- Yazarlar
- 15 Mart 2022 11:12
- 10 165
Rusiyaya qarşı sanksiyalar və Kremlin gələcəyi
Artıq 20 gündür Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam edir. Müharibə başladığı gündən etibarən Qərb ölkələri Rusiyaya qarşı “iqtisadi müharibə” elan ediblər və Rusiya total təcridə məruz qalır
Bunların sırasında sanksiya altında olan bankların (növbəti mərhələdə ola bilsin hətta bütün bank sisteminin) SWIFT-dən ayrılması, Avropa İttifaqının Rusiya Bankı ilə bütün tranzaksiyalarının qadağan edilməsi, bu ölkənin qızıl-valyuta ehtiyatlarının dondurulmasını qeyd etmək olar. Vaşinqton Rusiya iqtisadiyyatının onurğa sütunu olan neft sektoruna, habelə kömür idxalına qadağa qoydu. Yeni qərarla, Rusiyadan xam neft, neft məhsulları, mayeləşdirilmiş təbii qaz və kömürün idxalı; ABŞ-ın fiziki və hüquqi şəxsləri tərəfindən Rusiyanın enerji sektoruna yeni investisiya qoyuluşları; Rusiyanın enerji sektoru ilə bağlı hər hansı bir əməliyyatın ABŞ-ın fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilməsi, asanlaşdırılması və ya hər hansı bir zəmanət verilməsi qadağan edildi. Bundan başqa, dərin sularda, Arktikada aparılan neft-qaz kəşfiyyatı və hasilatında istifadə ediləcək texnologiyaların və avadanlıqların Rusiyaya ixracatı; xam neftin emalı müəssisələri tərəfindən neft məhsullarının istehsalı prosesində istifadə olunan kimyəvi maddələrin və texnologiyaların Rusiyaya ixracatı; Qazprom başda olmaqla Rusiya dövlətinə məxsus neft-qaz və digər mədən sənayesi şirkətlərinin səhmdarı olmaq qadağan edildi. Lakin Avropa neft embarqosuna qoşulmadı. Nəzərə alsaq ki, 2021-ci il üçün Rusiyanın 250 milyard dollarlıq resurs gəlirlərinin cəmi 25%-i və ya 62 milyard dolları qaz ixracından, 75% xam neft və neft məhsullarından əldə edilib, o zaman neft embarqosu tətbiq edilərsə, Rusiya iqtisadiyyatı üçün daha ölümcül sanksiya olacaq.
Vurğulayaq ki, Rusiya Soyuq Müharibə illərində olduğu kimi qapalı iqtisadi quruluşa malik deyil və qlobal istehsal, ticarət, enerji, maliyyə və texnologiya şəbəkələri ilə çox sıx qarşılıqlı əlaqədədir. Neft, təbii qaz və kömür kimi karbohidrogen ehtiyatları baxımından böyük potensialı sayəsində dünya iqtisadiyyatının bir nömrəli enerji təchizatçısı olan Rusiya yüksək əlavə dəyərli istehsal məhsulları və texnologiya tutumlu sektorlarda xarici ölkələrdən asılıdır. Bundan əlavə, bank sektorundan turizmə; proqram təminatının hazırlanmasından nüvə sənayesinə qədər; tibbi texnologiyalar və əczaçılıq investisiyalarından tutmuş rabitə, aviasiya və kosmik texnologiyalara qədər bir çox sahə sanksiyaların təsirlərini dərindən yaşamışdır.
Kapital bazarlarında investisiya və borclanma məhdudiyyətləri; istehsal, rabitə və texnologiya şirkətləri üçün təchizat maneələri; Avropa hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər və müdafiə sənayesi və enerji şirkətlərinə qarşı tədbirlərlə sanksiyaların dairəsi tədricən genişlənib. ABŞ və İngiltərənin liderliyində G-7 və AB ölkələrinin iştirakı ilə genişlənən sanksiyaların qlobal dünya üçün də təsiri uzunmüddətli olacaq. Krımın ilhaqından sonra beynəlxalq sanksiyalarla yaşamaq üçün strategiyalar hazırlayan və kapital-texnoloji məhdudiyyətlərə qarşı potensialını inkişaf etdirən böyük Rusiya şirkətlərinin ağırlaşdırılmış sanksiyalara necə cavab verəcəyini zaman göstərəcək. Sanksiyalar Rusiyanı qlobal maliyyə, ticarət, istehsal və hətta incəsənət, mədəniyyət və idman şəbəkələrindən kənarlaşdıracaq dərəcədə genişlənərsə, Rusiyanın qlobal sistemdəki çəkisi və iqtisadiyyatı risk altında olacaq. Sanksiyalar aradan qaldırıldıqdan sonra belə, onun bazar strukturlarına və beynəlxalq inteqrasiya təşəbbüslərinə uzunmüddətli zərər vuracağı şübhəsizdir.
Züriyə Qarayeva