Prezident İlham Əliyevin fikirlərinə əsasən delimitasiya problemi necə həllini tapacaq?

İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri prosesin bundan sonra necə davam edəcəyinə işıq tutdu. Prezident İlham Əliyev bildirdi ki, Qazaxın 7 kəndindən dördü anklav deyil, yəni qeyd-şərtsiz geriyə qaytarılmalıdır. Həmin kəndlərin Ermənistanın əlində saxlanması üçün hər hansı bir əsas yoxdur. Naxçıvanın Kərki kəndi haqqında da eyni sözləri söyləmək mümkündü. Bu fikir onu təsdiq edir ki, sərhədlərin müəyyənləşməsi iki mərhələdə aparıla bilər. Birinci mərhələdə Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri müzakirəsiz qaytarılmalı, ikinci mərhələdə Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri ilə bağlı müzakirə aparılıb həll variantı qərarlaşdırılacaq. Ikinci mərhələ ilə bağlı bir neçə variant gözlənilir. Bunlardan ilki 1925-ci il xəritəsi əsasında sərhəd müəyyənləşməsidir. 1929-cu ildə isə Naxçıvanın 9 kəndi və Nüvədi kəndi Ermənistana birləşdirilib. 8-9 min kv km ərazimiz SSRİ-yə daxil olduqdan sonra Ermənistana verilib. Sonuncu kəndlər 1984-cü ildə Qazax rayonu istiqamətində Ermənistana güzəştə gedilib. Həmin xəritə əsasında demarkasiya aparılarsa, anklav kəndlərdən əlavə də bir neçə kənd qaytarıla bilər. Bakı daha çox bu xəritə üzərində dayanır. Lakin bu xəritənin icrası Ermənistana həm ərazi, həm siyasi baxımdan böyük itkilər yaşadacağı üçün 1975-ci il xəritəsi üzərində manipulyasiya etməyə çalışır. Tələb etdiyi Başkəndin “erməni anklavı” olması iddiası da aradan qalxır. Üstəlik, 25-ci il xəritəsi razılaşdırılarsa, Zəngəzur dəhlizinin açılması üçün nə Ermənistana, nə də İrana ehtiyac qalmır.

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti görüşü yanvarın sonunda keçiriləcək. Bu görüşlərdə anklav olmayan 4 kəndin qaytarılacağını və ya bu istiqamətdə ciddi irəliləyiş olacağını ehtimal etmək olar.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi