• Yazarlar
  • 12 Oktyabr 2023 16:31
  •  6 540

Moskvanın ritorikasında transformasiya

Qarabağda Azərbaycan suverenliyini təmin etdikdən sonra bir çox insanları düşündürən sual Rusiyanın bölgədə gələcək vəziyyətidir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynanın inanılmaz müqaviməti Rusiyanın postsovet məkanında nüfuzuna ciddi təsir göstərib. Bunun nəticəsidir ki, Rusiya bir çox ölkələrlə praqmatik və rasional xarici siyasət aparmağa məcbur qalıb. Eyni zamanda Qərb ölkələri Rusiyanın ənənəvi təsir dairəsinə müdaxilə etməyə başlayıblar. Lakin bütün bunlara baxmayaraq, Rusiyanı bölgədə bitirmək də olduqca tezdir.

Rusiyanın hazırda Qafqazda imkanlarını Henri Kissincerin ABŞ-ın dünyada müasir imkanları ilə bağlı dediklərinə uyğun olaraq təsvir edə bilərik: "Rusiya nə o əvvəlki qədər güclüdür ki, bütün Qafqaza diktə etsin, nə də o qədər zəif deyil ki, bütün Qafqazı əlindən buraxsın".
Rusiya 2016-cı il aprel hadisələrindən sonra anladı ki, münaqişənin daimi dondurulması bölgədə olan gələcək maraqlarına zidd ola bilər. Eyni zamanda Çin, Aİ, ABŞ kimi iqtisadi nəhənglərə qarşı Rusiya da iqtisadi bir model yaratmağa məcbur idi.
Rusiya buna görə də, öz liderliyi altında bölgədə iqtisadi əlaqələrin bərpasını və kommunikasiyaların açılmasını istəyir, Türkiyə və İranın da cəlb olunması ilə Qərbin regiona müdaxiləsini bloklayan "3+3" tipli formatlar onun Böyük Avrasiya İqtisadi Tərəfdaşlığı konsepsiyasına xidmət edir.
Moskva bir tərəfdən başa düşür ki, bölgədə uzunmüddətli mövcudiyyətini sırf konfliktlərə istinad etməklə deyil, qarşılıqlı faydalı kimi görünən, işlək, çoxtərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə daha dayanıqlı təmin edə bilər. Digər tərəfdən isə o, Qərbin və Çinin iqtisadi gücü qarşısında özünü bu sahədə hansısa bir potensial ortaya qoymaq məcburiyyətində hiss edir ki, həmin güclərlə bərabərhüquqlu qlobal iştirakçılığa iddia edə bilsin.
Bütün bunlar onu göstərir ki, Rusiya tərəfi Qafqazda qalmaqda maraqlıdır və bu gün Qafqaz onun üçün həyati əhəmiyyətə malik bölgədir. Rusiya Şimali Qafqaza nəzarət etdiyi müddətcə, Xəzərdə donanması olduğu müddətcə Cənubi Qafqaza təsir rıçaqları qalacaq və Qafqaz ölkələri bu reallığı qəbul edəcək. Rusiya artıq bölgədə qalmaq üçün maraq alətlərini, vasitələri, əməkdaşlıq modellərini dəyişmək zərurətini hiss edir. Rusiya tərəfi eyni zamanda Qərbdən fərqli olaraq, Türkiyəni bölgədə və masada qəbul edir.
Rusiya Britaniya və Türkiyədən sonra anladı ki, Azərbaycan bölgənin açar ölkəsidir və onunla əməkdaşlıq olmadan Cənubi Qafqazda qalmaq çətindir. Eyniliklə Azərbaycan da Rusiya kimi önəmli regional güclə konfrantasiyaya maraqlı deyil, həm də Azərbaycan Rusiyanın şahmat taxtasında qalmasında maraqlıdır, bu Azərbaycana Qərb qarşısında manevr imkanı verir.
Müasir geosiyasi şərtlər elədir ki, hətta Amerika kimi dünyanın lider dövləti də əsas rəqibləri ilə rəqabət aparmaq üçün bəzi məqamlarda gücünü azaldıb, əsas maraq nöqtələrindən başqa yerlərdən imtina edərək mükafat ödəmək məcburiyyətində qalıb. Rusiya da bunu etməlidir. Çünki, indiki əhali, iqtisadiyyat və geniş torpaqlar onu buna məcbur edir və edəcək. Üstəlik, ABŞ öz qitəsindən kənar yerlərdə siyasi pəhrizin pulunu ödədiyi halda, Rusiya ona yaxın olan ölkələrdə ödəyəcək.
Bura Azərbaycan və Ermənistan da daxildir. Amma danışdığımız tam geri çəkilmək deyil, İraq, Suriya, Liviya və s.-də gördüyümüz vəziyyət kimi olacaq və əməkdaşlıq formatları dəyişəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi