Ermənistan: Biz Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan paytaxt İrəvana işgüzar səfərə gələn Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla görüşüb.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, Mirzoyan Azərbaycanla sülh sazişi danışıqlarına toxunub və Qazaxıstanın Almatı şəhərində xarici işlər naziri Ceyhun Bayramovla görüşün müsbət atmosferdə keçdiyini bildirib.

Mirzoyan qeyd edib ki, 1991-ci il Almatı Bəyannaməsi əsasında hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin müəyyənləşdirilməsi üzrə işlərin davam etdirilməsi lazımdır.

Mirzoyan bəyan edib ki, o, sözügedən bəyannamənin prinsiplərinin Azərbaycanla aparılan sülh sazişinə daxil edilməsinin uzun müddətdir davam edən regional münaqişəyə son qoymağa və Cənubi Qafqazda daimi sülhün bərqərar olmasına imkan yaradacağına inanır.

Sülhün mühüm tərkib hissəsinin bölgədə nəqliyyat marşrutlarının yenidən açılması olduğunu vurğulayan Mirzoyan, "Biz ilk mərhələdə Azərbaycanla dəmir yolu əlaqəsinin yenidən qurulmasında xüsusilə maraqlıyıq. Təbii ki, bütün infrastrukturlar bu müqavilənin altında olacaq. Keçdikləri ölkələrin suverenliyi, o ölkələrin yurisdiksiyasına görə fəaliyyət göstərəcək və təbii ki, tənzimləmələr də qarşılıqlılıq və bərabərlik prinsiplərinə uyğun olacaq",-deyə qeyd edib.

Mövsüm

Aznews.az