- Yazarlar
- 22 Mart 2022 18:15
- 9 706
İlham Əliyevin Baydenə cavabı
Cənab İlham Əliyevin Baydenə cavab məktubunda fikrimcə, bir çox mühüm ismarıclar var
Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ-ın dövlət başçısı Co Baydenin ona göndərdiyi Novruz təbrikinə cavab verib. Baydenin təbrikində mənim ən çox diqqətimi çəkən “ortaq təhlükəsizlik narahatlıqları” və “regional barışığa təşviq” sözləriydi.
ABŞ Konqresinin Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolundakı hissəsinə əvvəllərdəki kimi Azərbaycanın başı üzərindən yenə yardım göndərmək niyyəti, insan haqları və demokratiya anlayışlarının devalvasiyasında mühüm “xidmət”ləri olan "Freedom House"(hara bağldır, kimsəyə sirr deyil)un oranı ayrıca bir subyekt kimi təqdim etmək cəhdi, açığı, Vaşinqtondakıların bu regionda sülhün yaranmasında heç də maraqlılığından xəbər vermir.
İstənilən halda əgər ABŞ kimi bir dövlətin başında duran adam bizim regionda sülhü dəstəkləyəcəklərini bildirirsə, onun dediklərini diqqətsiz buraxmaq da düzgün olmazdı və buraxılmadı da.
Cənab İlham Əliyevin Baydenə cavab məktubunda fikrimcə, bir çox mühüm ismarıclar var. Birinci ismarıc odur ki, ölkəmiz indiyə kimi hər hansı güçün diqtəsiylə hərəkət etməyib və indən sonra da belə bir fikri yoxdur. “Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir” cümləsi məncə, elə məhz o deməkdir.
İkinci ismarıc ondan ibarətdir ki, qərbdəki bəlli çevrələrin 44 günlük savaşla bağlı dövlətimizə hər hansı irad bildirmələri yersizdir. Çünki “Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etmişdir”.
Üçüncü ismarıcda “Qarabağ probeminin tam əhatəli çözümündən” dəm vuranlara “tam əhatəli”liyin nəyə əsaslanmalı olduğu çatdırılır: “Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq”.
Əlbəttə, Azərbaycan ABŞ-ın qlobal güc kimi regionda maraqlarının olduğunu anlayır və bir çox hallarda bu maraqlar üst-üstə də düşür. Dövlət başçımızın məktubundakı “Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk” sözlərindən məhz belə bir nəticə çıxır.
Bu dəstəyin qarşılığında Avropanın enerji təhlükəsizliyin təmin etməklə yanaşı, məktubda da öz əksini tapdığı kimi “Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə” ön sırada olub, “NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi” sərgiləyib.
Cənab İlham Əliyevin məktubundan çıxardığım sonuncu nəticə odur ki, “xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlət”imiz ABŞ-la indən sonra da əməkdaşlıqda maraqlıdır. Bu özünü işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işlərində sözü gedən ölkəninin şirkətlərinin yer almasında da göstərə bilər. Welcome.
Sahib Alıyev