- Yazarlar
- 19 Fevral 2022 17:45
- 16 009
Ukraynada Ukraynadan başqa hər kəs udur
Ukrayna prezidenti Qərbi “təşviş” yaymamağa çağırıb
Rusiyanın Ukrayna ilə sərhəddə keçirdiyi hərbi təlimlərdə müharibə iddialarına səbəb olan gərginlik davam edir. Ötən günlərdə Kremlin “qoşunlarımızı çıxarırıq” açıqlamalarından sonra ABŞ başda olmaqla bir çox ölkədən məlumatın blef olmasıyla bağlı iddialar səsləndi. Bir çox Qərb hökumətləri təhdid səbəbindən öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Amerika rəsmiləri Rusiyanın Ukrayna sərhədinə 7 min əlavə hərbçi göndərdiyini, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə hazırda rusların Ukrayna yaxınlığındakı sərhəd bölgələrindən geri çəkilməsinə dair heç bir dəlil olmadığını bildirib. Truss həmçinin Rusiyanın hər an işğala başlayacaq insan gücü və texnikaya sahib olduğunu bildiklərini qeyd edərək istənilən vəziyyətə hazır olduqlarını bəyan edib. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə Rusiyanın Ukraynaya müdaxiləsinin mümkün istiqamətlərini əks etdirən xəritə dərc edib. Britaniya hərbçilərinin fikrincə, Rusiya qoşunları qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə, eləcə də Krımdan Odessaya doğru hərəkət edəcəklər. Ardınca Ukrayna prezidenti Qərbi “təşviş” yaymamağa çağırıb.
Moskva administrasiyası bu məsələ ilə bağlı açıqlama verməsə də, Ukraynanın şərqindəki rusiyapərəst separatçı qruplar səhər saatlarında Ukrayna ordusunun onlara hücum etdiyini açıqlayıb. Açıqlamalara görə, 100 mindən çox rus əsgəri Ukrayna sərhədi yaxınlığında yerləşdirilib və 30 mindən çox əsgər Belarusda təlimlər keçir. Belarus təlimlərinin fevralın 20-də başa çatması planlaşdırılır. "Politico" nəşri isə məhz həmin tarixə istinad edərək Rusiyanın Ukraynanın “işğalına” fevralın 20-də başlaya biləcəyini açıqlayıb. "Politico" qəzeti, bu tarixdən sonrakı dövrün əhəmiyyətli olduğunu və Rusiyanın atacağı addımların əsl niyyətlərini ortaya qoyacağını yazıb.
Fransa və Almaniya rəsmiləri isə Krem rəsmisi ilə görüşdən sonra Putinin əsas məqsədinin daha yaxşı təhlükəsizlik razılaşması əldə etmək olduğunu bildiriblər. Maraqlı məqam ondan ibarətdir ki, proseslərin gərginləşdiyi bir vaxtda isə Rusiya ABŞ-ın təhlükəsizlik müqaviləsi ilə bağlı məktubuna cavab göndərib. Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi 11 səhifəlik məktubda Ukraynanın NATO-ya daxil olması halında Rusiya ilə NATO-nun üz-üzə gələ biləcəyi bildirilib: “Ukrayna NATO-ya qəbul edilərsə, “Şimali Atlantika Müqaviləsi”nin 5-ci maddəsinə əsasən ABŞ və müttəfiqlərinin Rusiya ilə birbaşa silahlı münaqişəyə cəlb edilmək kimi real təhlükəsi yaranır”. Məktubda NATO-nun keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsi, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağını bəyan edən “Buxarest Formulasından” imtina olunması, Şimal Alyansının hərbi bazalarını 1997-ci ildə tərəflər arasında Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Akt imzalandığı vaxta geri qaytarmasını tələb edilir. ABŞ rəsmiləri bu təkliflərin birmənalı şəkildə qəbuledilməzliyini vurğulayır.
Ortaya çıxan mənzərə isə ondan ibarətdir ki, Qərbin geosiyasi, siyasi, iqtisadi və təhlükəsizlik sistemində parçalanma baş verir və Rusiya dolayı yolla istəyinə nail olur. Bugünkü durumda Qərb başlıca olaraq iqtisadi-ticarət və geosiyasət aspektlərində iki düşərgəyə bölünüb. Bir tərəfdə ABŞ və Böyük Britaniya var, digər tərəfdə isə Fransa və Almaniya. Məhz Fransa və Almaniya rəsmiləri ilə görüşdən sonra Putinin ABŞ-ın təhlükəsizlik tələblərinə cavab məktubu yazması həmin iki gücün əhatə olunduğu qütbün daha effektiv olduğunu göstərir. Makron və Şoltz əslində, strateji xarakterli oyun aparır. Bu dövlətlər faktiki olaraq, Aİ-ni Amerikanın siyasi, iqtisadi, ticari və hərbi təsirindən çıxarıb müstəqil gücə çevirməyə çalışır.
Beləliklə, Qərbin öz daxilində geosiyasi liderlik uğrunda mübarizə yeni mərhələyə qədəm qoymuş olur. Bu mərhələnin başlıca özəlliyi Rusiyanın avropalılar tərəfindən fərqli yerə qoyulmasıdır. Bunun kimə faydalı olacağını yaxın gələcək göstərəcək. Lakin indiki vəziyyətdə Rusiya bir çox məsələdə istəyinə çatmış kimi görünür.
Züriyə Qarayeva
Aznews.az saytının siyasi şərhçisi