündəm dəyişdi. Və Əli İnsanovun indi adını unutduğum o adamı bizə ismarıc göndərdi ki, “rejimə qarşı mübarizədə sonadək sizinləyəm”. Pay atonnan! Heç bir gün keçmədi bu adamın həbsindən, dünənədək hakimiyyətə bəhbəh deyən bir günün içində dönüb oldu Azər Həsrətdən də radikal müxalifətçi!

Nə isə, yazırıq ki, bilməyənlər bilsin. Əslində, bu yazını yazarkən enerjimə və vaxtıma heyfim gəlir. Amma nə edək ki, yeni nəsil gənclər belə adamları bizim qədər tanımır. Tanımadıqları üçün bəzən bunların şirin dilinə, aktyorluq məharətinə aldanır. Bizim vəzifəmiz aldanacaq gənclərə yardımçı olmaq, siyasət aləmində olanları tanıtmaqdır.

“İnsanov və onun komandası”

Kimdir neomüxalif Əli İnsanov adlı adam? Müstəqillik dönəmi siyasətin içində olan birisi kimi qısa deyirəm: ən iri çaplı korrupsioner, ən qəddar azadlıq düşməni, müxalif və fərqli düşüncəyə ən dözümsüz adam! İndi bu adammı kimlərəsə müxalifətçilik dərsi keçəcək? Yaxud, indi bu adammı stajlı və artıq vaxtı keçmiş müxalifətçiləri başına cəm edib “korrupsioner və insan haqlarını pozan rejim”ə qarşı savaş açacaq? İndi bu adammı dünənədək asılmasını, kəsilməsini, güllələnməsini tələb etdiyi İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli kimi şəxslərə liderlik edərək xalqı “rejimə qarşı” qaldıracaq? Çox məzəlisiniz, çox… “Bəylər” deyəcəkdim, amma adamlar sosial mediada söyüç çeteləri qurub onların arxasında gizləndiyi üçün bu adı yaraşdıra bilmədim…

Sözardı: Şəkillərdə Mehman Əliyevi də gördüm. Həmin masanın arxasında oturmuşdu. Xəbərlərdən bəlli oldu ki, o da ordakılar kimi “rejimə” qarşıdır. Yəni İlham Əliyevi yıxmaq istəyənlərdəndir. Bəs deyirdilər bu adamın davası sadəcə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovladır? İndi bəlli olur ki, onun əsl hədəfi Prezidentin şəxsən özüdür. Biz bunu yazmışdıq aylar və hətta illər öncə. Adamlar Prezidentə qarşı mübarizəni onun yaxın siyasi çevrəsini – etibarlı komanda üzvlərini gözdən salmaqla başlamışdılar. Biz də vaxtında duyuq düşmüşdük…

Lap sonda: Bir məsələ də yadıma düşdü. Əli İnsanovun nazir olduğu dönəmlərdə “insanovin” adlı dərman vardı. Şıdırğı alveri gedirdi. İndi nəsə bu dərmana möhtac xəstələr də gözə dəymir elə bil. Adam, bir xəstəliyi bir dərman icad edərək kökündən və əbədilik həll etmişə bənzəyir sanki. “Halal olsun!”...

Azər Həsrət