Bu günlərdə keçmiş prezident Robert Koçaryan da üzə çıxıb Bu günlərdə keçmiş prezident Robert Koçaryan da üzə çıxıb
  • Yazarlar
  • 29 Sentyabr 2022 15:04
  •  8 558

Ermənistanda baş verən iğtişaşların kökündə nə dayanır?

Bu günlərdə keçmiş prezident Robert Koçaryan da üzə çıxıb

Ağır məğlubiyyətlərə vərdiş edən Ermənistan bu dəfə də sonuncu dəmir yumruğa şahidlik etdiyi 12-13 sentyabr hadisələrindən sonra KTMT-ni proseslərə cəlb etdirə bilməmə uğursuzluğunun depresiyasını yaşayır. Əslində Paşinyan Rusiyadan onun təklifinə adekvat cavabın gəlməyəcəyini çox yaxşı anlayırdı. Onun müraciətində məqsəd KTMT-nin Ermənistan üçün heç bir əhəmiyyəti olmadığını rəsmi şəkildə öz cəmiyyətinə göstərmək idi. Bununla Paşinyan ölkə daxilindəki anti-Rusiya ovqatını daha da gücləndirməklə hakimiyyətə gəldiyi vaxt ABŞ və ayrı-ayrı Qərb dövlətləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışması ilə bağlı görüntü yaratmağa çalışır. Son günlər İrəvanda Rusiya əleyhinə yaranan çıxışlar bunun bariz nəticəsidir. Paşinyan 2018-ci ildən öncə də KTMT və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar etmiş, müxalifətdə olduğu dövrdə məsələni parlament gündəliyinə çıxartmışdı. Lakin əks qüvvələrin təsiri ilə yetəri səs toplamamışdı.
Həmin əks qüvvələr bugün də İrəvandakı etirazlara kontr-reaksiya verməyə çalışır. Ötən gün İrəvanda “Ermənistanın gələcəyi Rusiyaya bağlıdır!” şüarı altında Rusiya ilə həmrəylik aksiyası keçirilib. Yürüş iştirakçıları istəklərini Moskvanın İrəvandakı səfirliyinə təqdim edib. Hökuməti dəstəkləyən sosial şəbəkə və KİV-də də Rusiyaya münasibət birmənalı deyil. Bir qrup Paşinyanın Rusiya ilə əlaqələri zəiflətməkdə və ABŞ-a meyillənməkdə ittiham edir, digər qrup isə əksinə, Rusiya KİV-i və KTMT-ni sərt ifadələrlə tənqid edir. Bu günlərdə keçmiş prezident Robert Koçaryan da üzə çıxıb. O, heç yerə getmədiyini və mübarizəni davam etdirdiyini açıqlayıb. Bugünədək arxa planda qalan, əli azərbaycanlıların qanına bulanmış cinayətkar siyasətçinin birdən birə səhnəyə geri qayıtması Paşinyana qarşı ciddi ssenarilərin hazırlanmasından xəbər verir.
Bugün Ermənistanda bu səpkidə qeyri-müəyyən vəziyyətin yaranmasının da, müxalifətin bu şəkildə “parlamısının” da səbəbi Paşinyanın danışıqlar prosesində tamamilə dalana dirənməsidir. Bir müddət öncə baş nazirin Qərb müşahidəçilərinin prosesə müdaxiləsinə can atmasına baxmayaraq, hazırki vəziyyətdə həm Aİ-nin, həm də Rusiyanın sülh danışıqları ilə bağlı Ermənistandan eyni şeyləri tələb etməsi siyasi çaşqınlığın mənbəyidir. Bu vəziyyətdən çıxmaq üçün Paşinyan son ümidi Fransa və ABŞ-da görür. Adıçəkilən ölkələr isə İrəvanı dəstəkləmək müqabilində konkret şərtlər irəli sürürlər. Şərtlərin birbaşa İran və Rusiya ilə bağlı diktə olunduğunu söyləmək mümkündür. Çünki, Ermənistan İran üçün nəfəslik rolunu oynamaqla, xüsusən ABŞ-ın Cənubi Qafqaz planlarını sabotaj edir. Ermənistan indiki durumunda əlbəttə ki, konkret addımlar ata bilmir. Çünki, həm siyasi, həm iqtisadi, həm hərbi, həm nəqliyyat, enerji infrastrukturu Rusiyadan aslıdır, sərhədləri isə Rusiyanın əlindədir. Demək ki, Paşinyan əslində Rusiyanın qoynundan birbaşa Qərbin ağuşuna atıla bilməyəcəyini yaxşı bilir. Məqsəd budəfə “donuzdan qoparılan hər tük faydadır” prinsipi ilə Qərbi manipulyasiya etmək, çox pis vəziyyətdə olduğunu göstərməklə, danışıqların imitasiyasına davam edə bilməkdir.
Təəssüf ki, Paşinyan ya anlamır, ya da anlamaq istəmir ki, danışıqlarda kimin vasitəçiliyindən aslı olmayaraq, kimin İrəvanın arxasında, yanında dayanmasından aslı olmayaraq, danışıqlar sıfır nöqtəsinə qaytarıla bilməz. 10 noyabr və 11 yanvar bəyanatlarında ehtiva olunan erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması, sərhədlərin delimitasiya edilməsi, nəqliyyat dəhlizlərinin açılması, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və sülh sazişi imzalanması kimi öhdəliklər Ermənistan tərəfindən ya icra olunmalıdır, ya da prezident İlham Əliyevin Laçın çıxışında ifadə etdiyi kimi, qarşı tərəf daha böyük itkilərə boyun əyməlidir. Yalnız Paşinyan deyil, ona havadarlıq etmək niyyətində olan qüvvələr də başa düşməlidir ki, Ermənistanın Rusiyanın orbitindən çıxması sülh müqaviləsinin imzalanmasından, Türkiyə ilə əlaqələrin bərpa olunmasından aslıdır.
İstənilən ssenaridə bölgədə sülhün bərqərar olması vacibdir. Əks halda qazanan yalnız Azərbaycan olacaq!

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi