“Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin əsas qovşağına çevrilir” - Pərvanə Vəliyeva

“Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə mühüm körpü rolunu oynayır. Son illərdə Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən birləşdirən Şərq–Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin artırılması məqsədilə dövlətimiz bu istiqamətdə sərmayələrini əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması üzrə bir sıra layihələr icra olunur. Bu təşəbbüslər logistika səmərəliliyinin yüksəldilməsinə, tranzit xərclərinin azalmasına və yükdaşımaların daha rəqabətqabiliyyətli olmasına ciddi töhfə verəcək. 2022-ci ildən bəri Orta Dəhlizlə daşınan yüklərin həcmi təxminən 90 faiz artıb, dəhliz boyu tranzit müddətləri isə əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanmasına malik olan Azərbaycan Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər üstünlükləri ilə artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı son illərdə regionun geosiyasi arxitekturasında mühüm aktora çevrilib. Qlobal güc mərkəzləri arasında rəqabətin artdığı bir dövrdə TDT çərçivəsində iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq xətti daha da genişlənir. Xüsusilə Orta Dəhlizin aktuallaşması, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması və enerji marşrutlarının şaxələndirilməsi Azərbaycan üçün strateji imkanlar yaradır. Azərbaycanın təşəbbüsləri sayəsində təşkilat tədricən yalnız mədəni-humanitar platformadan çıxaraq siyasi və iqtisadi koordinasiya mərkəzinə çevrilir. Bu isə həm regional inteqrasiyanın dərinləşməsi, həm də türk dövlətlərinin qlobal səhnədə daha vahid mövqeyə sahib olması baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Mərkəzi Asiya–Azərbaycan–Avropa marşrutu bu gün alternativ, sabit və təhlükəsiz ticarət yolu kimi fəaliyyət göstərir.

"Bu istiqamətdə yükdaşımalar artır, iqtisadi, humanitar və mədəni əlaqələr sürətlə inkişaf edir. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal–Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və əlavə marşrut kimi strateji əhəmiyyət daşıyır. Sülh, regional inteqrasiya və iqtisadi inkişafla bağlı mühüm istiqamətlərdən biri də enerji təhlükəsizliyidir. Azərbaycan bu sahədə qlobal səylərin ön sıralarında dayanır və bir çox ölkələrin enerji təchizatında etibarlı və əvəzolunmaz tərəfdaş qismində çıxış edir. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər hövzəsinin beynəlxalq bazarlara bağlanmasında ölkəmiz aparıcı rola malikdir. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən Azərbaycan coğrafi əhatə baxımından boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında birinci yeri tutur. Bundan əlavə, Prezident İlham Əliyevin xüsusi xidmətləri nəticəsində Türk Dövlətləri Təşkilatı artıq vahid və təsirli platforma kimi formalaşıb. Prezident İlham Əliyev TDT-nin həm ideoloji, həm də institusional möhkəmlənməsinə mühüm töhfələr verib. Şuşa və Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşləri, eləcə də yaxınlarda Qəbələdə baş tutmuş TDT-nin 12-ci Zirvə görüşü dövlət başçımızın təşəbbüsləri sayəsində türk dövlətləri arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirib. Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində türkdilli ölkələrin etibarlı tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirib".

Rəfiqə Namazəliyeva,

AzNews.az