“Xocalı faciəsi hərbi cinayətdir” “Xocalı faciəsi hərbi cinayətdir”
  • Paytaxt
  • 25 Fevral 2020 14:20
  •  2 797

“Xocalı faciəsi fotolarda” – YAP-da sərgi

“Xocalı faciəsi hərbi cinayətdir”

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub.

AzNews.az xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycan xalqının tarix boyu faciələrlə üzləşdiyini bildirib: “28 il öncə baş vermiş Xocalı qətliamı isə Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir. Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Xocalı faciəsi hərbi cinayətdir. Çünki qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, Xocalı soyqırımı XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Azərbaycan xalqı bu faciəni unutmur və heç zaman unutmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımıza çevrilib. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır”.

Ə.Əhmədov qeyd edib ki, bu qətliamı törədənlər hələ də cəzalarını almayıblar: “Bizi narahat edən odur ki, bu qətliamı törədənlər hələ də cəzalarını almayıblar. Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, amma bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzasını alsınlar, qanun qarşısında cavab versinlər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamına lazımi qiymət verməyiblər. Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyanın böyük əhəmiyyəti var. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırıma siyasi qiymət versin. Bunun üçün hər bir vətəndaşın, o cümlədən gənclərin üzərinə vəzifələr düşür. Biz bir millət kimi səfərbər olaraq bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.

Qeyd edək ki, tədbirdə Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov, Azərbaycan Dillər Universitetinin tələbəsi, Xocalı sakini Ləman Həsənova çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bildiriblər.

Ləman Hüseynzadə

image description image description image description image description image description