Rəsmi Parisin xarici siyasətindəki U dönüşünün gerçək səbəbləri Rəsmi Parisin xarici siyasətindəki U dönüşünün gerçək səbəbləri

Fransa prezidenti yumşalıbmı?

Rəsmi Parisin xarici siyasətindəki U dönüşünün gerçək səbəbləri

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüşün keçirilməsində əsas vasitəçi Makron olub. Öncə 14 dekabrda tərəflər arasında Brüsseldə baş tutmuş görüşün əhəmiyyətindən danışılıb. Ardınca Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Müzakirələr əsnasında ölkə arasında münasibətlər, humanitar məsələlər, tərəflər arasında etimad yaradılması, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə toxunulub. Görüş sülh gündəliyinin nümunəsi olsa da maraqlı məqam Makronun canfəşanlığıdır. Makron ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, münaqişənin əsas səbəbkarının yanında yer aldı. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdırsa, digər səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemoniya qurmaq istəyi və bu marağının İngiltərə, ABŞ-ın yanı sıra, həm də Türkiyə ilə toqquşmasıdır. O baxımdan Makronun indiki addımlarında səmimiyyət gözləmədən əsl niyyətinin məhz daxili auditoriyaya yönləndiyini deyə bilərik.

Bu münasibətlərin indiki durumunun təməli həm də Makronun 2019- cu ildə Putinə ”bölgəni birlikdə dizayn edək" təklifi olmuşdur. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada oyundan kənara atdı, Liviyada istədiyini vermədi, İraqda heç cürə varlığı yoxdur, Tunisdə çevriliş planı boşa çıxdı. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu. İndi isə Makron Fransanı düşdüyü vəziyyətdən çıxararaq Merkelin siyasətdən getməsiylə Avropada Almaniyanın yerini tutmağa çalışır. Növbəti seçkilərdə Makron yenidən namizədliyini irəli sürəcəksə qələbə qazanmaq üçün xarici siyasətdə fəallığını artırmalıdır. Belə bir görüşün təşəbbüskarı olmaqla, Makron həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır. Digər səbəb isə Fransanın Rusiya yaxınlaşması ola bilər. Fransanın xarici siyasətində U dönüşünün səbəbi ABŞ-ın diktəsindən kənarlaşmaq, NATO daxilindəki büdcə məsələləri və ABŞ-ın NATO-nun şərq bloku ölkələrindəki irəliləyişidir. Ukrayna, Çin, Suriya və İran böhranında Rusiya əsas rol oynadığı üçün Makron Rusiyanı Avropadan uzaqlaşdırmağın əleyhinə olduğunu dəfələrlə bildirib. Hətta G8 formatına keçidlə bağlı təklif də irəli sürüb. Beləcə, Aİ ilə Minsk qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir. Minsk qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir. Bu baxımdan Minsk qrupu formatının da danışıqlar masasına gətirilməməsi gözlənilən idi. Görüşdə Dağlıq Qarabağ, status anlayışlarından da istifadə edilməməsi, Azərbaycanın diplomatik arenada da artıq qalib olduğunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, yaxın zamanda sərhədlərin müəyyənləşməsi və sülh razılaşması ilə bağlı yeniliklərin şahidi ola bilərik.

Züriyə Qarayeva,

Aznews.az portalının siyasi şərhçisi