- Yazarlar
- 19:42
- 1 223
Hərbi zəfərdən intellektual zəfərə!

Sabah İkinci Qarabağ Savaşının başlamasından 5 il ötəcək.
Şəhidlərimizi ehtiramla anır, qazilərimizə can sağlığı diləyirəm.
44 günlük müharibə ilə Azərbaycan xalqı milli birliyini, potensialını və qüdrətini, qələbəni haqq etdiyini bir daha təsdiq etdi. Zəfər xalqı, Zəfər dövləti, Zəfər respublikası olduğunu ortaya qoymaqla öz unikallığını yeni tarixi mərhələyə daşıdı.
Memarı prezident İlham Əliyev olan bu tarixi zəfərin əldə edilməsi uzunmüddətli və çoxşaxəli bir inkişaf strategiyasının nəticəsidir. Mənim fikrimcə, qazandığımız misilsiz qələbəni şərtləndirən ən mühüm amillərdən biri də məhz müasir hərbi texnologiyalara sərmayə qoymağımız idi. Biz bu savaşda erməni-daşnak ideologiyasını, rus arsenalını, fars münafiqliyini, qərb şarlatanlığını təslimiyyətə vadar edə bildik ona görə ki, haqqımızı yeni nəsil silahlarla, ağıllı savaş texnologiyaları ilə qoruyurduq.
Bu da bizə gələcək üçün bir yön verir və deyir ki, savaş meydanında qazanılan zəfər elm və təhsil müstəvisində davam etdirilməlidir.
44 günlük savaşda əsgərimizin, zabitimizin, generalımızın, Ali Baş Komandanımızın əzmini və şücaətini tələbələrimiz, tədqiqatçılarımız, rektorlarımız elm sahəsində təkrarlamalıdır.
Xankəndidəki Qarabağ Universiteti dünyanın ən nüfuzlu 100 universiteti arasına düşəndə, Texniki Universitetimiz qonşu ölkələrimizin eyni təyinatlı universitetlərini əlçatmaz səviyyədə qabaqlayanda, Bakı Dövlət Universiteti öz tədqiqatları ilə klassik Qərb Universitetlərini heyrətə salanda Azərbaycan intellektual zəfərini təsbit etmiş olacaq.
Yaşasın qəhrəman Azərbaycan! Yaşasın intellektual Azərbaycan!
Taleh ŞAHSUVARLI