Azərbaycandan Çin və Macarıstanda təhsil almaq üçün 600-dən çox müraciət olub

Azərbaycandan Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil almaq üçün Çin üzrə 162, Macarıstan üzrə isə 454 olmaqla 616 müraciət qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, 2026-2027-ci tədris ilində Çin və Macarıstanda HTP çərçivəsində təhsil almaq istəyən namizədlər üçün ərizə qəbulu mərhələsi müvafiq olaraq ötən il dekabrın 19 və 22-də başa çatıb. Müraciət edən namizədlərdən 86 nəfər bakalavriat, 457 nəfər magistratura, 73 nəfər isə doktorantura səviyyəsi üzrə olub.

Bildirilib ki, ilkin mərhələdə müraciətlərin sayının çoxluğu qeydə alınıb. Bununla yanaşı, müraciətlərin sayı və proqram üzrə rəqabətlilikdən asılı olmayaraq, ərizələrin dəyərləndirilməsi hər iki ölkə üzrə müvafiq elanlarda əvvəlcədən müəyyən edilmiş tələblər və meyarlar əsasında həyata keçiriləcək.

Növbəti mərhələdə yalnız ilkin seçimdən keçən namizədlərlə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri tərəfindən təyin edilmiş müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə müsahibələr təşkil olunacaq.