Bakıda 17 yaşlı sürücünün maşını ikiyə bölündü

Bakıda dəhşətli qəza


Ötən gecə Abşeron rayonu ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Mehdiabad qəsəbəsi ərazisində qeydə alınan hadisə zamanı 17 yaşlı Hüseynov Səxavət Rüstəm oğlu sükanı arxasında əyləşdiyi "VAZ 2106" markalı minik avtomobilini yol kənarındakı daş su bulağına çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, toqquşmadan öncə sürücü həmin yerdə dayanan piyadanı da vurub.

Məlumata görə, zərbə o qədər güclü olub ki, toqquşmadan sonra avtomaşın iki hissəyə bölünüb. Qəza nəticəsində sürücü Səxavət Hüseynov aldığı xəsarətlərdən elə hadisə yerində keçinib. Onun meyiti daxili və xarici müayinə olunması üçün ekspertizaya aparılıb.

Maşında olan digər iki sərnişin - 17 yaşlı Elşən Hökməliyev və 18 yaşlıYaqub Babayev, eləcə də piyada, 24 yaşlı Əmikişi Alışov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yol nəqliyyat hadisəsi ilə bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Şöbənin müstəntiqi Məhəmməd Tağıyevin verdiyi məluma görə, qəzaya səbəb kimi ilkin olaraq yüksək sürət amili göstərilir. Qəzanın dəqiq səbəbləri aparılacaq istintaqın sonunda məlum olacaq. /Anspress/