İstənilən halda Aİ-nin bölgəyə daha artıq şəkildə nüfuz etmək imkanları kasaddır İstənilən halda Aİ-nin bölgəyə daha artıq şəkildə nüfuz etmək imkanları kasaddır
  • Yazarlar
  • 12 Sentyabr 2022 14:39
  •  9 702

İrəvan təxribatlarda niyə israrlıdır?

İstənilən halda Aİ-nin bölgəyə daha artıq şəkildə nüfuz etmək imkanları kasaddır

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən növbəti dördüncü görüşdə sülh müqaviləsi ilə bağlı öhdəliklər götürən Ermənistan hakimiyyəti cəmi 2 gün sonra təxribatçı addımlara əl atmağa başladı.

Görüş pozitiv mesajlarla yadda qalaraq növbəti dəfə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin bağlanması üçün Bakının irəli sürdüyü 5 prinsipin İrəvan tərəfindən qəbul edildiyi təsdiqini tapdı. Üstəlik status və Minsk qrupu müzakirəyə çıxarılmadı. Lakin bu görüşdən bir neçə gün keçməmiş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etdi. Ardınca isə Ermənistan tərəfindən sərhəddə tez-tez təxribatlar baş verdi. Təxribatlar yalnız əməli xarakter daşımayaraq sözlü müstəviyə də keçdi. Paşinyan Şərq İqtisadi Forumunda rus sülhməramlı qüvvələrinin üzərinə çətin missiya düşdüyünü və onlarla mütəmadi təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr apardığını qeyd etdi. Halbuki Qarabağa dair istənilən məsələ Azərbaycanın daxili işidir və Ermənistanla müzakirə olunacaq məsələlər yalnız sülh müqaviləsi, sərhəd və kommunikasiya məsələlələri ola bilər. Görüşün ardınca Mirzoyanın 5 prinsipə əlavələrin olunması ilə bağlı fikirləri səsləndirməsi də İrəvanın mövqeyinin Brüsseldəki danışıqların onlara aidiyyatı olmadığından ibarət olduğunu göstərdi.
Hər dəfə Qərbdə keçirilən görüşlərin ardınca təxribatlar törədərək əldə olunan və ya oluna biləcək nəticələri sabotaj etməkdə İrəvanın məqsədi nədir?
Nəzərə alaq ki, əsirləri geri qaytarmaqla Bakı növbəti dəfə “topu qarşı tərəfə ötürdü”. Brüsseldə razılaşdırılan öhdəliklərin tərəfimizdən maksimum şəkildə icra olunması həm də yaxın perspektivdə icra olunacaq anti-terror əməliyyatlarını legitimləşdirmək məqsədi daşıyır. Paşinyan bunu çox yaxşı anladığı üçün proseslərin məcrasını təmas xəttindən sərhədə daşımağa çalışır. Bu amil Azərbaycanın da adekvat addım ataraq nəticədə Rusiyanı KTMT çərçivəsində öhdəlikərini icra etməyə vadar etmək məqsədi daşıya bilər. Bu minvalla Nikol həm prosesin uzanmasını təmin edir, həm Rusiyanı nüfuzdan salmağa çalışır, həm də beynəlxalq müşahidəçilərin bölgədə varlığına ehtiyacın olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırır.
İstənilən halda Aİ-nin bölgəyə daha artıq şəkildə nüfuz etmək imkanları kasaddır. Rusiya bölgəyə yaxın ərazidə yerləşir və təsir gücü həm iqtisadi, həm hərbi baxımdan qarşısıalınmaz səviyyədədir. Ermənistanda hərbi bazalarının mövcudluğu, müttəfiqlik haqqında müqaviləyə əsasən sərhədlərinin həm də Rusiya sərhədi olması Qərbin prosesdə sadəcə tövsiyəverici tərəf rolunda çıxış etməsinə imkan yaradır.
Bu cür addımlara rəğmən Paşinyan bəyanat səsləndirir ki, sülh sazişi ilin sonunadək imzalanacaq və sanki sülhün tərəfdarı olduğu görüntüsünü yaratmağa çalışır. Sülh sazişi yaxın perspektivdə imzalana bilərmi?
Sülh sazişi tərəflərin maraqlarını hansı şəkildə uzlaşdıra bilməsinə də bağlıdır. Hələ ki, tərəflərin maraqları tamamilə fərqlidir. Rusiya sülhməramlı mandatına ləkə gəlməsin deyə nisbi sakitliyin olmasından, düşdüyü blokada vəziyyətindən çıxmaq və Gürcüstanla nəqliyyat asılılığını azaltmaq üçün isə kommunikasiya əlaqələrinin qurulmasından yanadır. Lakin münaqişə ocağının tamamilə sönməsini, sülh müqaviləsi imzalanaraq sülhməramlılara ehtiyacın aradan qaldırılmasını istəmir. Aİ nəqliyyat və enerji xəttlərinin uğurla icra olunması üçün bölgədə sülhün bərqərar olmasından yanadır. Lakin sülhün nə cür əldə olunması onu maraqlandırmır. ABŞ isə münaqişənin həll olması ilə Cənubi Qafqazın Rusiyanın əlindən çıxmasını arzulasa da, eyni vaxtda Bakı və Ankaranın diktə etdiyi 3+3 formatının reallaşmasından narahatdır və Ermənistanın regionun zəif halqası durumundan çıxmasını hələ ki, istəmir. Həmin ritorikanın nəticəsidir ki, bugün Vaşinqton tərəfindən ciddi cəhdlə ölmüş Minsk qrupu dirildilməyə çalışılır. Status məsələsi gündəmə gətirilməklə proses dalana dirənir və geostrateji və iqtisadi baxımdan Moskva zərərə uğradılır.
Qısacası, İrəvanın sabotaj ritorikası sözügedən üç cəbhənin – Moskva, Brüssel və Vaşinqtonun maraqlarının toqquşduğu müddətdə davam edəcək. Xüsusən Ukrayna ilə savaş əsnasında Qərbin Cənubi Qafqazı Moskvanın nəzarətindən çıxarmağa çalışması fonunda İrəvan bu cür təxribatlar vasitəsilə Qərbin dəyirmanına su tökməklə, Rusiyanın “sopa”sındansa Qərbin həm də “kökə”sindən yararlanmağa çalışacaq. Ancaq İrəvan unutmamalıdır ki, lap yaxınlığında o “kökəni” burnundan gətirəcək, suverenliyindən heç bir şəkildə “ödünç” verməyən başqa bir güc var.

Züriyə Qarayaeva
Aznews.az portalının siyasi şərhçisi