- Siyasi müzakirə
- 26 Noyabr 23:25
- 1 538
” Rusiya Ukraynadan sonra yeni bölgələrə yönələ bilər” - Kənan Novruzov
“Əslində, vaxtilə tərəflər sülh şəraitində bir-birinə çox yaxın idilər — İstanbulda danışıqlar aparılırdı. Sadəcə, təəssüf ki, bu proses alınmadı və Ukrayna daha çətin vəziyyətə düşdü. İndiki situasiyada təklif olunan şərtlər faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir, amma bu, bir tərəfdən də reallıqdır. Çünki Rusiya güclüdür. Nə mənada güclüdür? Rusiya Şərqi Avropada mövqe və hətta strateji üstünlüyə malik olsa da, son dörd ildə başqa bölgələrdə daha çox itkiyə məruz qalıb. Ukraynada müəyyən əraziləri ələ keçirib, amma əvəzində Cənubi Qafqazda, Yaxın Şərqdə və Mərkəzi Asiyada təsir imkanlarını itirib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsinin dördüncü ilində tərəflər arasında mümkün atəşkəsə dair ən real sənəd hesab olunan yeni sülh planı ətrafında müzakirələr sürətlənib. Son günlər sızmalar vasitəsilə ictimailəşən təklif paketi həm Moskvanın, həm də Kiyevin müəyyən kompromislərini əks etdirir. Prosesə ABŞ və Avropa İttifaqının da qoşulması təşəbbüsü isə diqqəti daha da artırıb. Mövcud məlumatlar yaxın perspektivdə diplomatik irəliləyiş ehtimalını əvvəlkindən daha real göstərir.
Siyasi şərhçi qeyd edib ki, bu, əslində böyük güclərin Rusiya ilə bağlı oynadığı oyunun nəticəsidir.
"Rusiya Ukraynada üç-beş nəsə qazansa da, böyük miqyasda daha çox itirib. Tutaq ki, Ukrayna buna razılaşdı, Rusiya da razılaşdı. Əvvəla, buna Avropa razı olmaz. Mən ehtimal edirəm ki, Avropa danışıqların qaçılmaz olduğunu görsə, prosesi pozmaq üçün provokasiyaya əl atacaq. Elə bir təxribat baş verəcək ki, müharibənin miqyası genişlənəcək və növbəti bir Avropa ölkəsi ya müharibəyə qoşulacaq, ya da Rusiya həmin təxribatdan istifadə edib başqa bir bölgəyə daxil olacaq. Mən bunu, o cümlədən Cənubi Qafqaz üçün də istisna etmirəm, Gürcüstan buna nümunədir. Azərbaycan və Ermənistan arasında gərginlik fonunda Rusiya Gürcüstana daxil ola və onu növbəti “qurban” kimi irəli sürə bilər.Çünki Avropa müharibənin bitməsindən çox qorxur. Birincisi, düşünürlər ki, müharibə bitsə, növbəti hədəf Avropa ölkələrindən biri olacaq. İkincisi isə hazırda Avropa Rusiyadan ucuz enerji alır və müharibə bitərsə, bu fürsəti itirəcəyindən ehtiyat edir. Avropa danışıqların qarşısını almaq üçün provokasiyaya gedə bilər. Ukrayna rəhbərliyi isə bu şərtlərə getsə, Zelenskiyi hakimiyyətdən uzaqlaşdıracaqlar. Çünki ondan soruşacaqlar: “O zaman bu müharibə niyə lazım idi? Niyə bu qədər qan töküldü?” Bu baxımdan Zelenskinin hakimiyyətdən getməsi qaçılmaz ola bilər. ABŞ isə istənilən halda onu kənarlaşdırıb yerinə başqa bir fiqur gətirə bilər və bunu “Ukraynada yeni mərhələnin başlanması” kimi təqdim edər. Böyük ehtimalla, Zelenski ilə ABŞ arasında pərdəarxası danışıqlarda onun şəxsi təhlükəsizliyi ilə bağlı təminatlar müzakirə olunur. Sülh planının yaxın zamanda həyata keçəcəyini düşünmürəm. Keçsə belə, müsbət təsir edəcək. Burada Qərbi ayırmaq lazımdır: Avropa İttifaqı və ABŞ. ABŞ–Rusiya münasibətləri müəyyən qədər normallaşa bilər, amma Avropa–Rusiya münasibətləri daha da kəskinləşəcək. Çünki artıq “kollektiv Qərb” anlayışı yoxdur. ABŞ-da Tramp hakimiyyətə gələndən sonra Avropa və ABŞ fərqli mövqelərlə çıxış etməyə başladı".
Rəfiqə Namazəliyeva,
AzNews.az