Ermənistanın baş naziri oturduğu budağı kəsməyə gedib? Ermənistanın baş naziri oturduğu budağı kəsməyə gedib?

Paşinyan Moskvada

Ermənistanın baş naziri oturduğu budağı kəsməyə gedib?

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya növbəti səfəri başlayıb. Görüş Minsk qrupu sıradan çıxandan sonra Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanmasına aktiv şəkildə qoşulması kontekstində gözlənilən idi. Məlum məsələdir ki, proseslərin gedişatı Rusiyanı qıcıqlandırır və Kreml təşəbbüsü öz əlinə almaq istəyir. Lakin digər məqam bu səfərin öncəki səfərlərdən xüsusi əhəmiyyətli olmasıdır. Çünki, Putinin bu görüşdəki qulaqburması öncəkilərdən daha sərt ola bilər.

Məsələ ondadır ki, Siyasi mövqeyini hər zaman çıxarları üzərində quraraq “ingilis bayrağı”nı xatırladan Paşinyan bu dəfə də Rusiyanın Ukraynada açdığı müharibədəki uğursuzluğundan istifadə edərək, Moskvanın bir neçə müttəfiqinin siyasi dəstəyinə əvvəlkindən daha çox ehtiyacı olduğu bir şəraitdə ona xəyanət edib. Bu mövqe əlbəttə ki, Moskva üçün gözlənilməz deyil.
Paşinyanı hakimiyyətə Soros gətirib. Paşinyanın komandası əslində Sorosun “uşaqlarıdır”. Paşinyan da hakimiyyətə gəldikdən sonra mümkün olduğu qədər Sorosa xidmət edir. Nikol Paşinyan baş nazir kimi hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya meyillərinin güclənməsi, Rusiyaya qarşı aksiyaların təşkili, Rusiyameylli şəxslərin vəzifələrdən kənarlaşdırılması və onlara qarşı təzyiqlər təşkil edilməsi, məktəblərin, rusdilli medianın bağlanması, rus dilinə tətbiq olunan qadağalar heç kimə sirr deyil. Lakin müharibədən sonra məcburən Kremlin əlini sıxan, dəfələrlə Ermənistanın qüdrətli müttəfiqinə sadiqliyi ilə bağlı bəyanatlar verən Paşinyan bu dəfə Moskvanın görünməmiş beynəlxalq təcrid edilməsini, Rusiyaya qarşı dağıdıcı iqtisadi sanksiyaların tətbiqini əsl fürsət kimi dəyərləndirib. Bir müddət öncə Paşinyanın Fransaya səfəri, səfər çərçivəsində Rusiyaya tətbiq edilən sanksiyaların icrasında aparıcı rol alan diplomatlarla görüşməsi, “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirakı Rusiyaya arxadan vurulan növbəti zərbə oldu. İrəvanın Qərbə yıxılmasını yüksək əhval-ruhiyyə ilə qarşılayan ermənilər açıq-aşkar bildirirlər ki, Ermənistan Rusiya ilə deyil, məhz Qərb ilə starteji tərəfdar olmalıdır. Hətta bir sıra ekspertlər Ermənistanın Rusiyadan birdəfəlik üz döndərib Fransa ilə hərbi müqavilə bağlamasını lazım bilir.
Qərbə inteqrasiya yolunda Paşinyanın göstərdiyi can-fəşanlığı Gümrü hərbi bazasının ölkədən çıxarılması təşəbbüsündə də görülür. Hərbi bazanın sərəncamında tanklar, zirehli texnika, hərbi təyyarələr, helikopterlər və 5 min hərbçi var. Lakin indiki şəraitdə 102-ci bazanın Ermənistandan çıxarılması çətin məsələdir. Çünki 102-ci hərbi briqadanın, eləcə də İrəvan yaxınlığındakı aviasiya bazasının Ermənistanda qalması üçün 50 illik müqavilə imzalanıb. Müqaviləyə görə, həm Rusiya ilə Ermənistan arasında hərbi-siyasi saziş imzalanıb, həm də iki hərbi bazanın Ermənistanın ərazisinə dislokasiya edilməsi barədə ümumi razılığa gəlinib. Rusiya istənilən vaxt həmin müqavilələrə istinad edəcək və hərbi bazalarının saxlanılması müqabilində etdiyi hərbi yardımları İrəvana xatırladacaq. Bu yardımların dəyəri milyard dollarla ölçülür. Prezident İlham Əliyevin çıxışı zamanı ifadə etdiyi “Ermənistan, sən dalansan” məhşur frazası məhz bu vəziyyəti əks etdirir. Məsələ yalnız hərbi bazayla da bitmir. Ermənistanın enerji sistemi, dəmir yolları, dövlət sərhəd xidməti və digər strateji sektorları Moskvanın nəzarəti altındadır. Yəni, Ermənistan Rusiyadan asılı dövlətdir və Moskva ilə hesablaşmağa məcburdur.

Rusiya Ermənistana münasibətdə öz mövqeyini dəqiq müəyyən eləməli, sərt mövqe tutmalıdır. Ermənistanın mövcudluğunun qoruyub saxlamasında böyük rola malik Rusiyaya qarşı Paşinyanın riyakar davranışları cavabsız qalmamalıdır. Rusiya artıq Ermənistanın ikili oyununa dözməməli, Paşinyanın sədaqətinin və müttəfiqliyinin sübutunu tələb etməlidir. Moskva anlamalıdır ki, qlobal geosiyasi oyunda Ermənistan və onun elitası artıq Rusiyanın tərəfində deyil. Ermənistan bu gün Rusiyanın situativ müttəfiqidir. Və vəziyyətdən asılı olaraq, o, tamamilə başqa bayraq qaldıra bilər. O, indi ”3 stul”da əyləşib – Amerika, Avropa və Rusiya. Stulları Paşinyanın altından çəkmək Ermənistanın indiki siyasi, iqtisadi, hərbi vəziyyətində Rusiya üçün heç də çətin deyil.

Hesab edirəm ki, görüş Paşinyan üçün olduqca ağır keçib. Paşinyanın son addımları Moskvanı həddən artıq qıcıqlandırıb. İndiki halda rəsmi İrəvan ən yaxın müttəfiqinin, ən böyük dəstəkçisinin yanında dayanmalı idi. O isə Rusiyanın ağır vəziyyətində Qərbdəki ağalarının yanına qaçdı. Çox güman ki, görüşün nəticələrindən aslı olaraq, Moskva adekvat addımlar atacaq.

Qısacası, görüş son aylarda baş verən proseslərə aydınlıq gətirəcək. Ehtimal ki, Paşinyana şərt qoyulacaq. Bu şərtlərdən çıxacaqsa, Rusiya Ermənistanda daxili narazılığı artırmaqla Paşinyana qarşı əks-inqilaba rəvac verəcək. Əgər, Paşinyan Putinlə razılaşsa Qərbin təzyiqləri ilə üzləşəcək. Hesab edirəm ki, Paşinyanı Putinlə görüşdən sonra ciddi sınaqlar gözləyir.

Züriyə QARAYEVA