ABŞ Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib ABŞ Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Baydenin Novruz təbrikində siyasi mesajlar

ABŞ Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Təbrik zamanı bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan Bayden “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir” deyib.
ABŞ kimi dünyanın supergüc ölkəsinin lideri tərəfindən göndərilən məktub əlbəttə ki siyasi mesajlarla zəngin olmalıdır. İlk növbədə nəzərə almaq lazımdır ki, Amerika prezidenti dünyada mövcud olan 193 dövlətin hər birinə milli bayramları münasibətilə təbrik məktubu yazmr. Təbrikdə yer alan bəzi nüanslar həm regional, həm qlobal baxımdan əhəmiyyətli hesab ediləcək məqamlardır. Məktubda ilk diqqətçəkən nüans Jozef Baydenin Azərbaycanla olan əməkdaşlığa böyük önəm verdiyini vurğulamasıdır. Əlbəttə ki, əməkdaşlığa önəm verilməsinin ən başlıca səbəbi ölkəmizin İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan ölkəyə çevrilməsidir. Bu qələbə ilə Azərbaycanın həm də beynəlxalq münasibətlər sistemindəki yeri və rolu daha da güclənib ki, bu məqam Vaşinqtonun diqqətindən yayına bilməzdi.
İkinci mühüm nüans Baydenin Azərbaycanla münasibətlərin 30-cu ildönümü ilə bağlı xatırlatması olub. Bu mesaj Ağ Evin Azərbaycanla əlaqələrə nə qədər önəm verdiyinin əyani sübutudur.
Üçüncüsü, məktubda öz əksini tapmış “Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” sözləri isə Azərbaycanın beynəlxalq arenada vacib fiqur kimi qəbul olunduğunu göstəricisidir.
Bütün bunlar əlbəttə ki təsadüfi deyil. Uzun illərdir Azərbaycanın siyasi, mədəni, iqtisadi, enerji, nəqliyyat sahələrində atdığı addımlar bugün öz bəhrəsini geostrateji anlamda da verir. Artıq dünya birliyi etiraf edir ki, bu gün ölkəmiz bölgədə regional baxımdan sabitləşdirici amil rolunu oynayır. Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Onlarca ölkəni birləşdirən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayır. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir. Sözsüz ki, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir.
Bu gün dünyada baş verən müxtəlif proseslər, yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, enerji təhlükəsizliyi vacib amildir və bu prosesdə iştirakçı olan dövlətlərin regional və qlobal önəmi də böyükdür. Ehtimal ki, Bayden alternativ nəql sistemlərinin yaradılması istiqamətində ciddi düşünür və bu istiqamətdə Bakının rolunu anlayır.
Azərbaycanın geosiyasi əhəmiyyəti aparılan uğurlu xarici siyasətdə də təcəssüm olunur. Bugünədək ölkəmizin bəyan etdiyi prinsiplərə sadiq qalması, bir sıra qlobal təhlükəsizlik məsələlərinin müzakirələrində beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək ədalətli mövqedən çıxış etməsi, onun regiondakı və dünyadakı nüfuzunu daha da artırır. Daim təkmilləşdirilən xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlığı genişləndirmək və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirmək imkanı verir. Bakının bütün qütblərlə tarazlaşdırılmış siyasəti, neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası İsraillə strateji tərəfdaşlığı Vaşinqtonun nəzərində Bakının önəmini artırır.
Bugün Rusiya-Ukrayna münaqişəsinin üçüncü tərəfin vasitəçiliyi ilə həllini tapması baxımından irəli sürülən az sayda dövlətdən biri də Azərbaycandır. Azərbaycanın həm ABŞ, həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərinin olması və belə bir vəziyyətdə Azərbaycanın yaranmış gərginlik ocaqlarının söndürülməsində vasitəçi qismində çıxış etməsi göstərir ki, Azərbaycan bu gün dünya siyasətində çox fəal bir aktordur.

Züriyə Qarayeva