Heç kim Azərbaycanla hədə və qorxu ilə danışa bilməz Heç kim Azərbaycanla hədə və qorxu ilə danışa bilməz
  • Yazarlar
  • 21 Oktyabr 2022 12:45
  •  8 327

Zəngəzurun Şərq qapısında yeni dünya düzəninin göstəriciləri

Heç kim Azərbaycanla hədə və qorxu ilə danışa bilməz

Zəngəzurun şərq qapısı sayılan Zəngilan hava limanının açılışı Vətən müharibəsindən sonra atılan mühüm tarixi addımların davamı oldu. Ənənəyə uyğun olaraq Qarabağdakı növbəti hava limanının istifadəyə verilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə həyata keçdi. Zəngilan Beynəlxalq Hava Limanı həmçinin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin, Ərdoğanın bu tədbirdə iştirakı isə Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü oldu. Bu səfərin əhəmiyyətini istər səslənən bəyanatlar, istərsə də real nəticələr baxımından bir neçə aspektdən dəyərləndirə bilərik.

Torpaqlarını işğaldan azad etməklə başlıca missiyasını həyata keçirən Azərbaycan dövləti azad edilmiş ərazilərdə nəhəng yenidənqurma işləri ilə presedent yaradır. Azad olunmuş ərazilərdə hava limanlarının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurun lokal, regional və beynəlxalq nəqliyyat dəhlizlərindəki əhəmiyyətini və ölkəmizin loqistik imkanlarını artırır.

Siyasi baxımdan Şərqi Zəngəzur inzibati ərazisində yüksək səviyyəli quruculuq işlərinin aparılması cənab prezidentin bölgə ilə bağlı xüsusi planlarının olduğunu, münaqişə anlayışının keçmiş səhifələrdə qaldığını göstərir. Ölkə başçısının işğaldan azad olunmanın növbəti mərhələsində regiona səfəri həm də ideoloji və təbliğat baxımından da vacibdir.

İqtisadi baxımdan beynəlxalq yükdaşımalarda Azərbaycanın rolu artır, həm Cəbrayılın, həm Qubadlının, həm də Zəngilanın sürətlə bərpası xarici investisiyanın cəlb olunmasına təkan verir.

Strateji cəhətdən dəmir yolu, hava yolu, elektrik xəttlərinin çəkilməsi Qərbi Zəngəzurun perspektiv planlar içərisində yer aldığını göstərir. Üstəlik, Zəngəzur dəhlizinin açılması üçün baza rolunda çıxış edir, çünki məlum məsələdir ki, Zəngəzur dəhlizinə qədər güclü təhlükəsizlik sistemi qurulmalıdır. Bu, həm hərbi-siyasi imkanların, həm də infrastrukturun güclü olmasını tələb edir.

İstər dəhlizlə bağlı fundamental addımlar, istərsə də Zəngəzurun şərq qapısında bərpa işləri həm də Türk dünyasının uğurudur. Eyni zamanda, Azərbaycanın strateji müttəfiqi Türkiyənin dövlət başçısının növbəti dəfə Qarabağa gəlməyi, Zəngilanda aeroport açılışına qatılmasının siyasi mesajları var. Bu mesajlar ilk növbədə Türk dünyasına yönəlik barış ismarıclarıdır.

Praqa görüşündə dünya nizamının hansı çərçivədə müəyyən olunmasının çizgilərinə şahidlik etdik. Türk birliyinin yeni dünya nizamının önəmli qütblərindən birini təşkil etməsi şübhəsizdir. Türkiyə dünyanın nüfuzlu qlobal güclərindən biri olması, güclənən türk ittifaqı, Fransa Prezidenti Emmanuel Makronun təxribatçı açıqlamaları kontekstində cənab Ərdoğanın açılışda iştirakı, səsləndirdiyi bəyanatlar regionun siyasi konyukturasının Türkiyə və Azərbaycan tərəfindən müəyyən olunduğunu göstərmək baxımından vacib hadisə oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın qarşısında olanlar isə Türkiyənin qarşısındadır. Heç kim Azərbaycanla hədə və qorxu ilə danışa bilməz və haqlı tələblərimizdən yan keçə bilməz.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi