- Yazarlar
- 19:59
- 874
Zəngəzur dəhlizinə qarşı məkrli planlar nədən qaynaqlanır?
Zəngəzur dəhlizinin strateji əhəmiyyəti haqqında kifayət qədər yazılıb, iqtisadi-siyasi məqamlar araşdırılaraq təhlil olunub. Hətta bu marşurutun ağır sanksiyalar altında boğulan, həm İran, həm də Rusiya üçün səmərəli olduğu qeyd olunur. Amma, lakin hər iki dövlətin rəsmilləri nala-mıxa vuraraq Zəngəzur layihəsinin əleyhinə qərəzli fikirlər səsləndirirlər.
İranın ali rəhbərinin baş müşaviri, mühafizəkar qanadın nümayəndəsi Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşündə ABŞ prezidenti Donald Trampın irəli sürdüyü, Ermənistanın cənubu üzərindən keçməklə Azərbaycanın iki hissəsini birləşdirəcək tranzit dəhlizi planına kəskin etirazını bildirib. Hətta bu zavallı həmin layihəni İranın milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.
Niyə görə, Zəngəzur dəhlizi Tehranı qorxulu yuxulara qərq edir, təşvişə salır? Gerçəkdənmi bu kəmər işə düşən kimi İranın təhlükəsizliyinə təhdid yaranacaq? Əsla belə deyil!
Əslində Zəngəzur dəhlizi regiona sülh, əməkdaşlıq gətirəcək, Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrini nizamlayacaq. Şərqlə Qərb arasında çox əlverişli yükdaşımaların həcmi və keyfiyyətini artıracaq layihədir.
Bəs, dünya və həmçinin region üçün strateji mahiyyət kəsb edən layihədən Cənub qonşumuz niyə qorxuya düşür?
Bu daha çox İranda bəzi qüvvələrin türk dünyasına nifrətlərindən, qəzəblərindən qaynaqlanır. Daxilində erməni sevgisi bəsləyən həmin zümrə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsindən ciddi əndişələnir.
Zəngəzur dəhlizinin açılmasından, Türk dövlətlərinin əməkdaşlığından deyil, daha çox İranda yaşayan 35 milyondan artıq soydaşımızın qəzəbinə düçar olmaqdan əndişələnməyə səbəblər var. Antitürk, anti-Azərbaycan siyasəti həmin o yatmış, gücünü hesablamaq mümkün olmayan 35 milyonluq azərbaycanlının ayağa qalxma ehtimalını artırmış olacaq. Bu da sanksiyalarla üzləşmiş İran üçün yaxşı heç bir perspektiv vəd etmir. Nəhəng layihələrə mane olmaqla vəziyyəti mürəkkəbləşdirmək hazırkı məqamda heç bir region dövlətinə fayda verməz.
Digər tərəfdən Rusiya da Zəngəzur dəhlizi ilə bağlı qəzəbini Trampa görə, içində boğur. Amma Kremldən ara-sıra Tramp marşurutu ilə bağlı təşviş dolu fikirlər səslənir. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə bildirib ki, Rusiya tərəfi “Tramp marşrutu” təşəbbüsünün parametrləri üzrə İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
Bu onu göstərir ki, Rusiya Cənubi Qafqazda nəyin hesabına olursa-olsun öz mövcudluğunu qoruyub saxlamağa hazırdır, hətta imperiya iddialarından əl çəkməyəcəyini ortaya qoyur.
Əkrəm Bəydəmirli