Bakı İrəvanın niyyətini anlayır, lakin bu prosesdə öz planı və əldə edəcəyi nəticələr var Bakı İrəvanın niyyətini anlayır, lakin bu prosesdə öz planı və əldə edəcəyi nəticələr var

Qarabağda yeni mərhələ: İrəvanın öz, Bakının öz planı var

Bakı İrəvanın niyyətini anlayır, lakin bu prosesdə öz planı və əldə edəcəyi nəticələr var

Paşinyanın açıqlamaları Qarabağ ətrafında yeni mərhələnin başlandığı göstərir: bu mərhələdə İrəvanın öz, Bakının öz planları var;

Birincisi, erməni baş nazir Azərbaycana qarşı ərazi iddialarının olmadığını, Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu deyir;

İkincisi, “status” məsələsinin arxa plana keçdiyini, Qarabağdakı ermənilərin təhlükəsizlik və hüquqlarının təmin edilməsinin prioritet olduğunu elan edir;

Bununla Ermənistan yeni mərhələnin başlandığını elan edir: Brüssel razılaşması, Əliyev və Paşinyanın açıqlamaları da prosesin İrəvanın ərazi bütövlüyünün tanınması və ərazi iddialarından imtina edilməsini nəzərdə tutan baza prinsiplərini qəbul etdiyi yönündə getdiyi deməkdir; lakin İrəvan “hüquqi məsələ” adı ilə Qarabağa iddiasından tam əl çəkmir;
Ermənistan hakimiyyəti anlayır ki:

- Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması ölkənin regionda siyasi-iqtisadi gələcəyini təhlükəyə atır;
- Sülh sazişi ilə Qarabağdan imtina edilməsi də erməni cəmiyyətində və diasporda ciddi reaksiya doğuracaq;
Bu baxımdan, “hüquqi məsələ” tezisini irəli sürür, Bakının “qırmızı xətti” olan “status”u “hüquq və təhlükəsizliyin təminatı” ilə əvəzləyir, ərazi bütövlüyünü tanısa da, Qarabağdan imtina etmədiklərini göstərir.

Hərçənd, bu, təkcə daxili ictimai rəyə hesablamış fikir yox, həm də İrəvanın sülh sazişini imzalasa da, Qarabağ iddiasını davam etdirə biləcəyi də deməkdir və bunun üçün xüsusilə “etnik münaqişə” kartına oynaya bilərlər.

a) Qarabağdakı ermənilərin Azərbaycanın idarəçiliyi altında yaşamasının “təhlükəli” olduğunu sübut etmək üçün təxribatlara əl atacaqlar: Norayr Mirzoyan hadisəsinə bənzər addımlar atıla, birgəyaşayışın mümkün olmadığını “əks etdirən” gedişlər edə bilərlər;
b) Beynəlxalq ictimaiyyətdə Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmə” hüququnun təbliğatı üçün kampaniyaya başlaya bilərlər: bu kampaniya eyni zamanda Azərbaycanda “demorkatiya və insan haqları” üzərindən də qurulacaq və “öz vətəndaşlarının hüququnu pozan Azərbaycan hakimiyyəti ermənilərin hüququnu qoruya bilməz” tezisini inkişaf etdirəcəklər;
c) Paşinyan istəməsə belə, erməni diasporunun və daxili abu-havanın təsiri belə risklərin olacağı ehtimalını istisna etmir;
Beləliklə, Ermənistan “statusu” “hüquqi məsələ” üzərindən sonraya saxlayır.

Bakı İrəvanın niyyətini anlayır, lakin bu prosesdə öz planı və əldə edəcəyi nəticələr var:

Birincisi, Paşinyanın Qarabağı “hüquqi məsələ” elan etməsi məsələnin Azərbaycanın daxili işi olduğu reallığının qəbul edilməsi deməkdir;
İkincisi, sülh sazişinin imzalanması və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə Qarabağın “daxili məsələmiz” olduğu reallığı de-yure təsdiq olunur;
Üçüncüsü, Qarabağdakı ermənilərin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” sözünü verən Bakının əsas tələbi separatizmin ləğvi olacaq, çünki erməni əhalisinin hüququ separatizmin mövcudluğu demək deyil: separatçı-terrorçular bölgədən çıxarılmalıdır, əks təqdirdə neytrallaşdırılması istiqamətində addımlar atılacaq;
Dördüncüsü, Ermənistanın Qarabağda tərəf kimi sıradan çıxması Rusiyanın manevr imkanlarını azaldacaq: rusların Donbas, yaxud Abxaziyadan fərqli olaraq, Qarabağdakı separatizmin inkişafı imkanları daha zəifdir və Bakı ərazi bütövlüyü, eləcə də Moskva ilə imzalanan bəyannaməyə əsaslanaraq, separatizmin ləğvinə nail olmaq istiqamətində addımlar atacaq;
Beşincisi, Bakı Rusiya və Qərb masasında ərazi bütövlüyünün əsas olduğu razılaşmalara nail olub və bu, Qarabağa tamamilə nəzarət üçün hüquqi bazanı gücləndirir;
Altıncısı, Azərbaycanın bölgədəki hərbi mövqelər baxımından üstünlüyü hüquqi razılaşmaların icrasına alternativ imkanlarını zəiflədir;

Baş verənlər cari dövrdə Qarabağda maraqlı proseslərin olacağı gözləntisini də artırır.

Asif Nərimanlı