Belarusu da sabitlik zolağından çıxarmağa çalışırlar…

İndi baş verənlər bizim dediklərimizin ən bariz təsdiqidir

Ağ ruslar – belaruslar o qədər də ağılsız millət deyil. Onlar SSRİ-nin süqutunun ardından yaşanan bütün təlatümləri ən az itki ilə arxada qoymağı bacarmaları ilə yadda qalıblar. Ölkəyə başçılıq edən Aleksandr Lukaşenkonun xalqa yönəlik siyasəti bu ölkənin nəinki ayaqda durmasını, həm də inkişafını təmin edib. Lakin istər doğuda, istərsə də batıda olan mərkəzlər Belarusun belə müstəqil siyasətini heç vaxt həzm etmək istəməyiblər. Ona görə də ölkədə “demokratiya və azadlıq” çatışmazlığını bəhanə edərək daim hücumda olublar. Ki, günün birində bu ölkəni də, örnək üçün, qonşu Ukraynanın gününə salsınlar…

İndi baş verənlər bizim dediklərimizin ən bariz təsdiqidir. Dünən Aleksandr Lukaşenkonun Minskdə keçirdiyi 60 minlik mitinq bir daha göstərir ki, xalqın öz liderinə etimadı yerindədir. Lakin dünyada media manipulyasiyalarının geniş yayıldığı bir dönəmdə bu mitinq haqqında görüntü vermək nədir, söz belə etməyənlər “alternativ” güclərin küçələrə axışan tərəfdarlarını geniş təbliğ edərək tək tərəfli görüntü yaratmağa çalışırlar. Hadisələrdən yetərincə xəbəri olmayanlara elə gələ bilər ki, Belarusda yalnız müxaliflər xalqın dəstəyini alır. Hazırkı Prezident və seçkinin qalibi Aleksandr Lukaşenko isə heç bir dəstək almır. Dediyimiz kimi, əslində elə deyil…

Əlbəttə, xalqın bəlli bir kəsimi heç bir siyasi keçmişi olmayan evdar qadın, ilk həmlədə ölkədən qaçmış Svetlana Tixanovskaya adlı yeni “liderə” səs verib. Lakin anlaşılandır ki, onun Aleksandr Lukaşenko kimi illərin siyasətçisini yenməsi ağlabatan deyil. Bəs yüz minlərlə insanı küçələrə çıxaran nədir? Necə olur ki, bir “kuxarka” durub-durduğu yerdə siyasətlə məşğul olmaq istəyir, bunu da birbaşa prezidentliyə iddia ilə başlayır? Qəribə deyilmi?

Biz də illərdir siyasətlə, ictimai fəaliyyətlə məşğuluq. Nə Azərbaycanda, nə də dünyanın hər hansı başqa bir ölkəsində normal ortamda təsadüfi birinin siyasətə məhz prezidentliyə namizəd olaraq başlamasını görməmişik. Düzdür, indi kimlərsə deyəcək ki, Ukrayna Prezidenti Zelenski də belə gəldi və seçkini uddu. Biz də bu deyiləni təsdiq edəcəyik. Lakin onu da əlavə edəcəyik ki, Ukraynada bənzər layihənin baş tutması üçün illərdir iş aparılırdı. Nə qədər məşqlər edilmiş, seçkilərdə ayrı-ayrı hallar təkrar-təkrar işlənilmişdi. Belarusda isə belə bir hal olmamışdı. O üzdən 37 yaşlı Svetlana Tixanovskayanın göydən zənbillə düşüb prezidentliyə iddia etməsi, populyarlıq qazanaraq önə çıxmış kimi görünməsi şübhəli deyilmi?

Şübhəlidir əlbəttə. Oyunu quranlar üçün Belarusda kimin prezident olmasının o qədər də əhəmiyyəti yoxdur. Onlara bu ölkəni də qonşu Ukrayna kimi sabitlik zolağından çıxarıb növbəti oyunlar üçün əlverişli platsdarma çevirmək lazımdır. Ona görə də Svetlana Tixanovskaya kimi siyasətin heç kandarına da yaxın gəlməyən birini az qala prezident edəcəklər. O isə elə ilk zərbədən səndirlədi, lider olmadığını göstərdi və dərhal da ölkədən qaçdı. Əslində, belə bir durumda küçələrə tökülən “xalq” da çəkilib yerində oturmalı idi. Lakin oturmur. Demək ki, bu “xalq”ın hərəkətverici qüvvəsi təsadüfən prezidentliyə namizəd olmuş Svetlana Tixanovskayadan fərqli olaraq geri çəkilməyə o qədər də həvəsli deyil…

Necə də bənzər senaridir, deyilmi? Eyni senari ilə Gürcüstanı sabitlik zolağından çıxarmışdılar bir vaxtlar. Həmin senarinin bənzərini tətbiq edərək yavaş-yavaş inkişaf etməkdə olan Ukraynanı qarışdırmışdılar. Hələ biz ərəb ölkələrini demirik. Liviya kimi uzun illərin sabit və inkişaf edən ölkəsini bir inqilab həmləsi ilə darmadağın etmədimi bu qüvvələr?..

İndi də sıra Belarusdadır anlaşılan. Nə baş verəcək? İki seçənək var. Ya A.Lukaşenko möhkəm dayanıb xaricdən idarə olunan etirazçıları geri oturtmağı və ölkəni xilas etməyi bacaracaq, ya da təzyiqlərə davam gətirməyərək ölkəsini onlara təslim edəcək. Birinci seçənək Belarusun sabitliyinin və inkişafının davamı demək olacaq. İkinci seçənək baş tutsa bu ölkə də qonşusu Ukrayna kimi daxili təlatümlər girdabına yuvarlanacaq.

Hələlik görünən odur ki, Aleksandr Lukaşenko möhkəm dayanıb. Üstəlik, ona səs vermiş seçicilərin də böyük bir qismi səsini qorumaq əzmindədir. Lakin təbliğat manipulyasiyasına aldansaq, tamam əksini göstərirlər bizə. Guya ki, A.Lukaşenko meydanda yalqız qalıb, hətta qaçmağa hazırlaşır. Bu təbliğatı aparanlar kimlərdir? Svetlana Tixanovskayadan quru yerdə siyasi lider düzəldib meydana salanlar. O Svetlana ki, ilk həmlədə onu dəstəkləyənləri meydanda başsız buraxıb öz canını xilas etmək üçün xaricə qaçdı…

Hələlik hadisələr inkişafda olduğu üçün dəyərləndirməmizi burada saxlayırıq. Sadəcə bir cümlə əlavə edirik: Belarus da bu inqilaba yenik düşsə Ukrayna və Gürcüstan kimi çox ciddi zərbə alacaq…

Sözardı: Bu gedişatda diqqətimizi ən çox çəkən batı dəstəkli sosial media manipulyasiyalarıdır. Belə anlaşılır ki, sosial media 500 nəfəri 10 min nəfər kimi təqdim etməklə passiv kütləni də hərəkətə keçirə bilir. Diqqətli olmalıyıq biz də. Özəlliklə də Ermənistanın hərbi təcavüz iştahının qabardığı bu çətin günlərdə…

Azər HƏSRƏT

Dədəli, Xaçmaz