TÜRK ERASININ İŞARTILARI TÜRK ERASININ İŞARTILARI
  • Yazarlar
  • 10 Fevral 2022 18:42
  •  10 919

“QUTLU VƏ GÜCLÜ GƏLƏCƏK”

TÜRK ERASININ İŞARTILARI

Bakıda səfərdə olan pilotsuz uçan aparatlar üzrə mütəxəssis, əfsanəvi “Bayraqdar” hərbi dronlarının yaradıcısı Selçuk Bayraktar dünən Azərbaycandan olan Türkiyə məzunları ilə görüşdü. Görüşə seçmə sayda dəvət edilən məzunlar arasında yer almaq gözəl duyğu olduğu qədər də qürurverici idi. Yeni nəsil nanohərb texnologiyasının uzmanı, Qarabağ zəfərinin memarlarından biri olan Səlçuk bəyi görmək, tanımaq, səmimi soydaş təmasında olmaq həqiqətən də bir azərbaycanlı məzun kimi xoş və yaddaqalan oldu.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş idarəsinin sədri Abdullah Erenin, Türkiyənin Azərbaycandakı Səlahiyyətli Səfiri Cahid Bağçının və şəhid ailələrinin, Türkiyə məzunlarının qatıldığı görüşdə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlinın idarəetmə səriştəsi tədbirə əlavə rəng qatdı. İlk çıxışı edən dəyərli məzun həmkarımız tarix elmləri doktoru Telman Nusretoğlu nun isə türkçülük tarixindən, Türkiyə-Azərbaycan qardaşlığından öyünərək bəhs etməsi isə ayrıca bir ruh dalğası, birlik şöləni yaratdı.
Görüşün səbəbkarı və qəhrəmanı Səlçuk bəyin şəhid qəhrəmanlarımıza xitabən başlatdığı çıxışından sonra isə türk olmanın ayrıcalığını, onurunu bir daha hiss etdik.

Xaricdə təşkil edilən texnofest səfərinin ilk Azərbaycana edildiyini bildirən Səlçuk bəy, bunun ölkəmizin hərb texnologiyasına və hava sənayesinə uğur qatacağını söylədi. O, qeyd etdi ki, ən yüksək texnologiyaya sahib olmaq mütləqdir, ancaq bu texnologiyanı inkişaf etdirmək artıq bir məqsəd olmalıdır, çünki bu, həm də milli mübarizənin, türk əzminin nümunəsidir.
Xatırladım ki, “Bayraqdar” pilotsuz uçuş aparatı 2000-ci illərdə kiçik əldə atılan qurğu ilə tanınıb. Daha sonra isə Türkiyənin milli brendinə çevrilərək, 2010-cu ildən dünyada səs salmağı bacarıb. 300000 saatdan çox uçan hərbi pilotsuz qurğu vasitəsilə 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Ardıcıl çalışmalar nəticəsində 5.5 kq-lıq qurğudan 650 kq-lıq “Bayraqdar”a və 5.5 tonluq “Akıncı”ya doğru uzun bir yol qət edilib. “Akıncı” “Bayraqdar”ı da geridə qoyaraq daha strateji hədəfləri yerinə yetirəcək. Hərbi sənaye ilə bağlı nəzərdə tutulmuş yeni layihələrdə isə “Akınçı”dan sonra insansız savaş uçağının sınaqdan keçirilməsi mərhələsi gəlir.
Səlçuk bəy çıxışında 44 günlük savaşda Qarabağda pilotsuz uçuş aparatlarının uğurlarından danışaraq, gələcəkdə bu sistemlərin daha da inkişaf edəcəyini bildirdi. Xüsusilə Qarabağ müharibəsində puaların dünyaya səs saldığını, daha çox tanındığını vurğulayan nanoqəhrəmanımız “Uçan ağıllı taksi” layihəsindən də bəhs edərək, ilk prototipin uçuşunun ötən il sınaqdan keçirildiyini dedi.

Mənə elə gəlir ki, Səlçuq bəy, yalnız uğurlu mütəxəssis deyil, həm də bütün türk gəncliyinə örnək olan təcrübi vətənpərvərlik nümunəsidir. Yəqin ki, içində daşıdığı böyük milli hislər onun nəticəyə daha çevik və uğurlu yetişməsində əsas motiv olub. Təsadüfi deyil ki, Qarabağ problemini içində qanayan yara kimi görməsi, bu savaşı öz savaşları kimi bilməsi, onun qələbədə böyük töhfəsini şərtləndirən əsas səbəbdir.

Təqdimatın şüarı da təsadüfi deyildi. “Köklərdən göylərə” devizi altında keçən təqdimat, əslində bu gün nəticəsinə şahidlik etdiyimiz uğurlu prosesin, məhsulu, barı Vətən müharibəsində – Qarabağ səmasında sevinc yağışına, qələbə bombardımanına çevrilən, Səlçuk bəyin və komandasının hərb sənayesinə verdiyi töhfələr köklərimizin elə haqq etdiyi göylərə qaldırılması demək idi.
Bayraktar Bakıda bir neçə layihə həyata keçiriləcəyi haqqında da danışdı, diqqətə çatdırdı ki, may ayında paytaxtımızda dünyanın ən böyük hava festivalı texnofest təşkil olunacaq. Artıq 200-dən çox tələbə bu texnologiyanı öyrənmək üçün yarışlara baş vurub.
Bu görüşdən sonra “Türk dizlərini sadəcə baş qaldırmaq üçün yerə qoyar” deyiminin bilgəliyinə bir daha əmin oldum. Qoy, bunu içində bulunduğumuz və hələ ki, bu dizin qüvvətini tam gücü ilə görməmiş Dünya da bilsin…

Qısacası, görüş “Bir Millət, iki Dövlət!” əbədiyaşar kəlamlarının reallığa dönüşdüyünün təkrar və bariz nümunəsi idi. Türkiyə bizim kədərimizi öz kədəri bildiyini 44 günlük savaşda bir daha göstərdi. Bu gün isə sevincimizə şərikdir.

Və deyərdim ki, bu tədbir “Qutlu və güclü gələcək” ilə bağlı türk erasının, türk birliyinin işartılarını bir daha gözlər önünə səpdi.

Əlbəttə, ümidlə yaşayıb, usanmadan mübarizə aparmaq şərtilə.. Elə, Bayraktar kimi..

Züriyyə QARAYEVA,

AzNews.az portalının siyasi şərhçisi