Müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir Müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir
  • Yazarlar
  • 20 Oktyabr 2022 13:15
  •  7 894

Rusiya-Ukrayna müharibəsində yeni C planı

Müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir

Rusiya Ukrayna müharibəsi daha da intensivləşmiş şəkildə davam edir. Putinin işğal edilmiş 4 bölgədə hərbi vəziyyət elanından sonra bölgədən insanların təxliyyəsi də sürətlənib.

Rusiya Prezidenti bildirib: “Mən Rusiya Federasiyasının bu dörd subyektində (“DXR”, “LXR”, Zaporojye və Xerson) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. O, dərhal Federasiya Şurasına və Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək”.

Bu qərardan sonra yaxın günlərdə müharibənin yeni mərhələsinin başlayacağı gözlənilir. Rusiyaya qarşı gücləndirilən iqtisadi sanksiyalar və bu ölkənin hərbi itkilərini nəzərə alsaq, hazırda hədəf işğal edilən bölgələrin əldə saxlanılmasını təmin etməkdir. Bu təminatın yolu 2 strateji xəttdən keçir. Mülki obyektləri, yaşayış infrastrukturunu hədəf alaraq sivil insanların zərər görməsi və beləcə qarşı tərəfdə qorxu, vahimə yaradaraq masaya oturdulması. İkinci strateji xətt işğal siyasətini davam etdirərək daha çox ərazini əldə etmək və öncədən ilhaq olunmuş bölgələrin qarantiyasını gücləndirməkdir. Lakin Rusiyanın 2 günə Ukraynanı məğlub etmək gözləntiləri suya düşdüyü üçün hərbi imkanlarının düşünüldüyü çərçivədə geniş olmadığını ortaya qoydu.

Bu aspektdən baxsaq, Rusiyanın daha ağır müharibəyə girmək üçün indilik imkanlarının məhdud olduğunu söyləmək mümkündür. Deməli, üzərində dura biləcəyimiz ehtimal qarşı tərəfin masaya oturdulması xəttidir. Bir nüans da unudulmamalıdır ki, Rusiya Ukraynanın torpaqlarını itirməsi ilə barışmayacağını anlayır. Krımı belə güzəştə getməyəcəyi ölkə və xalq ərazisinin 20 faizini itirməyi qəbul etməyəcəyi üçün müharibə dayandırılsa belə yenidən başlayacağı gün kimi aydındır. Bu situasiyada Moskvanın müharibənin dayanmasında maraqları ordunun bərpa olunmasına fokuslanıb.

• Əvvəla, Rusiyanın silah ehtiyatları tükənib. Rusiya qoşunları Ukrayna ordusundan 3-4 dəfə çox texnika itirib. Rusiya ehtiyatlarını vaxtilə Sovet İttifaqında olduğu kimi tez doldura bilmir. Onların bu cür imkanları və dəqiq idarə olunan silahların sürətli istehsalı yoxdur. Üstəlik iqtisadi və siyasi sanksiyalar indi xaricdə istehsal olunan komponentlərin idxal olunmasına mane olur. Rusiyaya İrandan hərbi dronların göndərilməsi vəziyyətindən kritikliyindən xəbər verir.

• Səfərbərliyə alınmış 300 min əsgər heyətinin təlimatlandırılmasına ehtiyac var. Digər tərəfdən, Rusiya tərəfinin hərbi itkilərinin səbəbi də silah resurslarından düzgün istifadə qaydalarını bilməməklə bağlıdır. Bu yaxınlarda İngilis kəşfiyyatı Rusiya ordusunun tank heyətinə ERA-dan düzgün istifadə qaydalarının öyrədilmədiyini bildirmişdi.

Proseslər olduqca dinamik cərəyan etdiyi üçün perspektivləri dəqiq proqnozlaşdırmaq çətin olsa da, müharibənin 8 aylıq gedişatı bizə deməyə əsas verir ki, Rusiyanın həm A, həm də B planı işlək ola bilmədiyi üçün müharibənin hər hansı yolla dayandırılmasına əsaslanan və hazırlıq mexanizmlərini özündə ehtiva edən C planı gündəmdədir. Bu planın digər planlardan fərqli olacağını söyləmək isə hələ ki çətindir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi