"Azad olunmuş ərazilərdə bərpa işlərində ABŞ şirkətlərini də görmək istərdik” - İlham Əliyev

Bunu Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda qeyd edib

“Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib”.

Aznews.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda qeyd edib.

Dövlət başçısı qeyd edib ki, münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaradıb, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırıb: “Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik”.