Azərbaycan torpağına göz dikənlərin sonu acı və biabırçı məğlubiyyət oldu

İkinci Qarabağ müharibəsinin ilk günü 27 sentyabr tarixidir

Hansı ki, bu tarix bizim Zəfərimizin ilk günü idi. Lakin ötən ilin həmin tarixində qələbənin bizim olacağından hər kəs xəbərsiz idi. Azərbaycanınmı yoxsa Ermənistanınmı bu otuz illik savaşda qalib olacağı hələ ki, kimsəyə məlum deyildi. Ötən il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başladı. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənə adekvat cavab vermək məcburiyyətində qaldı və beləliklə ikinci Qarabağ savaşı başladı. Vətənpərvərlik duyğularını kükrədən bu savaş bütün əsgərlərimizin ruhunu qələbəyə, zəfərə köklədi. Ona görə də dövlətimiz arxayınlıqla, ordumuza güvənərək bu savaşa başladı. Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik. Bu savaşın öhdəsindən layiqincə gələcəyimizdən də əmin idik.

Bildiyiniz kimi, müharibə həmişə bütün dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün bir sınaq olubdur. İkinci Vətən müharibəsi də dövlətimiz üçün böyük sınaq oldu. 2900-dən çox hərbi qulluqçumuz Şəhid oldu. Erməni terroru nəticəsində 94 mülki şəxs həlak oldu, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yarasız hala düşdü. Lakin bütün bunlar xalqımızın qələbə inamını, mübarizə əzmini qıra bilmədi. Azərbaycanın Dövlət-Ordu-Xalq birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarımız düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst etməyi bacardı. Yaxşı xatırlayırıq ki, bu savaş müddətində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Ali Baş Komandanımız qətiyyətli siyasi iradəsini nümayiş etdirərək, bütün təzyiqləri dəf edərək, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələr dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Bu Zəfər həqiqətən tarix idi.

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, ikinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya sözün həqiqi mənasında birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Azərbaycan əsgərinin Vətəninə, millətinə olan sevgisi hər zaman dünyanı heyrətləndirib. Bu torpağın "Təki Vətən yaşasın!" deyib son gülləsinə, son nəfəsinə kimi döyüşən Şəhid oğulları var. Məhz buna görə də Azərbaycan torpağına göz dikənlərin sonu acı və biabırçı məğlubiyyət oldu. Bundan sonra bütün dünya eləcə də Ermənistan bilməlidir ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, buna əsla icazə verilməyəcəkdir.

44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Əlbəttə, bu bizim üçün olduqca qürurvericidir. Çünki bu savaşdakı zəfərimiz dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcəkdır. Bu savaşdakı təcrübəmiz illər sonra da dünyanın hər yerində öyrəniləcəkdir. Bunu tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Ali Baş Komandanımız İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası oldu.
Son bir ildə yaşadığımız tarix həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrətə artıq son qoyulub. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşubdur. Bu möhtəşəm tarixi günləri bizlərə yaşadan Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan ordusuna eşq olsun! Torpaqlarımız uğrunda Şəhid olanlara Allahdan rəhmət diləyirəm. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri