• Paytaxt
  • 28 Sentyabr 16:40
  •  2 139

Əlcəzairdə Anım Günü münasibətilə tədbir keçirilib

Vətən müharibəsi qəhrəmanları Əlcəzairdə yad edilib

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyində 27 Sentyabr - Anım Günü münasibətilə tədbir və sərgi keçirilib.

Səfirlikdən AzNews.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan diplomatik nümayəndəliyi, Türkiyənin Əlcəzairdəki səfiri Mahinur Özdemir Göktaş, Pakistanın Əlcəzairdəki səfiri Ata Ul Munim Şahid, Sudanın Əlcəzairdəki səfiri Əl-Abid Muhamməd Əl-Abid , Əlcəzairdəki Azərbaycan vətəndaşları, Əlcəzair Universitetinin professoru Huri Yusif iştirak edib.

Tədbirdə Azərbaycan və Əlcəzairin dövlət himnləri səsləndirilərək, şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Anım günü ilə bağlı səfirliyin müvəqqəti işlər vəkili Rafael Bağırov çıxış edib.

O çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi, torpaqların Ermənistanın işğalından azad edilməsi ilə bağlı danışıb.

Azərbaycanın keçdiyi 30 illik mübarizə yolunda Azərbaycan Respublikası Prezidentinin məharətli, qətiyyətli və uzaqgörən qərarlar qəbul etməsinin mühüm əhəmiyyəti, Azərbaycan xalqının birliyi və rəşadətli əsgərlərimizin qəhrəmanlığı haqqında məlumat verərək, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərbi cinayətləri pisləyib.

R. Bağırov Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq əlaqələri, o cümlədən Əlcəzair gənclərinin Əlcəzair Universitetindən Əlcəzair XİN-nə qədər dəstək yürüşü təşkil etməsi, habelə Əlcəzairin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi barədə mətbuata məlumat verib.

Səfirlikdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində “ İşğaldan əvvəl və işğaldan sonra” adlı sərgi nümayiş olunub.

Sərgidə Azərbaycan ərazilərindəki dağıdılmış şəhərlər və kəndlər, tarixi abidələr, məscidlər nümayiş etdirilib.

44 günlük müharibə zamanı Azərbaycan əsgərinin igidliyini göstərən tablolar, bannerlər, broşura və kitabçalar tədbir iştirakçılarına təqdim edilib.

Səfirlik tərəfindən açılan başsağlı kitabçasına 20-yə qədər ölkənin Əlcəzairdəki səfirlik və diplomatik missiyaları tərəfindən məktublar daxil olub.

Eyni zamanda səfirlik tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar bəyanatı Əlcəzair Xarici İşlər Nazirliyinə və mətbuat orqanlarına təqdim edilib.

Şəbnəm Zahir

image description image description image description