Rusiyanın tam zəiflədilməsi ABŞ-ın təhlükəsizlik maraqlarına təhdiddir Rusiyanın tam zəiflədilməsi ABŞ-ın təhlükəsizlik maraqlarına təhdiddir
  • Yazarlar
  • 16 Fevral 2022 18:32
  •  16 411

Rusiya - Ukrayna böhranı: son vəziyyət nədir?

Rusiyanın tam zəiflədilməsi ABŞ-ın təhlükəsizlik maraqlarına təhdiddir

Rusiya-Ukrayna böhranındakı son vəziyyət son günlər dünya gündəmini zəbt etməkdə davam edir. İki ölkə arasında yaşanan gərginlik müharibə ehtimalını qüvvətləndirir. Qərb ölkələri bu hücumun hər an başlaya biləcəyini bildirsə də, Ukrayna lideri onları Rusiya rəsmiləri ilə görüşə dəvət edib. Zelenski Rusiyanın Ukraynaya hücum edəcəyi gün olduğu iddia edilən 16 fevralı “Birlik Günü” adı ilə bayram elan edib. Şəxsi təyyarələri ilə ölkəni tərk edən deputat və iş adamlarına müraciət edən Zelenski Rusiyanın Ukraynaya hücum edə biləcəyi təqdirdə onları 24 saat ərzində ölkəyə qayıtmağa çağırıb.

Proseslər fonunda “Washington Post” qəzetində dərc olunan məqalə diqqət cəlb edir. ABŞ lideri Bayden və Rusiya lideri Putin arasında 1 saatlıq telefon danışığından sonra “Washington Post” qəzetində dərc olunan məqalədə Rusiyanın Belarusda hərəkətliliyinin Ukraynadan qat-qat təhlükəli olduğu bildirilib. Washington Post başqa bir təhlükəyə işarə edərək, Rusiyanın Belarusda davam edən hərbi təlimlərinin Qərb alyansının uzunmüddətli təhlükəsizliyi üçün narahatedici risklər yarada biləcəyini qeyd edib. Xəbərdarlıq edilib ki, Belarusdakı hərəkətlər Ukraynada Rusiyanın daimi hərbi mövcudluğuna gətirib çıxara bilər.

Proseslər bu mərhələyə necə gəldi?

2013-cü ildə Ukraynada Rusiyayönümlü Viktor Yanukoviç ölkəsinin Aİ əməkdaşlığını dayandırdığını elan etdi. Bəyanatdan sonra xalq etirazlara başladı. Meydan hərəkatından fürsət olaraq istifadə edən Rusiya Krımda rusdilli əhalinin çoxluq təşkil etməsindən yararlanaraq referendumla faktiki bölgəni işğal etdi, Donbasda separatçı qüvvələrin dövlət elan etməsinə dəstək verdi. Separatçılarla Kiyev administrasiyası arasında davam edən toqquşmaları dayandırmaq üçün 2014 və 2015-ci illərdə Minsk razılaşmaları imzalandı. Razılaşmalara əsasən, bölgədə atəşkəs elan ediləcək, əsir mübadiləsi aparılacaq, rəsmi Kiyev səlahiyyətlərini azaldacaq, yerli hökumətlərin səlahiyyətlərini artıracaq, Donbasa xüsusi status verilməsi üçün konstitusiya dəyişikliyi edəcək. Separatçılar isə Ukrayna-Rusiya sərhədinə nəzarəti dövlətə qaytaracaq və silahlarını bölgədən çıxaracaqdılar. Lakin indiyədək tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etməklə razılaşmaların icrasına mane olub.
9 dekabr 2019-cu il tarixində Fransanın paytaxtı Parisdə Normandiya Dördlüyü Liderlər Zirvəsi keçirildi. Ukrayna, Rusiya, Almaniya və Fransa dövlət başçılarının iştirak etdiyi sammitdə atəşkəs və Minsk razılaşmasına sadiqlik vurğulandı. Zirvədən sonra səngiyən qarşıdurmalar qısa müddətdən sonra daha da alovlandı. Böhranın həlli ilə bağlı Rusiya, Ukrayna və ATƏT-dən ibarət Üçtərəfli Təmas Qrupu 27 iyul 2020-ci il tarixindən etibarən atəşkəs haqqında qərar qəbul etdi. Bu kontekstdə kiçik böhranlara baxmayaraq, atəşkəs 2021-ci ilə qədər qorunub saxlanıldı. Bununla belə, ötən müddətdə Rusiya ordusunun Ukrayna sərhədində hərbi güclənməsi Donbas bölgəsində bitib-tükənməyən münaqişələri yenidən artırdı. Ukrayna ordusundan 4100, separatçılardan 5650 və 3350 mülki şəxsin həlak olduğu, 13 mindən çox insanın öldüyü qarşıdurmalar hələ də davam edir.

Qərbin mövqeyi necədir?

Rusiya hərbi təlimlərini davam etdirərkən, Qərb ölkələri mümkün müharibə cəhdinə qarşı Ukraynaya hərbi dəstəyini artırır. Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolz birgə mətbuat konfransı keçirib. Zelenski "Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir" deyib. Şolz isə "Rusiya Ukraynanın ərazi bütövlüyünü bir daha pozarsa, nə edəcəyimizi bilirik" deyə bildirib. Digər qərb dövlətlərindən də dəstək mesajları gəlməkdədir. Zelenski ilə telefon danışığında ABŞ prezidenti Co Bayden Rusiyanın Donbas və Krımda təcavüzünə qarşı ABŞ-ın Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı ilə görüşündə Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləməyə hazır olduqlarını bəyan edib. Böyük Britaniyanın baş naziri Boris Conson Zelenski ilə görüşü zamanı ölkəsinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Ukrayna sərhədində rus qoşunlarının hərəkətliliyindən narahat olduqlarını ifadə edərək, Ukraynaya "tərəddüdsüz dəstəyini" ifadə etdi. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti ilə bağlı Zelenski ilə görüşüb və alyansın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Ukraynanın müdafiə naziri Reznikov Qərbin Ukraynaya göndərdiyi hərbi dəstək barədə açıqlama verib. Nazir Reznikov Litvadan “Stinger” zenit raketləri və ABŞ-dan ümumilikdə 1500 ton hərbi sursat aldıqlarını açıqlayıb.

Tərəflər nə istəyir?

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, ABŞ və NATO Ukraynaya hərbi dəstək verərsə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Donbas bölgəsində yeni müharibəyə başlamaq cəhdlərinin ölkəni məhv edəcəyini bildirib.

Rusiya Ukrayna konstitusiyasının Donbasa xüsusi status verəcək dəyişikliyində israr etsə də, Ukrayna tərəfində buna şübhə ilə yanaşılır, çünki belə bir dəyişiklik ölkəni parçalanmağa apara bilər. Digər tərəfdən, Moskva böhranı Ukraynanın vətəndaş müharibəsi kimi qələmə vermək və Kiyevi separatçılarla görüşdürmək və özünü böhranın tərəfi olmaqdan çıxarmaq istəyir, bu vəziyyət Ukrayna tərəfindən qəbul edilmir.

Stoltenberqlə görüşündə Zelenski NATO Üzvlük Fəaliyyət Planının verilməsinin vacibliyini vurğuladı və NATO-nun Donbasda müharibəyə son qoymağın yeganə yolu olduğunu bildirdi. Ukrayna 2020-ci ildə NATO-nun genişləndirilmiş imkanlar üzrə tərəfdaşı statusunu alıb. Ərazi bütövlüyünü təmin etmək istəyən Kiyev bu problemi həll etmək üçün NATO-ya üzvlük üzrə Fəaliyyət Planı əldə etmək və tezliklə üzvlük danışıqlarına başlamaq istəyir. Bu kontekstdə Rusiya Ukraynanın NATO-ya daxil olmasını özü üçün təhlükə kimi görür və bunu istəmir.

Müharibə olacaqmı?

Düşünürəm ki, Moskvanın Rusiya qüvvələrini Ukrayna ilə sərhədinə yerləşdirməsi qismən ölkə siyasətini destabilləşdirməyə yönəlib. Tərəflər qlobal güclərdir. Açıq müharibə insan itkisindən başqa heç nə vəd etmir. Üstəlik ABŞ kimi beyin mərkəzlərinin güclü işlədiyi ölkə anlamamış deyil ki, nüvə silahına sahib Rusiyanın tam zəiflədilməsi elə onların özlərinin təhlükəsizlik maraqlarına təhdiddir.

Züriyə Qarayeva,

AzNews.az portalının siyasi şərhçisi