- Ermənistan və Gürcüstan
- 20:31
- 1 574
Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh yaranıb, bu, yeni mərhələnin başlanğıcıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.
Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - Paşinyan deyib.
Baş nazir vurğulayıb ki, əldə olunan razılaşmalar iki xalq arasında düşmənçilik səhifəsini bağlamaq üçün yol açır.
“Biz müharibəni bir alət kimi birdəfəlik rədd etdik və istisna etdik, bu isə yeni mərhələnin başlanğıcı deməkdir. Bu, yenidən nəzərdən keçirilməli olmayan və dəyişdirilməməli olan faktdır. Bu, iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır”, - siyasətçi bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanda insanlar sülh arzulayırdılar, lakin “sülh” sözünün özü çox vaxt tənqidlə qarşılanır, ondan istifadə edənlər isə bəzən qınanırdılar.
“Ona görə də sülh bizim üçün yad bir şeydir. Amma sizdən xahiş edirəm: gəlin bu reallığı qiymətləndirək. Bu o deməkdir ki, sülhün nə olduğunu və onun necə göründüyünü sıfırdan öyrənməliyik”, - o deyib.