- Yazarlar
- 12:17
- 1 616
Hüseynov qardaşları Kasparovla niyə görüşüblər?
Bir müddətdir Emin və Mehman Hüseynov qardaşlarının siyasi mübarizə çərçivəsini aşan və söyüş ritorikasına əsaslanan fəaliyyətləri müzakirə olunmaqdadır. Açıq şəkildə görünür ki, Azərbaycan dövlətinə qarşı sistemli və total informasiya xətti formalaşdırılıb.
Və bu xəttin üzvləri əxlaqi keyfiyyətlərdən uzaq - amoral, milli-genetik kimliyi əsaslı suallar doğuran, erməni təşkilatlarının koordinasiyalı təsiri altına düşən və hətta ən elementar mənəvi-mental dəyərlərdən imtina edən şəxslərdən təşkil olunub.
Hədəfləri bəllidir: Azərbaycan Prezidentinin, onun ailə üzvlərinin və bütünlükdə dövlət atributlarının təhqir olunması, bununla da aqressiv kütlədə dövlət aparatına qarşı etimadsızlıq immuniteti formalaşdırmaq, dəyərlərin aşağılanaraq adiləşdirilməsi və dövlət sisteminə qarşı "istənilən mübarizə üsulu"nun tətbiq olunmasının mümkünlüyünü təbliğ etmək.
Prezident İlham Əliyev başda olmaqla, atributların mənəvi və hüquqi müstəvidə qorunması dövlətin, hər bir vətəndaşın strateji hədəfi olmalıdır. Hər hansı videolara baxıb "pıçı-pıçı" ilə danışmağın yox, ortaya mövqe qoymağın zamanıdır.
Mehman Hüseynov çıxışında ona ötürülən məlumatların rus dilində yazılmış mətnlərdən ibarət olduğunu deyir. Rusiya ilə münasibətlərin heç də yaxşı olmadığı bir ərəfədə Azərbaycana qarşı "kompromat"ların məhz bu ölkənin xüsusi xidmət orqanlarından ötürüldüyünü etiraf etmək də məsələnin maraqlı tərəfidir. Amma necə olur ki, xüsusi xidmət orqanları dövlət atributlarının təhqir olunmasını məhz sizə - iki qardaşa həvalə edir?! Sizdə hansı "keyfiyyət"lər var ki, onların tələblərinə cavab verirsiniz!?
Hüseynov qardaşları paralel olaraq, "maraqlı" bir xətt də nümayiş etdirirlər. Məsələn, kim Prezidenti və öz dövlətini müdafiə edəcəksə, Mehman o adamların da şəkillərinin göstərərək söyməli və bunula da dövlətin ideoloji cəbhədəki fəaliyyətini də tərksilah etməlidir. Özləri açıq etiraf etməsələr də, söyüşlə insanları öz dövlətinin müdafiəsindən çəkindirməyə çalışırlar. Yəni, "heç kəs özünü söydürmək istəməyəcək" ümidi ilə "söyüş arxitekturası" qurublar.
Bir müddət əvvəl Hüseynov qardaşlarının şahmatçı HARRİ KASPAROVla görüşməsi də çox maraqlı məqamdır. Bu görüşün təlimatları, səbəbləri və öhdəlikləri də tezliklə ortaya çıxacaq.
Bir şey aydın görünür: nə qədər özlərini neoliberal libasında sırımağa çalışsalar da, onların addım-addım əsl simalarını ifşa edirlər. Erməni lobbisinə xidmət edən, Azərbaycanın getdikcə münasibətlərinin korlandığı Rusiyanın xüsusi xidmət orqanlarının agentinə çevrilən bu adamların etdikləri Vətənə xəyanətdən başqa bir şey deyil.
Hüseynovların anlamadığı, lakin ciddi müşahidə olunan mənzərə tamam başqadır: Azərbaycan dövləti bütün bu şantajların qarşısında aciz deyil.
Əgər Azərbaycan xalqının bir hissəsi - diasporası, siyasətçiləri, jurnalistləri, həkimləri, müəllimləri, alimləri, idmançıları, qaziləri, şəhid ailələri "mənəvi səfərbərlik" elan etsələr, nə Hüseynov qardaşları, nə də onları "kompromat"larla təmin edən şəxslər bu prosesin qarşısında dura bilməyəcəklər. Yəni, proses göründüyü kimi sadə deyil, sadəcə Azərbaycan ictimaiyyəti bütün bu məsələlərə hələki əxlaqi çərçivədə reaksiya verir.
Samir Feyruzov