- Hadisə
- 11:19
- 883
Kanalizasiyaya düşərək ölən şəxslə bağlı ittiham olunan sahə rəisinin məhkəməsi başlayıb
"Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.
Aznews.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, o işə yeni qoşulub və cinayət işinin materialları ilə tanış deyil. Buna görə vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.
Azər Cümşüdov deyib ki, onun cinayət işi ilə əlaqəsi yoxdur. O həmçinin bildirib ki, cinayət işi ilə tanış deyil və özünü təqsirli bilmir.
Təqsirləndirilən şəxs cinayət işi ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası dekabrın 9-na kimi təxirə salınıb.
Qeyd edək ki, Azər Cümşüdovun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə bu ilin iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.
Cümşüd Cümşüdlünün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı.