Patent müvəkkili statusu almaq istəyənlər üçün komissiya yaradılıb

Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi məqəsdilə Əqli Mülkiyyət Agentliyində Attestasiya Komissiyası yaradılıb.

Aznews.az xəbər verir ki, Bu barədə agentlikdən məlumat verilib.

Qeyd olunub ki, attestasiyadan keçmək istəyənlər tələb olunan sənədləri fevralın 18-dən martın 11-dək agentliyə təqdim edə bilərlər.

Sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kursu bitirənlər və ya bu sahədə ən azı iki il stajı olanlar, habelə hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il staja malik hüquqşünaslar patent müvəkkili kimi attestasiya oluna bilərlər.

Patent müvəkkiliyinə namizəd Azərbaycan vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamalı və Azərbaycan dilini bilməlidir.

Patent müvəkkili kimi attestasiya olunmaq istəyən şəxs copat.gov.az saytının "Patent müvəkkilləri" bölməsində göstərilən bank hesabına Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş 20 manat məbləğində haqq ödəməlidir.