Azərbaycanın alternativ yollar üzərində nəzarətinin strateji üstünlükləri

Ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb. Xankəndi-Xəlfəli-Turşsu və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun nəzarətə götürülməsi strateji cəhətdən olduqca əhəmiyyətli addımdır. Bu məsələ erməni mediasında da güclü ajotaja səbəb olub. Ermənilər separatçılan Xankəndiyə gedəcək heç bir alternativ yollarının qalmamasından narahatdırlar. Laçın yoluna paralel yolların nəzarətə alınması Laçın yolu üzərində nəzarətin də gücləndirilməsi deməkdir ki, bu addım müvafiq istiqamətdə atılan ilk praktiki addımdır. Bakı artıq xəbərdarlıq dilindən praktiki addım ritorikasına keçid edir. Bu, Qarabağda Azərbaycan üçün yeni mərhələnin, separatçılar üçün isə sonun başlanğıcı deməkdir. Sözügedən addımın əsas nəticələrindən biri də erməni icmasının re-inteqrasiya meyillərinin güclənməsi ilə bağlıdır. Belə ki, separatçılan nəfəsliyinin bağlanması Xankəndidəki erməni əhalisinin Bakı ilə birləşmə yolundan başqa çarəsinin olmadığı qənaətini ortaya çıxarır. Təsadüfi deyil ki, məhz bu proseslərdən sonra Prezident Administrasiyası növbəti dəfə erməni icması nümayəndələrini görüş üçün Bakıya dəvət edib. Artıq görüşdən imtina imkanları azdır. Görüş keçirilərsə Bakı ermənilərə inteqrasiya yollarını və nəticələrini daha aydın şəkildə izah edəcək. Ən önəmlisi, onların başqa yollarının olmadığını anladacaq. İnfrastruktur layihələrinin icrası da əsas gündəm məsələlərindəndir. Hərçənd separatçıların düşdükləri durumdan nəticə çıxarmama ehtimalı da ola bilər ki, görüşdən erməni əhalisini yayındırmağı bacarsalar, bu variantın özü də Bakının əlini gücləndirir. Görüş üçün Bakının təklif edilməsi inteqrasiyadan başqa yollarının olmadığı və tək legitim hakimiyyətin rəsmi Bakı olduğu mesajını ötürür. Görüşdən imtina isə növbəti dəfə ermənilərin haqqlarının ölkəmiz tərəfindən təminatı istiqamətində separatçıların əngəl olduğunu, insan haqqlarından dəm vuranların separatçılarla bağlı da əllərini daşın altın qoymaları lazım olduğu faktını üzə çıxarır. Üstəlik, görüşdə rusların vasitəçiliyinin nəzərdə tutulmaması separatçılara Rusiyaya arxayın olmamağın, bölgədə qərarların yalnız Azərbaycan hakimiyyəti tərəfindən verildiyinin göstəricisidir.

Bu kontekstdə ermənilərin ənənəvi təxribata əl atma ehtimalını da unutmaq olmaz. Çıxılmaz vəziyyətdə riyakar düşmən Azərbaycanı təxribat əməllərinə şərik etməyə, ordumuzun adekvat reaksiya verməsini “sülh göyərçinləri”nin dilinə erməni əhalisinin hüquqlarının pozuntusu, hətta daha irəli gedərək soyqırım həyata keçirməsi kimi sala bilər. 1915-ci il hadisələrindən tutmuş, Sumqayıt hadisələrinədək olan təcrübə düşmənin hansı provakasiyalara əl ata biləcəyini ehtimal etməyimizə kömək edir. İndiki halda Azərbaycan-Ermənistan şərti təmas xəttində təxribatların törədilmə imkanları daha yüksəkdir. Əvvəla, ona görə ki, haylar Avropa İttifaqı monitorinq missiyasının legitimləşdirilməsini bu yolla gündəmə gətirə bilər. Eyni zamanda sülh prosesini maksimum ləngitməklə yeni təkliflər irəli sürülə bilər. Sərhəd xəttində təxribatlar Moskvanın da maraqlarına uyğundur. Çünki, Qarabağ sülhməramlıların nəzarət zonasıdır, sərhəd xəttində isə Qərb təmsilçiləri yerləşdirilib.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi